Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA “NƏSİMİNİN SÖZ SƏNƏTİNİN ÖZƏLLIKLƏRİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

10 Aprel 2019

Aprelin 8-də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva tədbirin anadilli şeirimizin inkişafında müstəsna rolu olan İmadəddin Nəsimiyə həsr olunduğunu bildirib. G.Baxşəliyeva Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairinin 650 illik yubileyi münasibətilə 2019-cu ili "Nəsimi ili” elan etməsinin ölkə ictimaiyyəti tərəfindən çox əlamətdar və təqdirəlayiq hadisə kimi qarşılandığını qeyd edib. O, Nəsimi irsinin tədqiqinə öz töhfələrini verən AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun da bu əlamətdar hadisə ilə bağlı öz üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsini planlaşdırdığını və bu sahədə işlərin görüldüyünü söyləyib.

 

Qeyd edilib ki, Nəsimi yaradıcılığının tədqiqi və tərcüməsi ilə əlaqədar institutda nəsimişünas alim, f.ü.f.d. Səadət Şıxıyevanın rəhbərliyi ilə işçi qrupu yaradılıb. Planlaşdırılan işlər sırasında Nəsiminin farsca divanının sətri tərcüməsinin həyata keçirilməsi və nəşri, ərəb ölkələrində Nəsimi haqqında yeganə monoqrafiya olan Əbülfəttah Rəvvas Qələçinin “Yaqut-e Hələb İmadəddin-e Nəsimi” əsərinin ərəb dilindən tərcüməsi və nəşri,  Nəsiminin “Müqəddimətül-həqayiq” və “Təriqətnamə” adlı nəsr əsərlərinin transliterasiyası və nəşri, f.ü.f.d. Səadət Şıxıyevanın Nəsimi haqqında monoqrafiyasının nəşri, Nəsimi ilə əlaqədar Şərq alimlərinin elmi əhəmiyyətli məqalələrinin toplanaraq bir toplu şəklində nəşri, Nəsimi ilə əlaqədar “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” mövzusunda elmi konfransın, həmçinin şairin yaradıcılığına həsr olunmuş elmi seminarların təşkili, institutun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının Nəsimiyə həsr olunmuş xüsusi buraxılışının hazırlanıb çap olunması kimi işlər var.

Sonra İnstitutun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “Nəsiminin söz sənətinin özəllikləri” mövzusunda mühazirə deyib. İlk olaraq Nəsimi şeirinin forma xüsusiyyətlərindən danışan S.Şıxıyeva şairin ərəb və fars şeirində ənənəviləşmiş bir sıra poetik forma və fiqurları türk ədəbiyyatında ilk dəfə sınaqdan keçirərək uğurlar əldə etdiyini deyib. Məruzəçi Nəsiminin anadilli poeziyamıza gətirdiyi və qəzəlin qəlibindən istifadə ilə ayrıca poetik forma şəkli verdiyi bir sıra poetik fiqurların spesifik xüsusiyyətlərindən bəhs edib.

Şairin dil özəlliklərindən danışan məruzəçi bildirib ki, Nəsimi şeiriyyətini sevdirən cəhətlər dilin təbii axarı, özünü ifadədə uğurudur. Qeyd edilib ki, Nəsimi şeirində sözlər sərtləşə bilir, yumşala bilir, elastikləşə, gözəlləşə və canlana bilir. S.Şıxıyeva şairin mövzu seçiminin dəyişkənliyi və rəngarəngliyi, səmimiliyi və s. məqamlara toxunub.

Nəsimi şəxsiyyətindən də  söz açan S.Şıxıyeva şairin təbliğatçı şair olması, “mən" şəxs əvəzliyinin Nəsimidə qrammatik bir vasitə olmaqdan çıxaraq təsəvvüfi-fəlsəfi məzmun daşıması və s. məqamlardan danışıb.

Sonda S.Şıxıyeva tədbir iştirakçılarının suallarını cavablandırıb.

Download Template Joomla 3.0 free theme.