Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA “CƏNUBİ AZƏRBAYCAN: 1918-Cİ İL SOYQIRIMI” KİTABININ TƏQDİMATI KEÇİRİLİB

30 Mart 2016

Martın 30-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin elmi işçisi Həsən Səfərinin “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” adlı kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva XX əsrin əvvəllərində ermənilərin təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirdiklərini, bu illər ərzində on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdiklərini söyləyib: «Tarixin hələ tam açılmamış səhifələrindən olan bu soyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. Tarixi faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu soyqırım siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlanan öz doğma torpaqlarından didərgin salınmışlar. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 98 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdı. 1918-ci ildə ermənilər insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələri və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Həmin vaxt Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyasi cəhətdən soyqırım kimi qiymətləndirilməlidir. Bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur».
G.Baxşəliyeva daha sonra Şərqşünaslıq İnstitutunun əməkdaşlarının
Şimali və Cənubi Azərbaycanda ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarına həsr olunmuş və tarixi həqiqətləri üzə çıxaran kitablarından söz açıb: “Şərqşünaslıq İnstitutunda Azərbaycan xalqına qarşı ötən əsrin əvvəllərində həyata keçirilən soyqırım ilə bağlı yeni faktların üzə çıxarılması istiqamətində əhəmiyyətli işlər görülür. İnstitutun əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların Arazın hər iki tayında azərbaycanlılara qarşı törədilən kütləvi qırğınların, qarətlərin, zorakılıq aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu var”.

G.Baxşəliyeva İnstitutun Cənubi Azərbaycan şöbəsinin elmi işçisi Həsən Səfərinin bu günlərdə işıq üzü görən və tədbirdə təqdimatı keçirilən “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” adlı kitabından söz açıb: “Tədqiqat işindən aydın olur ki, 1918-ci il Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı birləşmiş erməni-aysor silahlı dəstələrinin törətdiyi soyqırımı indiki Azərbaycan Respublikası əraziləri də daxil olmaqla, bütün bölgədə azərbaycanlılara qarşı törədilən soyqırım planı çərçivəsində baş vermişdir. Soyqırımın törədilməsində məqsəd isə Azərbaycan Respublikası ərazisində olduğu kimi, Cənubi Azərbaycan ərazisində də aborigen əhalini soyqırımla məhv etmək və demoqrafik mənzərəni ermənilərin xeyrinə dəyişməklə “Böyük Ermənistan” təşkil etməyə real şərait yaratmaq idi.

Ümummilli lider Heydər  Əliyevin 31 Mart Azərbaycanlılarının Soyqırımı Günü münasibətilə 1998-ci il martın 26-da imzaladığı fərmanında Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımının da tarixin açılmamış səhifələrindən biri olduğu qeyd edilmişdir. Bu baxımdan Cənubi Azərbaycanın qərb bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın araşdırılması böyük əhəmiyyət kəsb etməklə bu gün üçün elmi və siyasi cəhətdən aktual məsələlərdən biridir”.

Monoqrafiyada Birinci Dünya Müharibəsinin gedişində (1914-1918-ci illər) Qərb dövlətləri, eləcə də, Rusiyanın köməyi sayəsində yaradılan birləşmiş erməni silahlı dəstələri tərəfindən Cənubi Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas, Xoy və ətraf yaşayış məntəqələrində) 200 minə qədər azərbaycanlının soyqırıma məruz qalması araşdırılır. Oxuculara təqdim olunan kitabda bəzi Qərb dövlətləri və çar Rusiyası nümayəndələrinin, eləcə də missioner təşkilatların Azərbaycan və Türkiyə ərazisində dənizdən dənizə «Böyük Ermənistan» yaratmaq məqsədilə erməniləri təşkilatlandırıb silahlandırmaları mötəbər mənbələr əsasında araşdırılıb təhlil edilir.

Tədbirdə çıxış edən AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova ötən əsrin əvvəllərində Şimali Azərbaycanda baş verən proseslərin eyni ilə Cənubi Azərbaycanda da getdiyini söyləyərək bildirib ki, tarixdən nəticə çıxarmaq lazımdır ki, bu cür hadisələr gələcəkdə bir daha təkrarlanmasın. Təqdim olunan kitabın əhəmiyyətini vurğulayan N.Axundova bu əsərin rus, ingilis, fars və başqa dillərə tərcümə edilərək bütün dünyaya yayılmasının vacibliyini qeyd edib.

Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev çıxış edərək deyib ki, tarixi yaddaşa malik olmayan xalqın gələcəyi yoxdur və yenidən həmin faciələri yaşamağa məhkumdur. Ötən əsrin əvvəllərində ermənilərin və aysorların Cənubi Azərbaycanda törətdikləri soyqırımları ilə bağlı ətraflı danışan Ş.Mustafayev Şərqşünaslıq İnstitutunda bu mövzuda artıq 4 kitabın nəşr olunduğunu bildirib.

Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Bije Həsən Səfərinin apardığı tədqiqatın əsas üstünlüyünün Cənubi Azərbaycanın Qərb bölgəsində törədilən soyqırımların kompleks şəkildə tədqiq edilməsində olduğunu söyləyib.

Sonda “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” kitabının müəllifi Həsən Səfəri çıxış edərək İnstitut rəhbərliyinə, eləcə də kitabın nəşrində və təqdimatında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Download Template Joomla 3.0 free theme.