Məruzədə qeyd edilir ki, 1912-ci ildə yaradılmış Türk Ocaqlar Birliyinin yaradılmasında XX əsrin əvvəllərində Türk dünyası ziyalılarının böyük nümayəndələri olan Yusif Akçura, İsmayıl Qaspralı, Əli bəy Hüseynzadə, Ziya Göyalp, Əhməd Ağaoğlu və başqa şəxsiyyətlərin xidmətləri olub. Əsas olaraq Yusif Akçuranın ideyaları daxilində fəaliyyətini genişləndirən bu qurum çoxsaylı türk ziyalılarının həyatında böyük rol oynayıb, türkçülük, turançılıq ideyalarının inkişafı və yayılmasına böyük təsir göstərib. Hazırda Türkiyədə fəaliyyət göstərən Türk Ocaqlar Birliyinin 80-ə yaxın şöbəsi təkcə Türkiyədə deyil, Türk dünyasında türkçülüyün təbliğinə böyük faydalar verməkdədir. Azərbaycan türkoloqları da Türk Ocaqlar Birlikləri ilə yaxından əlaqə saxlayır və bu birliklərin tədbirlərində iştirak edirlər. E.Quliyev ümidvar olduğunu bildirib ki, Türk Ocaqlar Birliyi hər zaman olduğu kimi bundan sonra da türk dünyasına xidmətləri ilə faydalar verəcəkdir.
Tədbirdə Türk Ocaqlar Birliyi, Uludağ Universiteti və Türkiyənin digər universitetlərinin professor-müəllim heyəti iştirak edib.