Professor Aida xanım İmanquliyeva öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirmiş, inkişaf etdirmişdir.
Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru olan, çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyektinin ərəb məhcər ədəbiyyatı olduğu, Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim – Aida İmanquliyeva Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi.
Azərbaycan şərqşünaslıq elminin beynəlxalq aləmdə tanınmasında, onun şöhrətinin geniş miqyasda yayılmasında böyük xidmətləri olan professor A.İmanquliyeva elmimizi dəfələrlə yaxın və uzaq xarici ölkələrdə yüksək səviyyədə təmsil etmişdir.
Elmi ictimaiyyətimiz Aida xanım İmanquliyevanın şərqşünaslıq elminə verdiyi töhfələri daim yüksək qiymətləndirərək, böyük alimi həmişə dərin ehtiramla yad edir.