Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİM BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ EDİB

19 Noyabr 2019

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri və Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli  Babaşlı  Rusiya  Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində Dağıstan Humanitar İnstitutu və Sankt-Peterburq Universiteti tərəfindən “XXI əsr problemləri kontekstində müsəlman ilahiyyatçılarının mənəvi irsi” mövzusunda təşkil edilən Beynəlxalq Elmi-Tədris Konfransında iştirak edib.

İslam tarixi və mədəniyyətini dərindən bilən mütəxəssislərin hazırlanması məqsədilə həyata keçirilən federal proqram çərçivəsində təşkil edilən konfransda müsəlman ilahiyyatçılarının zəngin mənəvi irsinin tədqiqi, təbliği və tərcüməsi məsələləri ilə yanaşı, qloballaşan dünyanın çağırışlarına cavab vermək üçün həmin irsdən bəhrələnmək imkanları geniş müzakirə olunub. İki gün davam edən konfransda Moskva şəhərinin, Tatarıstan, Başqırdıstan, Udmurtiya və Şimali Qafqaz respublikalarının, Novosibirsk, Voloqda, Volqoqrad vilayətlərinin müxtəlif elm-təhsil müəssisələrini, həmçinin Azərbaycan, Misir, İordaniya və Yəmən kimi xarici ölkələri təmsil edən nüfuzlu alim və mütəxəssislər iştirak ediblər.

 

Eyni vaxtda müxtəlif salonlarda davam edən üç bölmədə 65 məruzə dinlənilib və maraqlı müzakirələr aparılıb. Konfransın “Mənəvi irs və KİV: tarix və müasirlik” başlıqlı bölməsində iştirak edən dosent Məmmədəli Babaşlı “Müasir Azərbaycan ailəsinin mənəvi imicinin formalaşmasında KİV-in rolu” adlı  məruzə ilə çıxış edib.

M.Babaşlı çıxışında Azərbaycan xalqının tarixən ailəyə və nikaha verdiyi önəm, böyüklərə hörmət, kiçiklərə sevgi prinsipi üzərində qurulmuş, baba-nənə, valideyn və uşaqları əhatə edən üç nəslin nümayəndələrinin birlikdə yaşama təcrübəsindən bəhs edib. Dünya ölkələrinin bir çoxunda 35-60% nisbətində boşanma olduğu halda, Azərbaycanda bu göstəricinin 10-11% təşkil etməsinin ailə dəyərlərinin qorunub saxlanılmasına verilən əhəmiyyətə dəlalət etdiyini vurğulayıb. Azərbaycan dövlətinin ailə, qadın və uşaq məsələlərinə verdiyi önəm, aidiyyatı qurumların gördüyü işlər haqqında iştirakçılara məlumat verib. Kütləvi informasiya vasitələrinin insanlığın sonuncu qalası olan ailə dəyərlərinin işıqlandırılması və təbliği sahəsində mövcud vəziyyət və görülməsi vacib olan işlər barədə fikirlərini bölüşüb. Ailə məsələlərinin şou xarakterli proqramlarda və kriminal xəbərlərdə ic-timailəşməsindən daha çox uğurlu ailələrin təbliğinə, maarifləndirici televizya proqramlarına, radio verilişlərinə və qəzet yazılarına yer verilməsinin vacibliyini nəzərə çatdırıb. Müasir dövrün inkarolunmaz nailiyyəti olmaqla bərabər, internetin, sosial medianın ailə dəyərlərinə vurduğu zərərdən və onlardan qorunmağın yolları barədə danışıb.

Konfransın ikinci günü millətlər və dinlərarası münasibətlər sahəsində ekspertlərin təqdimatları və konfrans iştirakçılarının maraqlı müzakirələri ilə yadda qalan  “İslam  mədəniyyətinin  incisi Dərbənd” mövzusunda keçirilmiş dəyirmi masa ilə başa çatıb.

Download Template Joomla 3.0 free theme.