Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda 20 yanvar şəhidlərinin xatirəsi anıldı

19 Yanvar 2016

Yanvarın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin anma mərasimi keçirildi.

Tədbirdə çıxış edən millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəli hadisələrin xalqımızın qəhrəmanlıq tarixi olduğunu qeyd etdi: “Həmin gecə Azərbaycan xalqı öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxdı. Böyük imperiyanın  hərbi maşını Azərbaycana təcavüz etmişdi. Qəhrəman oğul və qızlarımız sovet imperiyasının mürtəce siyasətinin qurbanı oldular. Ağır hərbi texnikanın və təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxmaq fədailik idi. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar. Həmin gün yaddaşlara sovet kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olundu. Əslində bu, öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqa qarşı siyasi və hərbi təcavüz idi. Bu hadisələrdə xalqımız bir daha sübut etdi ki, istiqlaliyyəti yolunda istənilən sınaqdan üzüağ çıxa bilər, Azərbaycan övladları öz həyatlarını müstəqillik uğrunda qurban verə bilərlər”

Həmin hadisələrin müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi olduğunu deyən G.Baxşəliyeva, qeyd etdi ki, o dəhşətli günlərdə xalqımız bir yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacardığını göstərdi.

G.Baxşəliyeva həmin günlərdə, Azərbaycanın hərtərəfli blokadaya alındığı bir zamanda ümummilli lider Heydər Əliyevin Moskvada, başda Mixail Qorbaçov olmaqla Sovet rəhbərliyini tənqid edən bəyanat verməsini və Azərbaycan xalqının səsini bütün dünyaya çatdırmasını vurğuladı. Gövhər xanım şəhidlərin xatirəsinin anılması ilə bağlı fərman və sərəncamları da qeyd etdi.

 

Tədbirdə Şərqşünaslıq İnstitutunun “Ərəb filologiyası” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov, həmin şöbənin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Əmir Qasımlı və başqaları çıxış edərək bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətlərini bildirdiklərini söylədilər.

Download Template Joomla 3.0 free theme.