AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev oktyabr ayının 9-da ABŞ dövlətinə məxsus, ərəb dilində fəaliyyət göstərən “Hurra” televiziya kanalında, Bakı vaxtı ilə 22:30-dan canlı yayımlanan “Axşam xəbərləri” verilişində Ermənistandan dəvət olunmuş qonaqların da iştirak etdikləri teledebata qatılıb. Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı tarixə və beynəlxalq hüquqa əsaslanan faktlar gətirməklə Ermənistanı təmsil edən opponentini üstələyib. Bununla yanaşı, Elnur Mustafayev debat zamanı müharibənin Ermənistan ərazisində deyil, bütün hüquqi və beynəlxalq qərarların təsdiq etdiyi Azərbaycan ərazisində getdiyini, həmçinin Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə BMT-nin Azərbaycan lehinə 4 qətnamə çıxardığını, bəyanatlarda Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərini dərhal tərk etməsi məsələsi tələb edildiyi, işğal nəticəsində bir milyondan çox dinc azərbaycanlı əhalinin qaçqın düşdüyünü, bundan əlavə erməni hərbi birləşmələrinin 26 fevral 1992-ci ildə azərbaycanlılara qarşı Xocalı soyqırımını həyata keçirdiyini və regionda sülhün yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması ilə mümkün olacağını geniş ərəbdilli izləyici kütləsinə çatdırıb.