Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunun əməkdaşları Qarabağ həqiqətlərini dünyanın ərəbdilli ictimaiyyətinə çatdırırlar

18 Oktyabr 2020

Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasət, son həftələrdə həyata keçirdikləri təxribatlar, cəbhə bölgəsindən uzaq şəhər və rayonlarda dinc əhalini qadağan olunmuş raketlər vasitəsilə atəşə tutması barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq böyük əhəmiyyətə malikdir.

Bu gün həm döyüş meydanında, həm diplomatik savaşda düşmənə yerini göstərən Azərbaycanın informasiya sipərinin yarılması istiqamətindəki fəaliyyətində Şərq ölkələrinə həqiqətləri çatdırmaq missiyasını üzərinə götürən şərqşünas alimlərimizin xidmətləri təqdirəlayiqdir. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları son günlərdə intensiv şəkildə Şərq ölkələrinin, ələlxüsus da ərəb ölkələrinin, eləcə də Avropanın, Amerikanın ərəbdilli  televiziya, radio kanallarına, informasiya portallarına çıxaraq,  Qarabağda baş verən hadisələr barədə həqiqətləri, Ermənistanın təxribatları, insanlıqla bir araya sığmayan vəhşilikləri barədə məlumatları dünyanın ərəbdilli ictimaiyyətinə çatdırmaqdadırlar.



Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın "Ermənistan rəhbərliyinin yürütdüyü işğal siyasəti" adlı məqaləsi bu günlərdə İordaniya Haşimilər Krallığının geniş oxucu kütləsinə malik "Neyruz" xəbər agentliyi tərəfindən dərc olunub. Eyniadlı məqalə həmçinin Misir Ərəb Respublikasının "əl-Diplomasi”, “Asiya əl-youm” və “əl-Vəsilə” informasiya portalları, Körfəz ölkələri üzrə ixtisaslaşmış “Nəbz”, “Şərq”, “Şəfəq” informasiya mobil tətbiqləri vasitəsilə geniş oxucu kütləsinə çatdırılıb. Akademik G.Baxşəliyeva məqalədə Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni və qətnamələrdə Ermənistan hərbi-siyasi hakimiyyətinin Azərbaycanın qədim torpaqlarının işğalını pisləyən müddəaları, həmçinin işğalçı hərbi birləşmələrinin işğal olunmuş əraziləri dərhal tərk etməsi ilə bağlı tələbləri diqqətə çəkib, Ermənistanın işğal siyasəti, həyata keçirdiyi hərbi təxribatlar, Ermənistan hərbi qüvvələrinin dinc əhalini ağır silahlardan atəşə tutması, təxribat xarakterli hücumlar nəticəsində mülki əhaliyə dəymiş mənəvi və maddi zərərlər haqqında söhbət açıb, eləcə də keçən əsrin əvvəllərindən başlayaraq dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımlar haqqında geniş məlumat verib, 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı faciəsinə toxunuraq erməni hərbi birləşmələrinin yerli əhaliyə qarşı törətdiyi soyqırım haqqında faktları qeyd edib.

“əl-Diplomasi”də Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı da Qarabağ həqiqətlərini ərəb oxucularına çatdırmağa çalışıb. Şərqşünas alimin “Ermənistan-Azərbaycan münaqişəsi: Tarix və müasir yanaşma” sərlövhəli məqaləsində faktlar əsasında Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olması, 30 ilə yaxındır ki, Ermənistanın işğalı altında qalması, təcavüzkar ölkənin BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərə məhəl qoymaması barədə ətraflı məlumat verilib.

İnstitutunun elmi əməkdaşı Elnur Mustafayevin son həftələrdə bu sahədə fəaliyyəti daha intensivdir. Şərqşünas alim əsasən televiziya və radio kanallara ərəbcə müsahibələr verir, Qarabağda son günlərdə baş verənləri şərh edir, Rusiya və Ermənistan nümayəndələri ilə teledebatlara çıxır. Şərqşünas alim bəzən eyni gündə bir neçə fərqli kanalda canlı efirə çıxır. O, “BBC Arabic” televiziyası və radiosunun “Xəbərlər” verilişlərində demək olar ki, hər gün çıxış edir.

Bu verilişlərdə çıxışlarında E.Mustafayev erməni hərbi qüvvələrinin təxribat xarakterli hücumlarından söhbət açıb, Azərbaycanın cəbhə xəttindən uzaq şəhərlərinə raket atəşləri nəticəsində mülki əhaliyə dəymiş zərərlər, Gəncə şəhərində çoxsaylı insan ölümü, xüsusilə də azyaşlı uşaqların dünyasını dəyişməsi haqqında ətraflı məlumat verib. Alim Ermənistanın Qarabağ ərazisini işğal etdiyini, Azərbaycan tərəfinin 30 il danışıqlar masasında əyləşdiyini, buna rəğmən Ermənistanın məsələnin həlli ilə bağlı sülh danışıqlarından boyun qaçırdığını və Azərbaycana qarşı  yeni torpaq iddiaları irəli sürdüyünü qeyd edib. Azərbaycanlı şərqşünas Ermənistan tərəfinin bu təxribatlarla münaqişənin sərhədlərini genişləndirmək istəklərini diqqətə çatdırıb.

Elnur Mustafayev həmçinin ABŞ dövlətinə məxsus, ərəb dilində fəaliyyət göstərən “Hurra” televiziya kanalında “Axşam xəbərləri” verilişində, ərəb dünyasının kifayət qədər nüfuzlu TV kanallarından biri, Livan Respublikasına məxsus “Məyadin” televiziya kanalında, İraqın Nücəba TV kanalında, mərkəzi Londonda yerləşən “əl-Arabi” kanalında Azərbaycanın haqq səsini çatdırıb.

Alimimizin xüsusən “Hurra”, “BBC Arabic” və  “əl-Arabi” telekanallarında teledebatlara qatılmasını qeyd etməyə dəyər. “Hurra”da Ermənistandan dəvət olunmuş qonaqların da iştirak etdikləri teledebatda E.Mustafayev tarixə və beynəlxalq hüquqa əsaslanan faktlar gətirməklə Ermənistanı təmsil edən opponentini üstələyib. Bununla yanaşı, o, debat zamanı müharibənin Ermənistan ərazisində deyil, bütün hüquqi və beynəlxalq qərarların təsdiq etdiyi Azərbaycan ərazisində getdiyini, həmçinin Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan lehinə 4 qətnamə çıxardığını, regionda sülhün yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması ilə mümkün olacağını geniş ərəbdilli izləyici kütləsinə çatdırıb.

“BBC Arabic”dəki teledebatda Ermənistan və Rusiyadan qonaqlar da iştirak edib. Elnur Mustafayev Azərbaycanın şanlı ordusunun döyüş meydanında qazandığı uğurları, Ermənistan dövlətinin atəşkəsdən istifadə edərək hər bir vəchlə öz mənfur niyyətlərini həyata keçirməsini izləyicilərə çatdırıb. Şərqşünas alim həmçinin beynəlxalq təşkilatların və bütün dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını vurğulayıb. Ermənistanı təmsil edən qonağın əsassız iddiaları aparıcı tərəfindən də etirazla qarşılanıb.

“əl-Arabidə” də azərbaycanlı şərqşünas debat zamanı Rusiya və Ermənistandan dəvət olunmuş ekspertlərin əsassız danışıqlarına cavab olaraq, tarixi və diplomatik faktları qeyd etməklə geniş ərəbdilli izləyici kütləsini maarifləndirib.

Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırov bir sıra informasiya vasitələrinin təşkil etdikləri vebinarlarda mühazirəçi qismində çıxış edib. Ərəbşünas alim Livanın U.NEWS xəbər agentliyinin təşkil etdiyi vebinarda əsas mühazirəçi olub. Mühazirədə o, Azərbaycan Respublikasının Qarabağla bağlı legitim siyasəti, ordumuzun cavab həmləsi haqda çıxış edib, livanlı ekspertlər və media qurum üzvlərinin məsələ ilə bağlı suallarını cavablandırıb. Mərkəzi Tehranda yerləşən "İslami Media Qurumları Birliyinin" London ofisinin Qarabağ münaqişəsilə bağlı təşkil etdiyi virtual mühazirədə ərəb dilində çıxış edən S.Bağırov ərəb və farsdilli ekspertlərin suallarını cavablandırlb. S.Bağırov həmçinin Cari Qarabağ döyüşləri başlayandan Rusiya Ədliyyə Nazirliyinin qeydiyyatından keçmiş “İnterAz” telekanalının saytının ərəb dili versiyasında Qarabağ döyüşləri və ölkəmizin haqq mövqeyi ilə bağlı gündəlik 3-4 xəbər yazaraq yerləşdirir.

S.Bağırov həmçininn  İraqın “Əl-Afaq" və İranın ərəbdilli “əl-Aləm” telekanallarına müsahibə verərək Azərbaycan respublikasının haqq mövqeyini izləyicilərə çatdırıb, Ermənistanın atəşkəsin elə birinci günündə Gəncəni raket atəşinə tutmasından danışıb.

Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov Ermənistanın işğalçı və soyqırımı siyasətinin son 100 ildə təzahürü barədə məlumatları, bu faktları təsdiqləyən sənədləri ərəbdilli oxuculara çatdırıb. E.Məmmədovun “Erməni yalanlarını ifşa edən iki tarixi sənəd” adlı məqaləsi Qətərin “Arabi21” saytında yayımlanıb. Məqalədə Dağlıq Qarabağın statusuna dair erməni yalanlarını ifşa edən iki tarixi sənədin tərcüməsi və izahı öz əksini tapıb. Sənədlərin birincisi Rusiya Kommunist Bolşevik Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun plenum iclasının protokolu, digəri isə  Rusiya Kommunist Bolşevik Partiyası Qafqaz Əyalət Komissarlığının üzvü, erməni əsilli A.Mikoyanın Rusiya Kommunist Bolşevik Partiyası Mərkəzi Komitəsi və Sovet Xalq Komissarlığının sədri V. Leninə məktubudur. Hər iki sənəd qəti surətdə təsdiqləyir ki, Qarabağ Azərbaycanın tarixi ərazisi olub, heç vaxt ərazi inzibati vahidi olaraq Ermənistanın tərkibində olmayıb.

Həmçinin Elvüsal Məmmədovun Misirin aldiplomasy.com saytında “XX əsrdə azərbaycanlıların Ermənistandan deportasiyası” adlı məqaləsi dərc olunub. Məqalədə azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyasının üç mərhələsindən söz açılır, xüsusən 1948-53-cü illər depotasiyasına diqqət çəkilir, bu deportasiyanı əks etdirən tarixi sənəd qoşma kimi əlavə edilir.

Şərqşünas alimlərin informasiya müharibəsi müstəvisində ərəb dünyasına Qarabağ həqiqətlərinin çatdırılması sahəsindəki səmərəli fəaliyyəti davam edir və onlar planetin ərəbdilli ictimaiyyətini mütəmadi olaraq bu sahədə informasiya ilə təmin edirlər.

Vüqar Məmmədov,

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Download Template Joomla 3.0 free theme.