Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva tədbirdə çıxış edərək bildirib ki, Abay Kunanbayev XIX əsr qazax yazılı ədəbiyyatında şeirə mövzu, forma, dil, üslub, vəzn yenilikləri gətirmiş qüdrətli söz ustadıdır. 2020-ci ilin TÜRKSOY tərəfindən “Abay ili” elan edildiyini xatırladan akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda Abay yaradıcılığı ilə bağlı tədqiqatlar aparıldığını və hazırkı elmi sessiyanın da İnstitutun bu istiqamətdə mühüm addımlarından olduğunu deyib.
Tədbirdə Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Elman Quliyev “Abay Kunanbayevin lirikası” mövzusunda məruzə edib. Şairin lirik yaradıcılığı barədə ətraflı danışan E.Quliyev Abay Kunanbayev poeziyasının rəngarəng mövzu dairəsi olduğunu, onun əxlaqi-didaktik şeirlərində təhsil, elm və tərbiyə məsələlərinin əks olunduğunu, həmçinin mənəvi-əxlaqi meyarların müəyyənləşdirildiyini qeyd edib. Məruzəçi bildirib ki, Abay Kunanbayev klassik poeziya və xalq şeiri ənənələrindən bəhrələnərək onlara yaradıcı yanaşmış, gözəl poetik nümunələr ərsəyə gətirmiş və onun şeirə dil, üslub, mövzu baxımından gətirdiyi yeniliklər qazax ədəbiyyatında yeni şeir ənənəsinin əsasını qoymuşdur.
Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Həşimova “Müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev və dünya ədəbiyyatı” mövzusunda məruzə edib. T.Həşimova bildirib ki, şair qazax folklorundan, qazax poeziyasından, eyni zamanda klassik Şərq poeziyasından bəhrələnərək qazax ədəbiyyatına yeniliklər gətirmişdir. Şairin dünyagörüşünün formalaşmasında Şərqin alim və şairləri qədər Qərb mütəfəkkirlərinin də rolu olmuşdur. Böyük maarifçi Abay Kunanbayevin Şərq və Qərb ədəbi mühitinə necə daxil olmasından danışan məruzəçi, onun şeir yaradıcılığının ilk dövründə Şərqin böyük mütəfəkkirləri sırasında böyük Nizami və Füzulinin sənəti və şəxsiyyəti qarşısında hesabat verdiyini bildirib, şair kimi formalaşmasında onların sənətinin böyüklüyünü qeyd etməsinə dair nümunələr gətirib.
Sessiyanın sonunda məruzələr ətrafında müzakirələr aparılıb.
