AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənovanın rus dilində “Типология и различные модификации идеологии национализма в Турции” (“Türkiyədə millətçilik ideologiyasının müxtəlif tipologiyası və modifikasiyası”) kitabı işıq üzü görüb.
Tədqiqatda Osmanlı imperiyasının süqutu və Türkiyə Cümhuriyyətinin yaranması dövründən etibarən Türkiyədə millətçilik ideologiyasının və onun təzahürlərinin tarixi aspektləri, fenomenologiyası və formalaşması təhlil edilir. Tədqiqatda bu nəticəyə gəlinir ki, Türkiyədə millətçiliyin bütün növləri üçün ümumi cəhət onların islam-türk sintezi vahid konseptual əsasına və ideologiyasına söykənməsidir.
Əsər 15 fəsildən ibarətdir. Fəsillərdə Türkiyədə millətçiliyin ilkin modeli – türkçülük, eləcə də Kamalizm ideologiyası və millətçiliyin bu modelinin Atatürkçülüyə transformasiyası, konservativ millətçilik, liberal millətçilik, irqçilik, etnik millətçilik və s. mövzulara toxunulur.