- Cənab Prezident, təbii ki, müsahibəmizə bölgədəki vəziyyətlə başlayacağıq. Dünən Ermənistan yenə mülki şəxsləri hədəfə aldı. Tərtərdə bir məzarlıq hədəfə alındı və 3 azərbaycanlı qardaşımız şəhid oldu. Siz bu hücumu necə dəyərləndirirsiniz?
- Bu, erməni faşizminin növbəti təzahürüdür. Onlar adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bunu biz birinci Qarabağ savaşında da gördük. Məhz Xocalı soyqırımını törədənlər bizim həmin mənfur qonşularımızdır.
Bu dəfə də görəndə ki, artıq döyüş meydanında Azərbaycan Ordusu qarşısında acizdirlər və işğal edilmiş torpaqlarda bizə qarşı müqavimət göstərə bilmirlər, onlar yenə də mülki vətəndaşları hədəfə aldılar və namərd hücum nəticəsində bizim insanlarımız həlak oldular, həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqda. Bu insanların dəfn mərasimində iştirak etdikləri bir yerdir, hər bir insan üçün müqəddəs bir yer sayılır. Ancaq bizim mənfur qonşularımız üçün müqəddəs anlayışı görünür ki, yoxdur. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar bizi yolumuzdan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz. Biz öz ərazi bütövlüyümüzü bundan sonra da bərpa etməyə davam edəcəyik.
- Təbii ki, Azərbaycan mülki şəxslər məsələsində olduqca diqqətli, çox dəqiq davranır. Bu ana qədər bir erməni mülki şəxsin belə burnu qanamadı. Ancaq indiyədək 46 azərbaycanlı qardaşımız şəhid oldu. Qərbə baxdığımız zaman, Qərb bu qətliamlara münasibətdə niyə səssizdir?
- Təəssüf ki, mülki şəxslər arasında insan itkisi davam edir, artıq 47 nəfər oldu və 222 mülki şəxs yaralandı, 2 minə yaxın ev ya tamamilə dağıldı, ya da ki, böyük ziyan gördü. Mən bunu demişdim, biz bu insanların qisasını döyüş meydanında alacağıq. Biz heç zaman mülki şəxslərə qarşı atəş açmamışıq, bu gün də açmırıq, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Bu gün səhər saat 6-dan 8-ə qədər, - indi saat 9:10-dur, - Tərtər, Ağdam, Goranboy və digər rayonlara 220-dən çox mərmi düşüb. Yəni, bu namərd hücumlar davam edir. Onların əsas hədəfi mülki şəxsləri öldürmək, Azərbaycan əhalisi arasında panika, qorxu yaratmaq, bizi dayandırmaq və öz çirkin niyyətlərinə çatmaqdır. Ancaq görürlər ki, bu, alınmır və nə qədər mərmi düşürsə-düşsün Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyümüzün bərpa edilməsidir.
O ki qaldı, toxunduğunuz ikinci məsələyə - niyə Qərb səssiz qalır? Biz bunu birinci Qarabağ savaşında gördük. Ermənistan bizə təcavüz etdi, Ermənistan bizim torpaqlarımızı işğal etdi, Ermənistan bizim xalqımıza qarşı soyqırımı törətdi, ancaq sanksiyalar Azərbaycana tətbiq edildi. O zaman – 1992-ci ildə, 1993-cü ildə Qərb mətbuatında belə bir təsəvvür yarandı ki, sanki Azərbaycan işğalçıdır, Azərbaycan təcavüzkardır, Ermənistan isə bu təcavüzün qurbanıdır. Bu gün də bunu az miqdarda, az həcmdə görürük. Çünki artıq həqiqəti danmaq, gizlətmək mümkün deyil.
- Cənab Prezident, 1993-cü ildə, xüsusilə noyabr ayında yenə o dönəmdə atəşkəs elan edilmişdi. Atəşkəsi yenə Ermənistan pozmuşdu, qətliamlar törətmişdi. İndi baxdığımız zaman atəşkəsi pozan yenə Ermənistandır. Bu atəşkəslə Azərbaycan Ordusunun irəliləyişinin dayandırılmasımı istənilir?
- Bilirsiniz, bu, onların taktikasıdır. Atəşkəsi istəyən Ermənistan oldu. Onlar görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmirlər, onları saxlaya bilmirlər, onlar atəşkəs üçün müraciət etdilər. Bizə də belə müraciət gəldi, - bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, - biz də dedik ki, humanitar məqsədlər üçün, cəsədlərin dəyişdirilməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. Amma, eyni zamanda, Moskva açıqlamasında bu, göstərildi ki, müzakirələr mahiyyət üzrə bərpa edilməlidir. Həmçinin müzakirələrin formatı da dəyişməz qalmalıdır. Ancaq görünür ki, onlar bu atəşkəsdən istifadə etmək istəyiblər, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər. Ondan sonra bizim digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Ona görə bu, onların taktikasıdır. Görünür, onlara bu atəşkəs ona görə lazım idi ki, öz qüvvələrini toparlasınlar, səfərbərlik tədbirləri görülsün və bizə yeni hücum təşkil edilsin. Çünki bu atəşkəsdən sonra onlar Hadrut qəsəbəsini yenə də işğal altına almaq istədilər, üç dəfə oraya hücum etdilər. Amma üç dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə, öz işğalçılıq siyasətini davam etdirməkdir.
- Bu arada, “Hadrut hələ də bizdədir”, - deyə hazırda yalan təbliğat aparılır, qəbul edə bilmirlər.
- Bəli, bu günə qədər bu yalan təbliğatı aparırlar. Hadrutda artıq neçə gündür ki, Azərbaycan bayrağı dalğalanır. Hadrutun ətrafındakı yüksəkliklərin, təpələrin mütləq əksəriyyəti bizim nəzarətimizdədir. Əgər Hadrut götürülməsəydi, Xocavənd rayonunun kəndləri də götürülə bilməzdi, o zaman Füzuli rayonunun kəndləri də götürülə bilməzdi. Biz ancaq Hadrut istiqamətindən oraya irəlilədik.
- Cənab Prezident, humanitar atəşkəsin tətbiq edildiyi tarixdən etibarən xüsusilə İrəvanın hava limanına Rusiyadan, İrandan karqo təyyarələri ilə davamlı olaraq raketlər göndərilir. Bununla da, əslində, cinayət törədilir. Bu barədə, xüsusilə İran Prezidenti Ruhani ilə sərhəd qapısının bağlanması ilə bağlı danışdınız, Rusiya ilə də danışdınız, raketlərin göndərilməsi barədə. Bu silahlar ödənişsiz verilir. Bu baxımdan İran və Rusiyaya nə demək istərdiniz?
- İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansı bir məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə biz İran və Gürcüstan hökumətlərinə bir daha təşəkkürümüzü bildirmək istəyirik. Bizdə olan məlumata görə, Gürcüstan ərazisindən bu gün mülki təyyarələrlə, eyni zamanda, karqo təyyarələri ilə qaçaq yolla silah göndərilir.
Ermənistan bu yaxınlarda bir təyyarə satın almışdır. Bizdə olan məlumata görə, təqribən 30-40 milyon dollara almışdır. Bu təyyarəni alan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır, Karapetyan, Abramyan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri bizə qarşı vuruşmaq üçün Qarabağa muzdlu kimi göndərirlər. Eyni zamanda, bu “İl-76” təyyarəsinin alınması Ermənistana imkan verdi ki, o silahları qaçaq yollarla Ermənistana gətirsin. Çünki hər dəfə hərbi təyinatlı məhsullar göndəriləndə bu, bəyan edilir. Onların bəyanatlarında isə bu, mülki karqodur. Amma onun içərisində tank əleyhinə “Kornet” və “Konkurs” silahları, “İqla” hava hücumuna qarşı silahlar, eyni zamanda, bizdə olan məlumata görə, Rusiyada qaçaq yollarla alınmış raketlər göndərilir. Ona görə biz Beynəlxalq Mülki Aviasiya Təşkilatına rəsmən müraciət etdik ki, bu məsələni araşdırsın, bunu dayandırsın. Bu, beynəlxalq cinayət sayılır. Bu qaçaq silahların Ermənistana göndərilməsi qəbuledilməzdir.
Rusiya rəsmi orqanları tərəfindən də bizə açıqlama verildi ki, Rusiya Ermənistana silah göndərmir. Ona görə bizim fikrimizcə, bu silahları Rusiyada yaşayan erməni iş adamları, zəngin iş adamları qanunsuz yollarla bəzi hərbi zavodlardan alıb Ermənistana göndərirlər. Bu istiqamətdə araşdırmalar davam etdirilir.
- İndi isə, cənab Prezident, cəbhəyə “gedəcəyik”. Təbii ki, Azərbaycan və Türkiyə xalqları cəbhədən gözəl xəbərlər, gözəl müjdələr gözləyirlər. Mən xəritəni göstərmək istəyirəm, təbii ki, 18 min kvadratkilometrlik bir ərazidən bəhs edirik. Bu ərazi otuz ildir ki, işğal altındadır. Bu bölgələrin bu günə qədər neçə min kvadratkilometrlik sahəsi azad edilib? Hazırda Azərbaycan Ordusu irəliləyir, böyük zərbələr vurur. Deyirik ki, bu günə qədər erməni ordusu öz gücünün yarısını itirib. Rəqəm olaraq erməni ordusu nə qədər itkiyə uğradıldı? Bununla bağlı bir rəqəm öyrənə bilərikmi, cənab Prezident?
- Azad edilmiş torpaqları hesablamaq o qədər də çətin məsələ deyil, halbuki hər gün bu, dəyişir. Dünən mən yeni altı kəndin işğaldan azad edilməsi xəbərini Azərbaycan xalqına çatdırdım. Ondan əvvəlki gündə daha çox sayda kəndlər azad edildi. Bu proses davam edir. Demək olar ki, hər gün biz yeni əraziləri işğaldan azad edirik, hər gün yeni strateji yüksəklikləri azad edirik. Ona görə bu rəqəmlər dəyişir. Ancaq bu gün rəsmi qaydada verilən məlumat deməyə əsas verir ki, hansı bölgələr azad edildi.
İndi bu xəritədə, misal üçün, Hadrut yoxdur. Artıq Hadrut bizdədir. Füzulinin ətrafında kəndlərin mütləq əksəriyyəti bizdədir. Artıq Füzuli bizim gözümüzün qabağındadır. Ondan sonra cənub istiqamətində də irəliləmişik. Şimalda Murovdağ mövqeləri bizdədir, Suqovuşan bizdədir. Yəni, bütün istiqamətlər üzrə böyük uğurlar əldə etdik və bu proses davam edir. Hesab edirəm və əminəm ki, Azərbaycan xalqı bunu diqqətlə izləyir. Xüsusilə o kəndlərin sakinləri ki, o kəndlər işğaldan azad edilir, onlar üçün əlbəttə, bu, tarixi günlərdir.
- Yəni, orta hesabla təxminən neçə min kvadratmetr olur?
- Bunu demək istəməzdim. Çünki bu, hər gün dəyişən rəqəmdir. Ancaq bizim məqsədimiz ərazi bütövlüyümüzü tam bərpa etmək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldırmaqdır.
- Bəs, erməni itkiləri ilə bağlı rəqəmin nə qədər olduğunu deyə bilərsiniz?
- Bu rəqəmlər də hər gün dəyişən bir statistikadır. Yalnız 200-dən çox tank məhv edildi, 33 tank qənimət kimi götürüldü, onlar bizdə saz vəziyyətdədir. Hava hücumuna qarşı 35 OSA sistemi məhv edildi. Hava hücumuna qarşı çox müasir iki S-300 sistemi məhv edildi.
- Çox qiymətli, bahalıdır.
- Bəli, çox qiymətli, ondan sonra TOR, o da çox bahalı, o da hava hücumuna qarşı sistemdir. Təqribən 170 karqo maşını ya məhv edildi, ya da bizdədir. Həmçinin 16 komanda mərkəzi məhv edildi. Bizim hesablamalarımıza görə, bu günlər ərzində Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəydi və bu, davam edir. Mən demişəm və Ermənistan rəhbərliyinə də müraciət etmişəm, siz atəşkəsə əməl edin, bizə təqvim verin, torpaqlarımızdan çıxın, bu müharibə dayansın, siz də indi qalan silahlarınızı xilas edin. Yoxsa belə gedərsə, biz onların bütün silahlarını məhv edəcəyik.
- Ermənistanın insan itkisi nə qədərdir, cənab Prezident?
- İnsan itkisi barədə onların verdiyi rəqəmi, - mən mətbuatda gedən rəqəmi deyirəm, - təqribən 600-dən çoxdur. Amma bizdə olan məlumata görə, onlarda itki bundan bir neçə dəfə çoxdur.
- Yəni, Ermənistan az göstərməyə çalışır?
- Təbii.
- Amma cəbhədə vəziyyət fərqlidir.
- İndi əgər 200 tank məhv edilibsə, bu tankın içində olan əsgərlərin sayına baxın, artıq neçəyə çatır. Ondan sonra döyüş meydanlarında, komanda mərkəzlərində, digər qurğularda. O görüntülər var, onların texnikası necə məhv edilir, ona görə hansısa konkret rəqəm demək istəməzdim. Çünki mən hər zaman dəqiq rəqəmlərə sadiqəm, yoxlanılmamış rəqəmləri səsləndirmək istəmirəm. Amma təbii ki, 600-dən daha çoxdur.
- Yəni, Ermənistanın silahlarının yarısına yaxını yox edildi deyə bilərikmi, cənab Prezident?
- Biz bilmirik, onlarda nə qədər silah var. Amma bir sual ortaya çıxır ki, onlar bu silahları hansı pulla alıblar? Ermənistanın büdcəsi də, valyuta ehtiyatları bəllidir. Təkcə 17-18 gün ərzində onların 2 milyard dollarlıq silahları məhv edilib və hələ də silahları var. Məhv edilmiş bu silahlar yalnız işğal edilmiş torpaqlardadır. İndi Ermənistan ərazisində nə qədər silahlar var? Baxın, bunlarda nə qədər silah var? Haradan aldılar bunu, haradan bu pulu tapdılar? Təbii ki, bunlarda bu qədər pul yoxdur. Deməli, bunu havayı aldılar.
- Cənab Prezident, 18 oktyabr önəmli bir gündür. Azərbaycanın müstəqillik günüdür. Azərbaycan xalqı bu tarixdə Sizdən bir müjdə gözləyir, İnşallah. Qarabağla bağlı bir müjdəniz olacaqmı? Buradan “A Haber” ekranlarından bütün Türkiyəyə və azərbaycanlı qardaşlarımıza o müjdəni bölüşmək istərdinizmi?
- Bilirsiniz, bu, doğrudan da tarixi bir gündür. Çünki Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşdu. Müstəqilliyin ilk illəri bizim üçün çox ağır keçdi, faciəvi keçdi. Biz müstəqilliyimizi itirə bilərdik. Necə ki, 1920-ci ildə itirdik, cəmi iki il çəkdi. Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bu dəfə də Ermənistanın Azərbaycana təcavüzü, eyni zamanda, Azərbaycanın daxilində gedən çarpışmalar böyük böhrana səbəb oldu. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət sabitləşdi, sabitlik təmin edildi və Azərbaycan inamla inkişaf yoluna qədəm qoydu.
Ona görə 18 oktyabr tarixi bizim üçün çox əziz bir tarixdir. Ancaq bu müddətdə - bu 17-18 gün ərzində mən heç zaman bizim ordu qarşısında bu tarixdə bunu alacaqsan, o tarixdə bunu alacaqsan vəzifəsi qoymamışam. Çünki müharibənin öz qaydaları, öz qanunları var. Bizim üçün əsas məsələ ərazi bütövlümüzü bərpa etməkdir. Nə zaman müjdə veriləcək - 17-dəmi, 18-dəmi, 19-damı, bu, o qədər önəmli deyil. Önəmli odur ki, biz bunu edək, buna nail olaq. Eyni zamanda, biz bəzi kəndlər haqqında məlumatı bu gün də verə bilərik və bəlkə də olacaq. Ancaq ən önəmlisi strateji yüksəklikləri götürməkdir. Çünki bu yüksəklikləri götürərkən biz daha böyük əraziyə nəzarət edirik. Bundan sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatının daha da uğurlu olmasına şərait yaradırıq.
- Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah?
- İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi.
Bilirsiniz, bundan əvvəlki dövrdə danışıqlar masasında bir çox məsələlər var idi. Bəzi təkliflər ondan ibarət idi ki, yaxşı, Azərbaycan bu beş rayonu alsın, bununla kifayətlənsin. Qalanlar da qalsın, yəni, hər şeyi siz almaq istəyirsiniz, belə şey olmur, kompromis olmalıdır və sair. Ancaq mən heç vaxt buna getməmişəm. Beş rayonu alıb qalan rayonları sonraya, qeyri-müəyyən vaxta saxlayıb, məsələni bitmiş hesab etmək heç cür düzgün olmazdı. Ona görə müxtəlif mərhələlərdə vasitəçilər və bəzi beynəlxalq təşkilatlar təəccüb edirdilər ki, nə üçün İlham Əliyev buna razılaşmır. Axı, ona deyirik ki, indi beş rayon, halbuki Ermənistan indi görünür o beş rayonu da vermək istəmirdi. Ancaq belə təkliflər olub. Amma mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq. Bu, nə zaman olacaq?
- Yaxındamı, cənab Prezident?
- Onu, yəni, yaxın gələcək göstərər.
- İnşallah. Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz?
- Bilirsiniz, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır.
Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.
Əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik - siyasi, iqtisadi, diplomatik, hərbi. Bizim ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. Mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Ona görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər başa çatdıracağıq.
- Azərbaycan çox güclü bir ordu yaratdı. Birinci Qarabağ müharibəsində hava qüvvələri belə yox idi, ancaq indi artıq güclü bir hava qüvvələri, güclü bir ordu var. Təbii ki, “TB2” silahlı pilotsuz uçuş aparatları da bölgədə böyük bir güc oldu. Türkiyədən satın aldınız və hazırda istifadə edirsiniz. Silahlı pilotsuz uçuş aparatları müharibənin gedişini necə dəyişdirdi?
- Çox dəyişdirdi. Çünki bilirsiniz, Ermənistan 30 il ərzində işğal edilmiş o bölgələrdə bütün təmas xətti boyunca çox güclü istehkam qurmuşdu. Çox böyük mühəndis-istehkam işləri görmüşdü. Bəzi yerlərdə onların dörd müdafiə xətti var. Böyük xəndəklər qazıldı, digər mühəndislik işləri görüldü. Çox böyük beton plitələri vardır, sığınacaqlar vardır, bunkerlər vardır. Bir də bölgənin relyefi elədir ki, o, təbii istehkamdır. Çünki o dağlıq ərazidir və biz aşağıdan yuxarı gedirik. Hər bir ordu üçün bu, böyük çətinlikdir. Çətin bir iş və çox riskli bir işdir. Ona görə bizim bu istiqamətdə gördüyümüz işlər, əlbəttə ki, böyük qəhrəmanlıq tələb edirdi və biz düşmənin texnikasını dəqiq məhv etmək üçün mütləq pilotsuz uçuş aparatlarına möhtac idik. Çox şadıq ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi bu gözəl SİHA-ları və İHA-ları istehsal etməyə başlamışdır. Azərbaycan Türkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bildi. Mən artıq bunu söyləmişəm, yalnız Türkiyə istehsalı olan SİHA-larla bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edildi. Qalan bir milyardı da bizim hərbi vasitələrlə məhv edildi. Yəni, bu, müharibənin gedişatını çox dəyişdirdi.
- Bölgədə tunellərdən, laylı müdafiədən bəhs etdiniz. Əslində, biz onu Suriyadakı əməliyyatlarda görmüşdük. Bunlar PKK, PYD-nin istifadə etdiyi üsullardır. Otuz ildir bölgədə eyni üsuldan istifadə edilir. Bu baxımdan orada PKK-nın, PYD-nin bir dəstəyi varmı?
- Ola bilər. Bizdə bu toqquşmadan da əvvəl məlumat var idi ki, PKK-çılar orada düşərgə qurmuşlar. Çünki bilirsiniz, Dağlıq Qarabağ nəzarətsiz bir ərazi idi. Orada hər hansı bir beynəlxalq nəzarət mexanizmi yox idi. Çünki indi Ermənistan da, Azərbaycanda bir çox beynəlxalq təşkilatların üzvüdür. Orada nəzarət mexanizmləri də var, monitorinq də var. Bu isə boz bir sahə, yəni nəzarətsiz bir sahədir. Ona görə orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi. İstisna edilmir ki, onlar da bu istehkamların qurulmasında rol oynayır.
- Bölgədə neçə dənə PKK düşərgəsi var?
- Onu biz deyə bilmərik. Çünki onlar bir yerdə dayanmırlar, onlar yerlərini dəyişirlər. Amma kifayət qədər çox idi. Hər halda bu məlumat bizdə bu son toqquşmadan əvvəl də var idi. Bu gün erməni tərəfindən vuruşan, öldürülən insanlar arasında şübhəli insanlar da var. Hər halda Kanada pasportlu, Livan pasportlu insanlar var. Şəxsiyyətini müəyyən etmək mümkün olmayan insanlar var. Amma dəqiqdir ki, onlar erməni əsgəri deyil. Yəni, onlar muzdlulardır.
- Bölgədə xüsusilə Ermənistan öz ərazilərindən raket hücumları həyata keçirir. Öz ərazisindən hücumlara davam edərsə, Sizin üçün Ermənistan ərazilərinə əməliyyat haqqı yaranarmı?
- Xeyr, bizim belə fikrimiz yoxdur. Mən bunu dəfələrlə demişəm, bizim Ermənistan ərazisində hər hansı bir hərbi hədəfimiz yoxdur. Hərbi əməliyyatları Ermənistan ərazisinə keçirmək fikrimiz də yoxdur. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Biz, sadəcə olaraq, ölkə hüdudları çərçivəsində, beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən tanınmış qanuni Azərbaycan torpaqları çərçivəsində bu əməliyyatları aparırıq. Bu günə qədər biz Ermənistan ərazisinə keçməmişik.
Onu da bildirməliyəm ki, iyul ayında Ermənistan-Azərbaycan sərhədində bizə qarşı hücum təşkil edilmişdir. Ermənistan silahlı qüvvələri Tovuz bölgəsinə və onun müəyyən yerlərinə girə bilmişdir. Biz onları oradan rədd etdik, öz torpaqlarımızı qoruya bildik. Onları sərhəddən kənara atdıq. Ondan sonra da sərhədi keçə bilərdik. Yəni, bizim qarşımızda hər hansı bir ciddi maneə yox idi. Onsuz da bu döyüş də onu göstərdi ki, əgər burada biz keçə bilmişiksə, orada daha asandır. Çünki orada bu istehkamlar yoxdur. Amma bunu etmədik. Çünki biz hesab etdik ki, bu, düzgün olmaz. Biz öz torpağımızda özümüzü müdafiə edirik və işğalçıları öz torpaqlarımızdan qovmalıyıq. Ancaq, eyni zamanda, əgər onlar Ermənistan ərazisindən bizə qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməyi davam edəcəklərsə, - necə ki, Gəncəni onlar Ermənistanın Vardenis rayonundan vurdular, - bu, bizim üçün legitim, qanuni hərbi hədəflər olacaq. Bunu hər kəs bilsin.
- Türkiyədən və Pakistandan Sizə dəstək mesajları gəlir. Xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğan “Hər cür dəstəyi verməyi hazırıq” dedi. Bu baxımdan Türkiyə və Pakistandan hərbi dəstək istəyəcəksinizmi?
- Xeyr. Bizim belə bir fikrimiz yoxdur. Türkiyə və Pakistan bizə ilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan bizə açıq dəstək göstərdi. Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. Ən çox dəstək göstərən qardaş Türkiyə olmuşdur. Mənim qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilk saatlardan çox dəqiq və çox qəti mesajlar verdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizi daha da ruhlandırdı. Ancaq hərbi dəstəkdən söhbət gedə bilməz. Buna ehtiyac yoxdur. Bu gün Ermənistanın baş naziri tərəfindən uydurulan yanlış məlumat, əlbəttə ki, beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib. Misal üçün, dünən Rusiya televiziyasına verdiyi açıqlamasında demişdir ki, Azərbaycan tərəfində Türkiyə vuruşur, Pakistan vuruşur, Suriyadan, Liviyadan olan əsgərlər vuruşur. Bunlar hamısı yalandır. Bu yalanı ifşa etmək o qədər də çətin məsələ deyil.
Toqquşmaların ilk günündə demişdilər ki, Ermənistanın Su-25 təyyarəsini Türkiyənin F-16 təyyarəsi vurmuşdur. Biz dedik ki, sübut verin. Verə bilmədilər. Sonra hər kəs gördü ki, bu, yalandır. İndi bunu artıq demirlər. İndi yeni yalan ortaya atırlar ki, guya Pakistan və türk əsgərləri bizimlə bərabər vuruşurlar. Sübutlar versinlər. Yoxdur, bu. Sadəcə olaraq, Ermənistan tərəfi birinci növbədə istəyir ki, Azərbaycan Ordusunun gücünü pərdələsin. Guya ki, Azərbaycan təkbaşına bunu edə bilməzdi. İkincisi, onun daha bir yalanı odur ki, guya bu toqquşma artıq bölgədən çıxıb, daha qlobal bir toqquşmaya çevrilib. Bu da yalandır. Bizim Türkiyədən, Pakistandan və başqa qardaş ölkələrdən aldığımız dəstək yalnız mənəvi və siyasi dəstəkdir.
-Cənab Prezident, Türkiyə və Azərbaycanın dostluğu, əlaqələri, yaxınlığı kimləri narahat edir?
-Bizi istəməyənləri. Türkiyənin gücünün artırılmasını istəməyənlər.
-Kimlər?
-Yəni, bunların kimlər olduğu bəllidir. Bir çox ölkələrdə belə dairələr var. Bu, islamofob dairələrdir. Təəssüf ki, bu gün Avropada islamofobiya artır. Kasıb ölkələrdən gələn qaçqınlara olan münasibət də göz qabağındandır. Ona görə islamofob partiyalar bu gün bir neçə Avropa ölkəsində parlamentdə yer alırlar. Radikal faşist partiyalar daha çox səs qazanırlar. Bu, çox təhlükəli bir meyildir. İlk növbədə, Avropa üçün təhlükəli meyildir. Çünki bu, irqçiliyə, ayrı-seçkiliyə, ksenofobiyaya, islamofobiyaya şərait yaradan bir meyildir. Eyni zamanda, islamofob qüvvələrlə yanaşı, Türkiyənin gücündən narahat olan dairələr var. Çünki bugünkü Ərdoğan Türkiyəsi 20 il əvvəlki Türkiyə deyil. Bunu biz də bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilirlər. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir. Bölgədə Türkiyənin iştirakı, razılığı olmadan hər hansı bir məsələ həll edilə bilməz. Suriya, Liviya, ondan sonra Aralıq dənizi – bütün bunlar onu göstərdi. Ona görə bunlar Türkiyənin gücünü istəməyən və bundan narahat olan qüvvələrdir. Bu, təbiidir.
-Cənab Prezident, birlikdən qüvvət doğar dediniz. Türkiyənin güclü olması nə üçün önəmlidir?
-Türk dünyası üçün ona görə ki, bu, böyük bir gücdür və bizi gücləndirir. Mən bunu dəfələrlə demişəm. Türkiyədə də demişəm, Azərbaycanda da. Əziz qardaşım Prezident burada olanda demişəm ki, Türkiyə-Azərbaycan birliyi bölgə üçün sabitlik gətirir. Əgər toqquşmaların ilk saatlarında Türkiyədən bu dəqiq mesajlar gəlməsəydi, bəlkə də bu işlərə başqaları qarışa bilərdi. Türkiyənin bu mesajları hər kəsə “dur” dedi. Azərbaycan tək deyil. Türkiyə işin sonuna qədər Azərbaycanın yanındadır. Əlbəttə ki, bu gün Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi amilə çevrilibdir və bu, müsbət amildir. Bizim birliyimiz hər hansı bir ölkənin maraqlarına qarşı deyil. Biz, sadəcə olaraq, öz maraqlarımızı müdafiə edirik, öz yolumuzu davam etdiririk. Heç kim bizim işimizə qarışmasın, heç kim bizim daxili məsələlərimizə burnunu soxmasın. Biz bunu istəyirik. Türkiyə bu günə qədər kimin işinə qarışıb? Heç kimin. Azərbaycan kimin işinə qarışıb? Heç kimin. Sadəcə, biz deyirik ki, bizə də dəyməyin, kənarda durun. Dost olaq, tərəfdaş olaq, işbirliyi edək. Amma sizinki sizdə, bizimki bizdə. Biz bunu istəyirik və buna haqqımız çatır.
-Qarabağ probleminin həllində Türkiyəsiz bir masadan həll yolu tapılarmı?
- Əslində, de-fakto Türkiyə artıq masadadır. Mən bunu söyləmişəm. Bu, reallıqdır. Bu gün Türkiyə digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir. Siz də bilirsiniz, Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin danışıqları olubdur. Eyni zamanda, iranlı həmkarları ilə Türkiyənin yüksək vəzifəli şəxslərinin əlaqələri olubdur, digər ölkələrlə. Ona görə Türkiyə de-fakto buradadır. Sadəcə olaraq, Minsk qrupu 1992-ci ildə təşkil olunduğu üçün, - onsuz da Türkiyə Minsk qrupunun üzvüdür, - o zaman bilmirəm hansısa səbəblərə görə həmsədr olmadı. Yəni, biz çox istərdik ki, bəri başdan Türkiyə həmsədr olsun. Ancaq o zaman Türkiyə özü bunu etmədi. Özü istəsəydi, məncə olardı. Çünki ona görə mən deyirəm, bugünkü Ərdoğan Türkiyəsi ilə o Türkiyə arasında böyük fərq var. Əgər həmsədr olsaydı, o zaman təbii ki, bu məsələ çoxdan həll olunardı. Ona görə biz deyirik ki, Türkiyəsiz bu məsələ həll olunmaz. Mən demirəm ki, Minsk qrupu artıq tarixdə qalsın. Yox, qoy onlar da çalışsınlar. Halbuki 30 il ərzində bir nəticəyə gəlmədilər. Amma Türkiyəni bu prosesdən kənardan saxlamaq həm düzgün deyil, həm də ki, mümkün deyil.
-Cənab Prezident, Minsk qrupunun həmsədri Fransanın münasibətini necə dəyərləndirirsiniz?
-Bilirsiniz, Fransanın son açıqlamaları hesab edirəm ki, müsbət açıqlamalardır. Eyni zamanda, mənim Fransa Prezidenti ilə son telefon danışığım da çox müsbət olubdur. Təbii ki, Fransa həmsədr kimi bitərəf olmalıdır. Mən bunu demişdim. Hər bir ölkənin başqa ölkə ilə xüsusi əlaqələri ola bilər. Yəni, milli səviyyədə hər bir ölkə sərbəstdir. Heç kim buna bir irad tuta bilməz. Ancaq həmsədrlik artıq başqa bir mexanizmdir. Bu, həmsədr olan ölkələrin üzərinə böyük məsuliyyət qoyur. Ona görə onlar bu mandat çərçivəsində gərək bitərəf olsunlar. Hesab edirəm ki, bu günə Fransanın addımları və yanaşması müsbətdir.
-Rusiya Xarici İşlər naziri Lavrov bir açıqlama verdi. Açıqlamasında Qarabağ bölgəsinə hərbi müşahidəçilər göndərə biləcəklərini söylədi. Buna razılıq verərsiniz?
-Bilirsiniz, eyni zamanda, Rusiyanın Prezident ofisində deyildi ki, bu, hər iki tərəfin – Azərbaycanın və Ermənistanın razılığı əsasında ola bilər. Yəni, bu, əslində, hər şeyi özü deyən bir məsələdir. Hər iki tərəf buna razılıq verməlidir, bu, birincisi. İkincisi, təməl prinsipləri arasında, - mən artıq bu məsələ ilə bağlı fikirlərimi bildirmişəm, - sülhməramlı qüvvələrin bölgəyə göndərilməsi məsələsi var, ancaq ən son mərhələdə. Torpaqlar işğaldan azad edilir, beş rayon, ondan sonra iki rayon, daha sonra Dağlıq Qarabağ ərazisinə və Şuşaya Azərbaycan əhalisi qayıdır. Ondan sonra sülhməramlı qüvvələr gəlir. Ona görə bu gün bu haqda danışmaq tezdir. Üçüncüsü, hansı ölkələr bu sülhməramlı qüvvələrin içində olacaq? Bu da hər iki tərəf arasında razılaşdırılmalıdır. Bu məsələ ilə bağlı müzakirələr prosesində hər hansı bir müzakirə olmamışdır. Hesab edirəm ki, Rusiya Prezident ofisindən verilən açıqlama tamamilə əsaslıdır. Hər iki tərəf buna razı olmalıdır. Bunun razılığı və bunun təqvimi verilməlidir. Bu gün fəal münaqişələr gedə-gedə bu haqda danışmaq bir qədər tezdir.
-Təbii. Ermənistanın işğal etdiyi Qarabağda zəngin yeraltı qaynaqlar var. Bilirik ki, Kəlbəcərdə zəngin qızıl yataqları var. Əslində, Ermənistanın əsl dərdi qızıl yataqlarıdırmı?
-Odur. Amma əsas onların bizə olan əzəli nifrətidir. Ermənistan faşizm siyasəti aparır, Türkiyəyə, Azərbaycana nifrəti aşılayır, uşaqlara türkləri düşmən kimi qələmə verir. Öz əhalisinin beyinlərini zəhərləyir. Yəni, Ermənistanın işğalçılıq siyasətinin təməlində bu dayanır. Əsas məsələ budur. Digər bölgələrin həm bitkiçilik, həm heyvandarlıq üçün çox münbit, çox gözəl torpağı var. Onlar bunu istismar edirlər. Kəlbəcərin qızıl yataqları. Onlar qanunsuz olaraq oranı istismar edirlər. Biz bütün o işdə onlara yardımçı olan və oraya investisiya yatıran şirkətlərə məktub göndərmişdik. Mən bu toqquşmadan əvvəl verdiyim açıqlamalarda demişdim ki, bütün bu xarici şirkətlərə son xəbərdarlıq edirik - ya dayandırın bu fəaliyyəti, ya da biz sizi məhkəməyə verəcəyik. Məhkəmədə bizim sözümüz keçəcək. Çünki bu, qanunsuzdur. Oradan çıxarılan qızılları Ermənistan aparır xaricə satır və pul qazanır. Orada çıxan təbii qaynaqları, bizim torpaqdan əldə edilmiş məhsulu onlar Ermənistana daşıyırlar. Ona görə burada bir çox hədəflər var. Əsas məqsəd bu torpaqları əbədi Ermənistanın tapdağı altında saxlamaqdır. Onlar buna da nail ola bilmədilər.
-Cənab Prezident, Paşinyanın atası Sorosdur dediniz.
- Doğrudur.
-İndi Azərbaycan bölgədə Soroslamı mübarizə aparır?
O cümlədən Sorosla. Əslində, mən dedim ki, Soros deyəndə, təkcə Corc Sorosu nəzərdə tutmuram. Bu, bir anlayışdır. Bu, bir hərəkətdır, bu, dağıdıcı bir hərəkətdir, bu, yırtıcı bir hərəkətdir. Bu, müstəmləkəçi bir hərəkətdir. Paşinyanın Sorosla o fotoşəklinə baxın, necə eybəcər fotoşəkildir. O, internetdə var. Durublar, bədənləri də yapışıb bir-birinə. Yəni, utancverici bir şəkildir, ikisi də gülür, ikisinin də üzündə təbəssüm. Bu şəkil faktiki olaraq Paşinyanın kim olduğunu göstərir. Çünki Ermənistanda çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu oldu və Paşinyan, əslində, hər zaman anti-Rusiya mövqeyində olub. Onun partiyasının adı ermənicə “Yolka”dır. Onu tərcümə etsək “Çıxış” deməkdir. Haradan çıxış? Rusiya ilə birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya Birliyindən. O millət vəkili olarkən hər zaman Rusiyanın əleyhinə idi, anti-Rusiya mövqeyində idi. Ona görə mən təəccüb edirəm ki, bu günə qədər Rusiyada bəzi siyasi dairələr onun tərəfini tuturlar. Axı o, ruspərəst qüvvələrə qarşı inqilab etdi, ruspərəst prezidentləri həbsə atdı, ruspərəst ana müxalifət partiyasının sədrini həbsə atdı. Hər şeyi Rusiyanın əleyhinə etdi, Rusiyanın “Qazprom” şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, - hansı ki, NATO tipli bir təşkilatdır, - erməni əsilli sədrini həbsə atdı. Yəni bu, Sorosun sözü ilə oturub-duran bir adamdır. Bir də ki, onun komandasına baxın, onların hamısı Soros Fondunun, Açıq Cəmiyyət Təşkilatının, “Amnesty International”ın nümayəndələridir. Yəni, Soros Ermənistanda hakimiyyətə gəldi, amma iflasa uğradı.
-Cənab Prezident, Türkiyədən hərbi baza istəyiniz oldumu? Bu məsələ ilə bağlı bir açıqlama verdiniz, Türkiyə hərbi baza yarada bilər dediniz. Bu məsələ ilə bağlı bir danışıq apardınızmı?
-Xeyr, bu məsələ ilə bağlı hər hansı bir danışıq olmamışdır, heç zaman olmamışdır və bu gün də belə bir məsələ yoxdur. Onsuz da Türkiyə ilə hərbi sahədə bizim işbirliyimiz gündən-günə möhkəmlənir. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm ki, keçən il 10 birgə hərbi təlim keçirilmişdir, həm havadan müdafiə, eyni zamanda, özəl komandalar, digər sahələr üzrə. Ona görə bu işbirliyi ən yüksək səviyyədədir və bazanın Azərbaycanda yaradılması məsələsi heç zaman müzakirə mövzusu olmamışdır.
-Cənab Prezident, Azərbaycan cəbhədə status-kvonu dəyişdi dediniz. Sizə təqdim edilən status-kvo nə idi və bundan sonra Azərbaycanın yeni status-kvosu nə olacaq?
-Status-kvo artıq yoxdur. Mən bu haqda öz sözlərimi dedim və bu, reallıqdır. Status-kvo nə idi? Torpaqların işğal altında saxlanılması demək idi. Baxmayaraq ki, Minsk qrupunun həmsədrləri bununla əlaqədar hələ 10 il bundan öncə çox müsbət açıqlama vermişdirlər ki, status-kvo qəbuledilməzdir. Praktik addım atılmamışdır və biz 30 il bu status-kvonun dəyişdirilməsini gözlədik ki, müzakirə prosesi nəticəsində buna nail ola bilərik. Amma olmadı. Ona görə döyüş meydanında biz bunu artıq məhv etdik. O artıq yoxdur. İndi Cəbrayıl şəhəri bizdədir, Cəbrayıl rayonunun kəndlərinin böyük hissəsi bizdədir. Füzuli rayonunun kəndlərinin də mütləq əksəriyyəti bizdədir. İndi biz Füzuli şəhərini də görürük. Hadrut bizdədir, Suqovuşan bizdədir.
- İndi Füzuli şəhərinin mərkəzini görə bilirsinizmi?
-Görürük, əlbəttə, görürük.
-İnşallah, yaxın zamanda oradan bir müjdə gələcək deyirsiniz.
-İnşallah. Yəni hansı status-kvodan söhbət gedə bilər. Status-kvo da yoxdur, təmas xətti də yoxdur. Onu da biz yardıq. Yəni, 30 il sülh yolu ilə müzakirə prosesi çərçivəsində edə bilmədiyimizi bax, bu günlər ərzində biz etdik.
-Cənab Prezident, Sizdən bir şeyi də soruşmaq istəyirəm. Müharibə hələ davam edir. Bu müharibədə Sizi ən çox kədərləndirən, ən çox sevindirən hadisələri soruşacağam. Yeri gəlmişkən, rəmzi bir foto, Gəncədə 4 yaşındakı Bəxtiyarın yaralı halda ikən gülümsəməsi. Bu foto bütün dünyaya əsl simvol oldu. Müsahibə aldıq, özü də nə dedi, dörd yaşındakı ağlı ilə dedi: “Qarabağ bizimdir, Azərbaycanındır!”
-Bəli.
- Cənab Prezident, Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu?
-Ən çox kədərləndirən bizim itkilərimizdir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, böyük faciədir, xalqımız üçün, onların yaxınları üçün, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür, istər mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların hamısı bizim soydaşlarımızdır, bizim övladlarımızdır, qardaşlarımızdır.
Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir, ikinci Ağdama, Füzuliyə çevirmək istəyir. Niyə sən bu mülki şəhəri atəşə tutursan? Bax, o dəfn mərasimi olsun. Bu gün səhər iki saat ərzində 200-dən çox mərmi atıldı. Niyə? Tərtərdə nə var? İnsanlar yaşayır. Yəni, bu erməni faşizmidir. Bir də ki, qorxutmaq istəyir. Bir də ki, fikri gedir 1990-cı illərə ki, onlar bizə hücum edirdilər, bizim ordumuz onların qabağında dura bilmirdi və bizim vətəndaşlar o bölgələri tərk edirdilər, qaçqın və məcburi köçkünə çevrilirdilər. O fikirlə yaşayırlar. Amma bilməlidirlər ki, indiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. Bizim insanlarımız mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!” Bax, məni ən çox sevindirən budur. Eyni zamanda, bununla bərabər, bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda görməyimdir. Məni ən çox sevindirən, bax, bunlardır.
-Cənab Prezident, Türkiyədə 83 milyon nəfər hər namazdan sonra Azərbaycan üçün dua edir. Bu duaları hiss edirsiniz. Buradan türk xalqına nə demək, nə mesaj göndərmək istəyərsiniz?
-Təbii ki, görürəm. Bu dualar və Azərbaycan xalqının duaları, bizim digər ölkələrdə yaşayan dostlarımızın, qardaşlarımızın duaları bizi qoruyur. Çünki biz haqq yolundayıq. Biz öz torpağımız uğrunda vuruşuruq. Ermənistan tərəfindən aparılan müharibə şər qüvvələrin müharibəsidir. Biz hər zaman Türkiyədən dəstək görmüşük, dəstək hiss etmişik. Son illər ərzində Türkiyə və Azərbaycan rəhbərliyi bizim ölkələrimizi bir-birinə o qədər güclü tellərlə bağlayıb ki, bu birlik, bu qardaşlıq sarsılmazdır. Bu günlərdə Türkiyədən mənə çoxlu məktublar gəlir. Yazırlar ki, “Cənab Prezident, mən də gəlməyə hazıram, mən də kömək etməyə hazıram”. Bunlar bizi çox duyğulandırır, çox sevindirir. Bizim birliyimiz bir daha bu çətin dönəmdə özünü büruzə verir. Ona görə bütün türk qardaşlarımıza dərin təşəkkürümü bildirirəm. Biz onların dəstəyini hiss edirik, görürük, bu dəstək bizə əlavə güc verir, bizim iradəmizi gücləndirir. Mənim əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan demişdi ki, “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır”. Bu, əslində, bizim birliyimizi təsvir edən ən gözəl ifadədir, ən gözəl kəlamdır.
-Cənab Prezident, mən də son olaraq Rəcəb Tayyib Ərdoğanı necə tərif edəcəyinizi soruşmaq istərdim.
- Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən. Təbii ki, mən bu işlərə qarışa bilmərəm. Amma bir insan kimi buna biganə qala bilmərəm. Çünki onun Türkiyə üçün gördüyü işlər genişmiqyaslıdır və bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Türkiyədə də bir çoxları bilir, amma bilməyənlər üçün də mən demək istəyirəm ki, onlar da görsünlər. Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm. Ona bundan sonra da müvəffəqiyyətlər diləmək istəyirəm. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik.
-Son sual, cənab Prezident, Türkiyə ilə bir ürək olmaq lazım olduğunu dediniz. Bu baxımdan Türkiyədə müxalifətdən Sizə dəstək mesajları gəldimi?
-Belə səylər oldu. Belə mesajlar gəldi. Bilirsiniz, mən elə insanam ki, hər şeyi necə var elə də deyirəm. Bu məsələdə diplomatiyaya ehtiyac yoxdur. Mənim üçün Türkiyədə əsas məsələ mənim qardaşıma olan münasibətdir. Kim ona yaxşı münasibət bəsləyir, o, mənim ürəyimdədir. Kim ona haqsız münasibət bəsləyir, kim ona qarşı çıxır, mənim ürəyimdə onlar üçün yer yoxdur. Dəstək göstərmək istəyən hər kəsə mən, əlbəttə ki, təşəkkürümü bildirirəm. Ancaq hesab edirəm, hər kəs bilməlidir ki, bu gün Ərdoğan olmasaydı, Türkiyənin başı böyük dərddə ola bilərdi. Bunu hər kəs bilsin, hər kəs anlasın. Bunu mən adi bir Azərbaycan vətəndaşı kimi deyirəm. Bunu siz bu gün 10 milyon Azərbaycan vətəndaşından eşidə bilərsiniz. Türkiyə-Azərbaycan birliyi möhkəmlənir. Ona görə bu birliyi təmin edən insanlar da gərək lazımi dəstək alsınlar hər bir yerdə, milli məsələlərdə. O ki qaldı, partiyalar arasındakı məsələlərə, o, başqa bir işdir. Milli məsələ var, milli məsələdə hər kəs gərək vətənpərvər olsun.
-Çox təşəkkür edirəm, cənab Prezident, bizə vaxt ayırdınız, suallarımızı cavablandırdınız.