AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev BBC - Arabicə canlı yayımda növbəti müsahibəsini verib. Müsahibədə o, 28 il çəkən işğaldan sonra rəsmən Azərbaycana geri qaytarılan Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmış erməni əhalinin təxliyəsi üçün Ermənistan tərəfinin 10 gün əlavə vaxt istədiyini, Azərbaycan tərəfinin isə hümanist dəyərlərə söykənərək bu xahişi qəbul etdiyini qeyd edib. E.Mustafayev qeyri-qanuni məskunlaşmış ermənilərin Kəlbəcəri tərk edərkən mənzillərə od vurduğunu, ağacları kəsdiyini, qədim Azərbaycan abidələrini dağıtdığını ərəb dünyasına çatdırıb. Habelə, müsahibədə ermənilərin təxliyəsi bitdikdən sonra Azərbaycanın azərbaycanlı köçkünlərin öz dədə-baba yurdlarına geri dönməsi üçün şərait yaradacağını vurğulayıb. Azərbaycanlı şərqşünas BBC radiosuna da son hadisələrlə bağlı müsahibə verib. E.Mustafayev öz müsahibəsində ermənilərin Azərbaycan ekologiyasına, həmçinin maddi və mənəvi abidələrinə vurduğu zərərlər haqqında ətraflı məlumat verib.