Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Elman Quliyevin “Abay Kunanbayev” kitabının təqdimatı olub

22 Sentyabr 2020

 

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitunun əməkdaşı, filologiya üzrə elmlər doktoru, professor Elman Quliyevin “Abay Kunanbayev” kitabı nəşr olunub. Elman Quliyevin Ankarada çapdan çıxan kitabı Abay Kunanbayevın anadan olmasının 175 illiyi ilə əlaqədar TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) sifarişi ilə hazırlanıb. “TÜRKSOY kitabxanası” seriyasından olan kitab Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatı dəstəyi ilə TÜRKSOY tərəfindən Ankarada çap edilib.

 

 

Kitabın monoqrafiya hissəsində qazax realist ədəbiyyatının banisi Abay Kunanbayevin həyat və yaradıcılığı təhlil olunub. Kitaba həmçinin Abay Kunanbayevin Azərbaycan dilinə tərcümə edilmiş şeir, poema və nəsr əsərləri daxil edilib. Bu sırada A.Kunanbayevin “İsgəndər”, “Maqsud”, “Əzim haqqında nağıl” poemaları və “Əqliyyə” nəsr əsəri var.

 

Kitab Türkiyə, Qırğızıstan, Qazaxıstan, Bolqarıstan və Azərbaycanın elm və təhsil müəssisələrinin və digər qurumlarının nümayəndələrinin iştirak etdiyi “Abay Kunanbayev və kitab tanıtımı” adlı beynəlxalq videokonfransda təqdim edilib.

 

 Tədbiri idarə edən Avrasiya Yazarlar Birliyinin sədri Yakup Öməroğlu türk dünyasının böyük şəxsiyyəti Abay Kunanbayevin əbədi mirasını Azərbaycan oxucusuna tanıtmaq məqsədilə azərbaycanlı alim Elman Quliyevinin hazırladığı “Abay Kunanbayev” kitabının təqdimatının keçirildiyini bildirərək, kitabda təqdim edilən elmi araşdırmanın və Abay Kunanbayevin bədii əsərlərinin tərcüməsinin nəşrinin əhəmiyyətindən danışdı və bunun Azərbaycanda Abay haqqında ən geniş akademik çalışma olduğunu söylədi. Sonra o, sözü TÜRKSOY-un baş katibi Düsen Kaseinova verib.

 

Türk dünyasının dünya ədəbiyyatına bəxş etdiyi böyük şair Abay Kunanbayevin 175-ci doğum günündə Elman Quliyevin hazırladığı “Abay Kunanbayev” kitabının təqdimatını keçirməkdən məmnunluğunu dilə gətirən Düsen Kaseinov bildirib ki, 19-cu əsr qazax realist ədəbiyyatının ən böyük nümayəndəsi olan Abay qazax ədəbiyyatının dünyaya açılan ilk pəncərəsidir. Professor Elman Quliyevin təqdim olunan “Abay Kunanbayev” kitabının TÜRKSOY-un sifarişi ilə hazırlanıb nəşr edildiyini deyən çıxışçı, kitabın Abay Kunanbayevə həsr olunan kitablar sırasında xüsusi yerinin olacağını düşündüyünü söylədi və kitabın müəllifinə gördüyü işə görə təşkkürünü bildirib. Ədəbiyyatsevərlər üçün xeyirli-uğurlu olmaq diləyini dilə gətirən və Abaysevərlər üçün gözəl bir hədiyyə olduğunu deyən Düsen Kaseinov kitabın bir bağlamasının lentini açıb.

 

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov türk dünyasının böyük mirası olan Abay Kunanbayevə həsr olunan kitabda qazax şairin ən tanınmış əsərlərinin tərcümə edilərək Azərbaycan oxucusuna çatdırıldığını qeyd edib, xalq şairlərinin başqa dillərə tərcümə etməyin nə qədər çətin bir iş olduğunu deyib. O, Abayın anadan olmasının 175-ci ilində onun əsərlərini Azərbaycan oxucusuna tanıdan Elman Quliyevə, TÜKKSOY-a, konfrans təşkilatçılarına və kitabın hazırlanıb nəşr edilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

 

Tədbirdə çıxış edən kitabın müəllifi, professor Elman Quliyev türk dünyasında Abay Kunanbayev ilinin elan olunmasının bir bayram olduğunu deyib. Abay Kunanbayevin türk ədəbiyyatında böyük xidmətləri olduğunu söyləyən  E.Quliyev bildirib ki, dünya ədəbiyyatı tarixində elə şəxsiyyətlər var ki, həmin şəxsiyyətlərsiz o ədəbiyyatı və yaxud tarixi təsəvvür etmək qeyri-mümkündür: “Necə ki, Nizami Gəncəvisiz Azərbaycan ədəbiyyatını, Çingiz Aytmatovsuz qırğız ədəbiyyatını, İsmayıl Qaspralısız Krım-tatar ədəbiyyatını, Şinasisiz, Namiq Kamalsız, Mehmet Akif Ersoysuz, Ömər Seyfəddinsiz türk ədəbiiyatını təsəvvür etmək mümkün deyil, Abay Kunanbayevsiz nə qazax ədəiyyatını, eyni zamanda qazax mədəniyyətini təsəvvür etmək qeyri-mümkündür. Çünki Abay Kunanbayev böyük şəxsiyyət olaraq, böyük yazar olaraq, qazax ədəbiyyatına çox böyük faydalar vermiş, qazax ədəbiyyatının zənginləşməsində əlbəttə ki, böyük xidmətləri olmuşdur. Abay Kunanbayev qazax ədəbiyyatının qurucusudur. O, qazax realist ədəbiyyatının  əsasını qoymuş bir şəxsiyyətdir. Abay Kunanbayev qazax ədəbiyyatında epik düşüncənin genişləndirilməsini yarada bilən, formalaşdıran bir şəxsiyyətdir. Eyni zamanda o, qazax ədəbiyyatında ilk dəfə nəsrin əsasını qoyan bir sənətkardır".

 

Abay Kunanbayevin tərcümələrindən danışan E.Quliyev qeyd edib ki, o bu yolla həm Avropanı, həm də Şərqi Qazaxstana gətirirdi: “Məsələn, Abay Nizami Gəncəvidən etdiyi tərcümələr vasitəsilə Azərbaycan ədəbiyyatının klassik ənənələrini artıq Qazaxıstana gətirdi. Obrazlı şəkildə desək, Azərbaycanı ilk dəfə Qazaxıstana aparan Abay Kunanbayev olub. Ona görə də Azərbaycanda Abaya çox böyük sevgi var. Abay Kunanbayev Azərbaycanda hər zaman sevilmiş və bu gün müstəqillik dövründə ona daha böyük diqqət var. Çünki Abay Kunanbayev təkcə Qazax xalqının oğlu deyil, o eyni zamanda bütün türk dünyasının oğludur.  Onun yazdıqları tək qazax ədəbiyyatının nümunəsi deyil, eyni zamanda bütün türk dünyasının ədəbi əsərləri sırasında yer alan əsərlərdir”.

 

Abay Kunanbayovlə bağlı tədqiqatlarından və təqdin etdiyi kitabı barədə danışan E.Quliyev deyib: "Mən 1996-cı ildən 25 il müddətində Abay Kunanbayev yaradıcılığını, irsini araşdırmaqla məşğulam. Sovetlər dönəmində türk ədəbiyyatının öyrənilməsi, araşdırılması yasaq idi. Şükürlər olsun ki, digət türk dövlətləri kimi Azərbaycan da müstəqillik qazandı və türk ədəbiyyatının, türk mədəniyyətinin öyrənilməsi artıq geniş vüsət alıb. Mən özüm türk ədəbiyyatı problemlərini araşdırmaqla məşğul oldum və müstəqillik dövründə türk ədəbiyyatının ən tanınmış şəxsiyyətləri geniş şəkildə həm araşdırıldı, həm də universitetlərdə tədris olunmağa bağladı. Biz bu sırada Abay Kunanbayevin tədqiqi və tədrisinə böyük yer verdik, qazax ədəbiyyatına böyük yer verdik. 25 il müddətində mən Abay Kunanbayevlə bağlı çoxlu məqalələr yazmışam, ayrı-ayrı dərgilərdə çap olunub, konfranslarda iştirak etmişəm. TÜRKSOY-un sifarişiylə  Abay Kunanbayevin 175 illiyi münasibətilə belə bir kitab yazmaq mənə həvalə olundu. Bu sifarişi mən çox məmnuniyyətlə qəbul etdim. Qısa bir zamanda bu kitab Ankarada nəşr edildi. Mən bu kitabın nəşrində, yayılmasında çox böyük xidmətləri olan türk dünyası ədəbiyyatının, mədəniyyətinin böyük təbliğatçısı olan TÜRKSOY-un baş katibi, çox hötmətli Düsen bəyə kitabın qısa bir zamanda çap olunmasına göstərdiyi maddi və mənəvi yardıma görə öz minnətdarlığımı bildirirəm. Bu kitab mənim Abay Kunanbayevlə bağlı sonuncu işim deyil. Biz yenidən araşdırmaları davam etdiririk. Çünki Abay Kunanbayev türk dünyası üçün çox işlər görüb. 

 

Ankara Hacı Bayram Veli Universitetinin müəllimi Hülya Kasapoğ­lu Çengel Elman Quliyevin kitabda təqdim edilən elmi araşdırmasının çox yüksək səviyyədə yazıldığını deyərək, bunun ardından verilən bədii nümunələrin tərcümələri vasitəsilə Abayın realist həssasiyatının Azərbaycan şeirində yenidən həyat qazanmış olduğunu qeyd edib.

 

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bildirib ki, hələ sovet dövründə Abayın əsərləri, onun şeirləri, poemaları, onun haqqında kitablar dəfələrlə Azərbaycanda çap olunub: “Müstəqil Azəraycanda da Abayın kitabları çap olunub. Amma mənə elə gəlir ki, TÜRKSOY-un dəstəyi ilə  bu gün təqdim olunan kitab Abayı Azərbaycan xalqına, bugünkü gənc nəslə daha çox yaxınlaşdırdı, daha çox tanıtdı. Çünki o kitablar hamısı kiril əlifbası ilə çap olunmuşdu. Bu kitab isə hər kəsin anlaya biləcəyi, oxuya biləcəyi bir əlifbada çap olunub. Və bu kitab Azərbaycanda çox yayılacaqdır".  .

 

Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova Abay Kunanbayevin Azərbaycanda indiyədək çap olunmuş kitablarının, o cümlədən Elman Quliyevin kitabının onlayn təqdimini nümayiş etdirdi.

 

Azərbaycan Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov Elman Quliyevin kitabının Azərbaycan oxucusunu Abay Kunanbayevlə daha dərindən tanış edəcəyini söyləyib.

Təqdim edilən kitabın redaktoru, Sivas Cümhuriyyət Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri, şair Kenan Çarboğa dildə, fikirdə, işdə birlik anlamında türk dünyasının ədəbi şəxsiyyətlərinin bu şəkildə tanıdılması və kitablarının nəşr olunmasının türk dünyası üçün böyük əhəmiyyət daşıdığını və bu mənada Elman Quliyevin hazırladığı kitabın böyük önəm daşıdığını söyləyib.

Download Template Joomla 3.0 free theme.