Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunun kollektivinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti

11 Noyabr 2020

“Möhtərəm cənab Prezident, Ali Baş Komandan!
Sizin rəhbərliyiniz altında müzəffər Azərbaycan ordusu cari il sentyabrın 27-dən başlayan və 44 gün davam edən döyüşlərdə şanlı zəfər qazanaraq 30 ilə yaxın müddətdə torpaqlarımızın 20 faizini işğalda saxlayan mənfur düşmənin – Ermənistanın ordusunu darmadağın edərək təslim olmağa məcbur etdi. Sizin 17 il ərzində çoxşaxəli daxili və xarici siyasətiniz sayəsində əldə edilən uğurlara söykənən və Sizin rəhbərliyiniz altında qüdrətli bir orduya çevrilən, vətənpərvər, cəsarətli əsgər və zabitlərdən ibarət Azərbaycan Silahlı Qüvvələri bir-birinin ardınca Azərbaycanın 300-ə yaxın yaşayış məntəqəsini, o cümlədən 5 şəhərini, bu sırada noyabrın 8-də Qarabağın ürəyi olan Şuşa şəhərini düşmən işğalından döyüşərək azad etdi. Qüdrətli Azərbaycan ordusunun qarşısında tab gətirə bilməyərək təslim olan Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-da məğlubiyyətini etiraf edərək məlum bəyanata imza atdı.

 

Bununla da doğma torpaqlarından didərgin düşən məcburi köçkünlərimizin, ümumiyyətlə bütövlükdə Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyuldu. Uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bir sıra dünya dövlətləri Sizin diplomatik uğurlarınız, hərtərəfli düşünülmüş siyasətiniz sayəsində haqq mübarizəsini aparan Azərbaycan Ordusunun rəşadətli əsgərlərinin misilsiz döyüşkənliklə həyata keçirdikləri hərbi əməliyyatları sadəcə kənardan izləmək məcburiyyətində qaldılar.
İnanırıq ki, Sizin müdrik rəhbərliyiniz altında və titanik fəaliyyətiniz nəticəsində əldə edilən bu möhtəşəm qələbə xalqımızın tarixinə Qızıl hərflərlə yazılacaq!
İndi xalqımızın həyatında yeni dövr başlayır, möhtəşəm Böyük Qayıdışın ərəfəsindəyik. Qarabağın mənfur düşmən tərəfindən viran edilən şəhərlərini, kəndlərini bərpa etmək üçün Sizin rəhbərliyiniz altında quruculuq işlərinə başlayacağıq.
Biz Azərbaycanın bu şərəfli tarixini yazan Azərbaycan Respublikasının Prezidentinə, rəşadətli əsgər və zabitlərimizə möhtəşəm qələbə sevincini bizə yaşatdıqlarına görə öz dərin təşəkkürümüzü bildiririk, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi önündə ehtiramla baş əyirik.
Eşq olsun Azərbaycan Prezidentinə,  Ali Baş Komandana!
Yaşasın Azərbaycan ordusu!
Eşq olsun Azərbaycan xalqına!  
Qarabağ Azərbaycandır!!!”

Download Template Joomla 3.0 free theme.