AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev oktyabr ayının 10-da BBC Arabic kanalında yayımlanan “Axşam xəbərləri” verilişində Ermənistan və Rusiyadan qonaqların iştirakı ilə 25 dəqiqə çəkən teledebatda iştirak edib. Azərbaycanlı şərqşünas tarixə və beynəlxalq hüquq prinsiplərinə əsaslanan faktları qeyd etməklə öz üstünlüyünü nümayiş etdirib. Elnur Mustafayev öz çıxışında müharibənin Ermənistan ərazisində deyil, Azərbaycan ərazisində getdiyini, müharibə başlandığı gündən etibarən Azərbaycanın şanlı ordusunun döyüş meydanında qazandığı uğurları, Ermənistan dövlətinin atəşkəsdən istifadə edərək hər bir vəchlə öz mənfur niyyətlərini həyata keçirmələrini izləyicilərə çatdırıb. Elnur Mustafayev həmçinin beynəlxalq təşkilatların və bütün dövlətlərin Azərbaycan ərazi bütövlüyünü tanıdığını, münaqişənin həllinin yalnız erməni hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarının tərk etməsi ilə mümkün olacağını qeyd edib. Debatda Ermənistanı təmsil edən qonağın əsassız iddiaları aparıcı tərəfindən də etirazla qarşılanıb.