İnstitutun elmi katibi, f.ü.f.d. Səbinə Səlimovanın bu monoqrafiyasında ilk dəfə olaraq ədəbi, elmi-mədəni, eləcə də xarici sahələrdə Azərbaycanla yaxından bağlı olan Abbasilər dövrünün ilk yüzilliyində mühüm qlobal məsələlərin ərəb folkloru və bədii nəsrində inikası əhatəli şəkildə araşdırılır. Abbasi xəlifələrinin dövlətin idarəçilik və mədəni sahələrdəki mühüm tədbirlərinin ölkənin çiçəklənməsindəki müsbət rolu real faktlar fonunda şərh edilərək təsbit edilir.
Kitab giriş, 4 fəsil, nəticə, ədəbiyyat siyahısı və adlar göstəricisindən ibarətdir. Birinci fəsildə ilkin Abbasilər dövründə xilafətin ictimai-siyasi və mədəni həyatına qısa nəzər salınır. İkinci fəsildə ərəb folklorunda ilkin Abbasi xəlifələrinin təsviri verilir. Üçüncü fəsildə XIX əsr ərəb bədii romanlarında ilkin Abbasilərin təsviri təqdim olunur. Burada araşdırmaya Səlim əl-Bustaninin yaradıcılığı və “Budur” romanı, həmçinin Cəmil əl Mudauvarın yaradıcılığı və “Hadaratu-l-islam fi dər əs-Səlam” romanı cəlb edilib. XX əsrin əvvəllərində ərəb bədii nəsrində ilkin Abbasi xəlifələrinin təsviri verilən dördüncü fəsildə Circi Zeydan və onun Abbasilər dövründən bəhs edən tarixi romanlarından bəhs edilir, bədii nəsrdə saray şairlərinin obrazları təqdim edilir, Bərməki vəzirlərinin saray həyatındakı rolu və süqutunun təsviri verilir, xəlifələrin ov və digər əyləncə səhnələrindən söz açılır.