Noyabrın 20-22-də Tatarıstan Respublikasının Bolqar İslam Akademiyasının və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin təşkilatçılığı ilə Tatarıstanın Bolqar şəhərində “Yerli ilahiyyat məktəblərinin dirçəlişi və inkişafı kontekstində islamşünaslıq tədqiqatlarının təcrübəsi” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlı, Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi t.ü.f.d. Zülfiyyə Vəliyeva-Önlen və həmin şöbənin elmi işçisi Yaxşıxanım Nəsirova konfransda məruzələrlə çıxış ediblər.
Səfər çərçivəsində konfrans iştirakçılarının Bolqar şəhərindəki Ağ Məscidə, Bolqar Sivilizasiya Muzeyinə və Bolqar Dövlət Tarix-Memarlıq Muzey-Qoruğuna daxil olan abidələrə ziyarətləri təşkil olunub.
Konfransda Rusiya, Fransa, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Mərakeş, Bəhreyn, Küveyt, Oman, Tacikistan və başqa ölkələrin nüfuzlu universitetlərindən, elmi tədqiqat mərkəzlərindən alim və mütəxəssislər də iştirak ediblər.