AMEA-nın əsas binasında təşkil olunmuş tədbiri giriş sözü ilə açan millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Gövhər Baxşəliyeva 21 Azər hərəkatının Yaxın və Orta Şərqdə milli-demokratik köklərə söykənən, əsrin ən mütərəqqi hərəkatlarından biri olduğunu və Azərbaycan xalqının tarixində şanlı bir səhifə açdığını dedi.
Böyük öndərimiz Heydər Əliyevin “Xalqın hər bir günü tarixdə öz yerini tapmalıdır. Tariximizin hər bir günü bizim üçün əzizdir, - nə cür olur, olsun” sözlərini xatırladan G.Baxşəliyeva dedi: «Bu tarix bizim üçün ona görə əziz və yadda qalandır ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız 21 Azərdə zülmkar və irticaçı şahlıq rejiminə qarşı üsyan etmiş, özlərinin bəşəri haqları olan milli-demokratik hüquqlarını əldə edərək milli hökumətlərini qurmuşlar». Gövhər xanım 21 Azər hərəkatının Azərbaycan tarixinin ən önəmli səhifələrindən olduğunu vurğulamaqla tədqiqat mövzularından biri kimi qaldığını söylədi: «Belə ki, 21 Azər hərəkatı nəticəsində yaranmış Azərbaycan Milli Hökuməti Azərbaycan tarixində yaradılmış müstəqil müasir milli dövlət nümunəsi olmuşdur. Azərbaycan Milli Hökuməti İran adlanan ölkədə azərbaycanlıların milli muxtariyyət hüququnu tanıyan bir hökumət kimi fəaliyyətə başlamış, daha sonra isə siyasi istiqamətini müstəqil dövlətçilik səmtinə yönləndirmək istiqamətində ciddi addımlar atmışdır. 21 Azər hərəkatının ən səciyyəvi, xarakterik və azərbaycançılıq üçün əhəmiyyətli cəhətlərindən biri onunla bağlıdır ki, bu hərəkat cənubi azərbaycanlıların milli şüurunun formalaşması prosesini başa çatdırmış oldu. Bu hərəkatı yada salmaq, Azərbaycan Milli Hökumətinin gördüyü işləri hərtərəfli tədqiq edib öyrənmək, onları gənc nəslə çatdırmaq bizim vətəndaşlıq borcumuzdur”.
AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova çıxışında 21 Azər hərəkatının Azərbaycan xalqının tarixində mühüm yer tutduğunu dedi və Şərqşünaslıq İnstitutunda bu mövzu ilə bağlı aparılan tədqiqatları yüksək qiymətləndirdi. N.Axundova tədbir iştirakçılarına öz ürək sözlərini çatdıraraq, onlara konfransın işində uğurlar arzuladı.
Daha sonra məruzələrə başlanıldı.
AMEA Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, i.ü.f.d. Əkrəm Rəhimli «21 Azər XX əsr Güney Azərbaycan xalq hərəkatinin zirvəsidir» mövzusunda məruzə etdi. Məruzəsində ilk olaraq 1905-1911-ci illərdə Azərbaycanın qəhrəman oğlu Səttarxanın başçılığı altında baş vermiş Məşrutə hərəkatından, mütəfəkkir-ruhani Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə 1918-1920-ci illərdəki xalq hərəkatından danışan Ə.Rəhimli hazırda 70 illiyi qeyd edilən 21 Azərin milli zəmin üzərində yarandığını və XX əsrin əvvəlində baş vermiş xalq hərəkatlarının daha geniş, daha əhatəli, daha kəskin davamı kimi qiymətləndirildiyini dedi. Məruzəçi 21 Azər hərəkatını yaradan səbəblər sırasında Pəhləvilər rejiminin Azərbaycan türklərinə qarşı etdiyi zülmü, ayrı-seçkilik siyasətini, Azərbaycan sərvətlərinin və gəlirinin böyük bir hissəsinin Tehrana aparılmasını, Azərbaycandakı ağır, dözülməz sosial-iqtisadi vəziyyəti və siyasi-mədəni durumu göstərdi. 21 Azərə gedən yoldan ətraflı bəhs edən Ə.Rəhimli bu hərəkatın özünün milli-demokratik məzmununa və kütlələri təşkil etmək miqyasına görə, XX əsr Güney Azərbaycanda baş vermiş hərəkatların zirvəsi olduğunu qeyd etdi.
Şərqşünaslıq institutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, t.ü.e.d. Solmaz Rüstəmova-Tohidi “21 Azər hərəkatının ilkin tarixi-siyasi şərtləri” mövzusunda məruzə etdi. Məruzədə xarici qüvvələrin, ilk növbədə Çar Rusiyası, o cümlədən Qafqaz və Rusiya Azərbaycanı (Şimali Azərbaycan), daha sonra Sovet Rusiyası, Sovet İttifaqı və Sovet Azərbaycanını təmsil edən inqilabi-siyasi-hərbi qüvvələrin Cənubi Azərbaycanda baş verən proseslərə təsirinin tarixi köklərinə nəzər salındı. Bu proseslərin tarixi ardıcıllıqla izlənildiyi məruzədə qeyd edildi ki, 21 Azər hərəkatına gətirib çıxaran bütün üstün tarixi-siyasi və sosial şərtlərə baxmayaraq, o öz miqyasına görə Məşrutə, Xiyabani və Gilan hadisələrindən daha faciəli sonluqla bitdi və belə bir nəticə Azərbaycan məsələsinin həllində tarixdən hələ də lazımi dərslərin alınmadığına daha bir sübut ola bilir.
Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Vidadi Mustafayev “Cənubi Azərbaycanda 1941-1946-cı illər milli-demokratik hərəkat ərəfəsində iqtisadi və sosial-siyasi vəziyyət haqqında bəzi qeydlər” adlı məruzə ilə çıxış etdi. Məruzədə qeyd edildi ki, XX əsrın ikinci on illiyinin ortalarında başlanan qlobal siyasi, hərbi proseslər və onların verdiyi nəticələr Cənubi Azərbaycanın regionda və İranda iqtisadi-ticarət mərkəzlərindən biri statusunu itirməsinə səbəb oldu. Yaranmış əlverişli beynəlxalq şəraitdən öz müstəqilliyini möhkəmləndirmək üçün istifadə edən İranın yeni siyasi elitası mərkəzləşdirmə və bir qədər sonra etatizm siyasəti həyata keçirməklə Cənubi Azərbaycanda iqtisadi və sosial vəziyyətin daha da pisləşməsinə səbəb oldu. Mərkəzləşdirmənin əsas ünsürlərindən biri olan millət - dövlət yaratmaq siyasəti qeyri-fars xalqların zorla assimilyasiya edilməsi formasında həyata keçirildiyindən iqtisadi, sosial bərabərsizlik mədəni, etno-linqvistik ayrı-seçkilik siyasəti ilə tamamlandığından Cənubi Azərbaycanda həmin siyasətə qarşı bütün sahələrdə etiraz və narazılıq meydana gəlməsi üçün zəmin yaranmışdır. XX əsrin 40-cı illərində yaranan yeni qlobal siyasi və hərbi proseslər və dəyişikliklər Cənubi Azərbaycana məhkum millət vəziyyətindən çıxmaq üçün bir şans verdi.
Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadə “Azərbaycan Demokrat Firqəsinin yaranması və fəaliyyəti barədə bəzi mülahizələr” adlı məruzə ilə çıxış etdi. Məruzədə 1945-ci il sentyabr ayının 3-də Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Təbriz şəhərində yaradılmış Azərbaycan Demokrat Firqəsini yaradan siyasi, iqtisadi və sosial şəraitdən söz açıldı. Məruzədə partiyanın siyasi fəaliyyət mərhələlələri nəzərdən keçirildi, hərəkatın məğlubiyyət səbəblərindən danışılarkən bir sıra neqativ halların, o cümlədən ADF daxilindəki vəziyyətin, xüsusilə S.C.Pişəvərinin sovet rəhbərliyi ilə münasibətlərinin bir sıra detallarının mövcudluğuna da toxunuldu.
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, f.ü.e.d. İslam Qəribli “21 Azər hərəkatının İran və Azərbaycan bədii ədəbiyyatında əksi” mövzusunda məruzəsində 1941-1946-cı illərdə Güneydə yaranan ədəbiyyatın forma-məzmun və ideyaca özəlliklərindən söz açdı və daha çox milli özünüdərk və özünütəsdiq məfkurəsinə söykənməklə yaranan 1941-1946-cı illər ədəbiyyatının inkişafını iki mərhələdə nəzərdən keçirdi (1941-1945 və 1945-1946-cı illər) və o dövr Cənubi Azərbaycan ədəbiyyatının tanınmış simalarının yaradıcılığına nəzər saldı, bu ədəbiyyatın əsas mövzularından söz açdı.
Sonda məruzələr ətrafında çıxışlar oldu. Millət vəkilləri Arif Rəhimzadə, Fərəc Quliyev və digər çıxış edənlər konfransın işini yüksək dəyərləndirdilər.