AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev oktyabr ayının 11-də Bakı vaxtı ilə 22:00-da mərkəzi Londonda yerləşən “əl-Arabi” kanalında Rusiya və Ermənistandan dəvət olunmuş qonaqlarla birlikdə teledebatda da iştirak edib. Azərbaycanlı şərqşünas debat zamanı Rusiya və Ermənistandan dəvət olunmuş ekspertlərin əsassız danışıqlarına cavab olaraq, tarixi və diplomatik faktları qeyd etməklə geniş ərəbdilli izləyici kütləsini maarifləndirib. Bununla yanaşı, o, Qarabağın beynəlxalq qərarlar çərçivəsində Azərbaycana məxsus olduğunu, həmçinin tarixi faktların da bu ərazilərin Azərbaycanın qədim torpaqları olduğunu, ermənilərin bu ərazilərə Gülüstan və Türkmənçay müqaviləsi əsasında gəldiyini, müharibə başlandığı gündən etibarən Azərbaycan ordusunun uğurlar əldə etdiyini və münaqişə ilə bağlı digər məsələləri ətraflı şəkildə qeyd edib.