Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ÇİNLİ ALİMLƏR ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA OLUBLAR

20 Sentyabr 2019

Sentyabrın 20-də Çin Sosial Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun Beynəlxalq strategiya şöbəsinin alimləri Şao Fenq və Vanq Li AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Çinli alimlər ilk olaraq Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva və İnstitutun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zenfira Şıxəlibəyli ilə görüşüblər.

Akademik Gövhər Baxşəliyeva qonaqlara Şərqşünaslıq İnstitutunda aparılan elmi tədqiqatların istiqamətləri barədə məlumat verib və Asiya-Sakit okean regionu ölkələri, o cümlədən Çinlə bağlı tədqiqatların aparılmasına son illərdə başlandığını bildirib. G.Baxşəliyeva İnstitutun Asiya-Sakit okean regionu ölkələri şöbəsində Çinlə bağlı Çin Xalq Respublikasının müasir dövrünün tarixinin öyrənilməsi, ÇXR-nın digər ölkələrlə, o cümlədən Azərbaycan Respublikası ilə mədəni əlaqələri, Çinin iqtisadi inkişaf yolları, milli və xarici siyasəti, beynəlxalq arenada yeri və Azərbaycan Respublikası ilə əlaqələri istiqamətlərində araşdırmaların aparıldığını və 2016-cı ildə yaradılmış şöbədə bu istiqamətdə bir neçə kitab nəşr etdirildiyini bildirib. Gövhər xanım İnstitutun ÇXR-nın Konfutsi İnstitutu ilə müqaviləsi çərçivəsində çin dili daşıyıcısı olan müəllimlərin əməkdaşlara çin dilini tədris etməsini, bir gənc əməkdaşın Nanjinq, digərinin isə Anhoy Universitetinə magistr təhsili almaq üçün göndərildiyinin qeyd edib.



İnstitutun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin müdiri, f.ü.f.d. Zenfira Şıxəlibəyli çinli alimlərə şöbədə aparılan tədqiqatlar, nəşr etdirilən kitablar haqqında ətraflı məlumat verib.

Şao Fenq təmsil etdiyi şöbədə bir çox ölkələr,  o cümlədən Azərbaycanla beynəlxalq əlaqələrlə bağlı tədqiqatlar aparıldığını bildirib. Qeyd edib ki, Bakıya gəlməklərində əsas məqsəd də Azərbaycanın iqtisadiyyatını, siyasətini, mədəniyyətini, xarici əlaqələrini daha dərindən öyrənmək istəyidir.

Görüşdə qarşılıqlı maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Daha sonra Şao Fenq və Vanq Li Asiya-Sakit okean regionu ölkələri şöbəsində olub, şöbə əməkdaşları ilə görüşüblər və onların araşdırmaları ilə maraqlanıblar.

Download Template Joomla 3.0 free theme.