Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA BÖYÜKAĞA HÜSEYNOVUN 90 İLLİYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİRİLDİ

07 Mart 2016

 Martın 7-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda AMEA-nın müxbir üzvü, professor Böyükağa Hüseynovun anadan olmasının 90 illiyinə həsr olunmuş elmi sessiyaya keçirilib.

 

Tədbiri giriş sözü ilə açan AMEA Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva Böyükağa Hüseynovun tək Azərbaycanda deyil, yaşadığı dövrdə bütövlükdə keçmiş Sovet şərqşünaslıq elmində xüsusi yeri olan bir şəxsiyyət olduğunu qeyd etdi, bu böyük alimin Azərbaycan Elmlər Akademiyasının şərqşünaslıq üzrə ilk müxbir üzvü olduğunu bildirdi. Şərqşünaslıq İnstitutunun direktor müavini və İran filologiyası şöbəsinin müdiri olmuş Böyükağa Hüseynovun istər elmi yaradıcılıq, istərsə də elmi-təşkilati fəaliyyətini yüksək dəyərləndirən G.Baxşəliyeva, onun fəaliyyəti dövründə institutda görülən mühüm işləri xatırlatdı.

Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin hazırkı müdiri, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi “Böyükağa Hüseynovun həyatı və elmi-ictimai fəaliyyəti” mövzusunda məruzə etdi. Məruzəsində görkəmli alimin elmi və ictimai fəaliyyətinə ilk addımlarından son günlərinədək nəzər salan M.Məhəmmədi onun yaradıcılığının çoxşaxəli olduğunu qeyd etdi, “Mütərəqqi İran poeziyasında sovet mövzusu” adlı namizədlik,  “XX əsr İran poeziyasında ənənə və novatorluq” mövzusunda doktorluq dissertasiyası, bu mövzularda nəşr olunan və digər monoqrafiya və kitabları haqqında ətraflı məlumat verdi. Məruzəçi B.Hüseynovun İran ali məktəblərinin və elmi müəssisəsinin dəvətilə 1970-ci ildəki üç aylıq elmi məzuniyyətini xüsusi qeyd etdi. B.Hüseynov bu müddət ərzində İranda SSRİ-də şərqşünaslıq elminin inkişafı, Azərbaycanın iqtisadi və mədəni nailiyyətləri barədə 40-a qədər məruzə edib, müsahibələr verib, Tehran, Məşhəd, İsfahan, Şiraz və digər şəhərlərin ali məktəb və elmi  idarələri ilə yaxın əlaqələr yaradıb. Məruzədə Böyükağa Hüseynovun İran filologiyası şöbəsinin müdiri kimi fəaliyyətindən də geniş bəhs edildi.

Daha sonra BDU İlahiyyət fakültəsinin dekanı akademik, Vasim Məmmədəliyev, millət vəkili, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rəfael Hüseynov, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva, AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq əlaqələr və komparativistika şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli çıxış edərək, Böyükağa Hüseynov haqqında xatirələrini danışdılar.

Alimin ailəsi adından çıxış edən oğlu Əsgər Hüseynov atasının xatirəsini ehtiramla yad edən tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirdi.

Tədbirin sonunda görkəmli alim Böyükağa Hüseynova həsr olunmuş film nümayiş etdirildi.

 

Download Template Joomla 3.0 free theme.