Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

NƏSİMİNİ NECƏ VƏ NƏYƏ GÖRƏ EDAM EDİBLƏR

29 Mart 2019

“Nəsimi ili”ndə İmadəddin Nəsiminin yaradıcılığı ilə yanaşı Azərbaycanın böyük şairinin həyatının bəzi məqamları da geniş müzakirə edilir. Şairin şəxsi həyatı, doğulduğu yer və bioqrafiyasının digər təfərrüatları gızğın mübahisələrə səbəb olub.

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Səadət Şıxıyeva ATAlar.Ru saytına müsahibəsində şairin bioqrafiyasının mübahisəli məqamlarına aydınlıq gətirib.

 

-Sovet dövründə ədəbiyyat tarixi kitablarında Nəsiminin Şamaxıdan olduğu qeyd edilir. Hətta qardaşı Şah Xəndanın qəbrinin Şamaxı qəbiristanlığında olduğu bildirilir. Nəsiminin şamaxılı və ya şirvanlı olduğunu orta əsr qaynaqları təsdiq edirmi?

-Xeyr, istər orta əsrlər qaynaqları, istər şairi şəxsən tanıyan müasirləri, istərsə də özünün əsərlərində bunu təsdiq edəcək bir fakta rast gəlinmir. Bunu da qeyd edim ki, Nəsiminin şamaxılı ola bilməyəcəyi mülahizəsini ilk olaraq, mən elmi dövriyyəyə gətirdim. Düz 20 il öncə – 1999-cu yazdığım məqalə (Nəsiminin nisbəsi haqqında, yaxud Nəsimi şirvanlıdırmı?”)geniş dairələrdə maraq, müəyyən qruplarda isə etiraz doğurdu. Etiraz təşəbbüslərində olanlar o qədər təşvişli idilər ki, sanki Nəsimiyədək, onun dövründə və daha sonra da Azərbaycan ədəbiyyatı  Şirvan mərkəzli olmuşdu və Nəsimi şamaxılı olmayınca Azərbaycan ədəbiyyatının nümayəndəsi olmaqdan çıxırdı… Belə bir baxış bucağından yanaşsaq, Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yolu təhrif etmiş və məhdudlaşdırmış oluruq. O zaman Həsənoğlu, Qazı Bürhanəddin, Mustafa Zərir, Məhəmməd Füzuli kimi Azərbaycan doğumlu olmayan şairlərimizdən imtina etməliyikmi? Əsla. Bu şairlər Azərbaycan dilinin və milli mənsubiyyətinin daşıyıcılarıdırlar. Onlara müasir sərhədlər rakursundan baxmaq doğru olmaz.

Gələk Nəsiminin nisbəsi, yəni doğum yeri məsələsinə. Şairin Şirvan doğumlu olmasına, dediyim kimi, orta çağ qaynaqlarının heç birində rast gəlinmir və bu məsələni mən bir çox məqalələrimdə təhlil edərək, aydınlaşdırmağa çalışmışam. İlk olaraq, bu ehtimalı irəli sürən Salman Mütmaz olmuşdur. O belə bunu birbaşa deyil, dolayısıyla ifadə edir. Ona istinadən bu ehtimalı irəli sürənlər şairin qardaşının məzarının Şamaxıda olmasına istinad etmişlər. Amma şairin qardaşı Şah Xəndanın da zamanında məşhur və nüfuzlu sufi şeyxi olduğunu, onun da Nəsimi kimi təriqətində şeyxlik məqamınadək yüksəldiyini nəzərə aldıqda mənzərə dəyişir. Çünki sufi şeyxləri gəzərgi olmuş, adətən, təbliğatlarını digər torpaqlarda davam etdirmək məcburiyyətində qalmışdılar. Uzun müddətli və təfərrüatlı təhlilimiz Şah Xəndanın adının nemətullahi və qələndəri təriqətlərinin mənsubları arasında çəkildiyini ortaya çıxardı. Bu mənada məzarının Şamaxıda olması əsasında onun məhz bu torpaqda doğulub burada da ömrünü başa vurmasını iddia etmək çətindir. Təəssüf ki, S.Mütmaz onun məzardaşı üzərindəki yazını çapa hazırlasa da, onu nəşr etdirə bilməmişdir. Hazırda həmin yazıların aydın oxunmadığını da təəssüflə deməliyəm.

Sonda bunu da qeyd edim ki, şairin Şamaxı doğumlu olmasını israrla iddia edənlər ciddi bir dəlil və mötəbər qaynaq göstərmədən S.Mümtazdan irəli gedə bilmirlər. XX yüzillikdə yaşamış bu tədqiqatçının ehtimalı isə, təbii ki, onun müasirlərinin söylədikləri qədər inandırıcı deyil. Bəzi iddiaçıların  fikrincə, üzərində Nəsiminin şamaxılı olması qeydi  olan  əlyazması S.Mümtazda olmuş və onun həbsi zamanı həmin əlyazması itib-batmışdır. Bu kimi əsassız müddəalar Azərbaycan elmini gözdən salır, Azərbaycan alimi haqqında isə qeyri-ciddi təsəvvür yaradır. Əvvəla, Nəsiminin ən mötəbər əlyazması onun avtoqraf, yəni öz əli ilə yazdığı nüsxə olardı. Amma təəssüf ki, hələlik elm aləminə onun avtoqraf nüsxəsi məlum deyil. Bizə gəlib çatan ən qədim nüsxələrdən biri və uzun illər avtoqraf sayılan nüsxə isə onun ölümündən çox sonra – 1487-1488-ci illərdə yazıya alınıb və bu, şairin elm aləminə bəlli olan ən qədim nüsxəsidir. Bu nüsxə belə S.Mümtaza məlum olmayıb. İkincisi, iddiaçıların bəhs etdiyi həmin qədim və mötəbər nüsxə S.Mümtaza bəlli idisə, niyə o, həmin əlyazmasını çap etmir və haqqında heç nə yazmır? Halbuki S.Mümtazın nəşr etdirdiyi Nəsimi divanı İstanbul nəşrlərinin fərqli tərtibatda təqdimidir. Üçüncüsü, S.Mümtaza belə bir fakt məlum idisə, niyə Nəsimi haqqındakı iki məqaləsində (biri divanın önsözüdür) Nəsimini birbaşa şamaxılı olaraq təqdim etmir? Digər daha artıq qeyri-ciddi mülahizələrə isə münasibət bildirmək istəmirəm. Alim yalnız və yalnız ciddi və sınanmış dəlillərə, mötəbər qaynaqlara söykənərək mülahizə irəli sürməlidir…

-Nəsiminin iki dəfə evli olması, bir qızının olması barədə ilk dəfə Siz yazmısınız. Lakin bununla razılaşmayanlar var. Bu məsələyə aydınlıq gətirərdiniz.

-Bilirsiniz, ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan olunması çoxunda yanlış təsəvvür yaratdı. Bir çoxu bunu məhz hər kəsin – səlahiyyətli və səlahiyyətsiz hər bir kəsin – Nəsimidən söz söyləmək məcburiyyəti kimi anladı. Anladığım qədərcə, bu sərəncam xalqı Nəsimi kimi qüdrətli bir şəxsiyyət, ulu sənətkar və bənzərsiz mütəfəkkirin şəxsiyyəti və düşüncəsi ətrafına toplamaq, maarifləndirmə niyyətilə verildi… Problemin araşdırılması və mahiyyətindən uzaq kimsələrin söz söyləmə cəhdi sərəncamı yanlış anlamanın nəticəsidir və onların bəzən etiraz etməsi də təbiidir. Hz. Əli deyir ki, insan bilmədiyinin düşmənidir. Etiraz edənlərin çoxsaylı olduğuna da inanmıram. Çünki bu barədə söz açdığım müsahibə ən çox oxunanlar və rəğbətlə qarşılananlar sırasındadır.

Mən şairin ailə vəziyyətindən söz açarkən nəyə söykəndim? Təbii ki, ən mötəbər qaynaq saydığım öz əsərlərinə və digər ilkin qaynaqlara. Şairin evliliyi və bunun iki dəfə ola biləcəyinin dəlili hələlik ancaq onun öz əsərlərində ifadəsini tapıb.  İlk dəfə olaraq onun elmi tərcümeyi-halına öz şeirlərinə istinadla bu səhifələri də əlavə edəsi oldum. Belə ki, Nəsimi ağı və həsbi-hal xarakterli bir şeirində onun üçün çox dəyərli olan bir insanın itkisindən, bu itkinin yasatdığı sarsıntı və hüzndən bəhs edir. Bu  şeir nakam bir məhəbbətin təsiri ilə yazılan mərsiyə xarakterlidir. Bu şeirdə nə irfan, nə də hürufiliklə bağlı görüşlər yer almayıb. Mömin bir insanın çarəsizliyi və sonda Allaha yönələn ümidi ifadəsini tapıb. Bu mənada şeirin onun həyatının ilkin mərhələsində yazılması nəticəsinə gəldim. Daha bir şeirində isə şair ümidsizlik içində olduğu zaman qeybdən qəlbinə bir səda gəlməsi və nicatını irfanda tapmasını bildirir. Bu da irfan və təriqət yolunun seçiminin şairin həyatındakı o sarsıntıdan sonraya təsadüf etdiyi təsəvvürünü yaradır… Nəsiminin hürufiliyədək qələndəri təriqəti mənsublarından olmasını da öz əsərləri əsasında müəyyənləşdirdim. Qələndəriliyin doktrinalarından biri isə təcrid və ya mücərrədlik sayılır. Bu anlayışla təklik, evli olmama nəzərdə tutulur. Nəsimi hürufiliyə daxil olduğu ilk illərdə subay olduğunu da özü farsca şeirində ifadə edir. Türkcə qələndərilərə müraciət etdiyi və hürufiliyi təbliğ edən şeirlərində də özünün subay olduğunu xüsusi vurğulayır. Amma şairin künyəsinin Əbülfəzl olduğunu fəxrlə ifadəsi, bəzi şeirlərində özünü Əbülfəzl Nəsimi adlandırması onun sonradan evləndiyi qənaətini yaradır. Təqribən 50 il öncə akademik H.Araslıya Hələbdən gələn,  akademikin qızı, tanınmış alim Nüşabə Araslının mənə təqdim etdiyi və hazırda çapa hazırladığım bir məktubda da bu barədə maraqlı fakta rast gəldim. Məktubda Nəsiminin oğlunun məzarının onun məzarının yanında olması məlumatı yer alır ki, bu da şairin oğul atası olması faktını təsdiqləyir. İlk dəfə olaraq mənim elmi dövriyyəyə gətirdiyim ərəbcə bir qaynaq əsasında şairin bir qız övladının olması və onun zülqədərli Nəsrəddin bəyin zövcəsi olması da məlum oldu.   Gördüyünüz kimi, onun iki övladı barədə məlumatım ilkin qaynaqlara söykənir və bu, əsassız ehtimallar kimi şübhə oyatmalıdır. Şairin qızının kiçik yaşlı ola biləcəyi, bu əsasda onun Zülqədər bəyinin xanımı olmasının inandırıcı görünmədiyini də müsahibələrdən birinin əsnasında söylədilər. Amma Nəsiminin hürufiliyi qəbulunun 1386-1389-cu illər arasında olduğunu, ehtimal ki, ikinci evliliyinin bu illərdən sonraya təsadüf etdiyini, o edam olunarkən bu qızının övladı olduğunu nəzərə alsaq, bu nikahın heç də erkən olmadığı, həmin qızın Nəsimi edam olunarkən 20-25 yaşlarında olması qənaəti hasil olur. Mənim açıqlamamdan sonra Nəsiminin bu qızının bir qızı olması, hətta onun Osmanlı sultanlarından birinin anası olması mifi də ortaya atıldı… Halbuki ərəbcə qaynaqda həmin övladın, yəni Nəsiminin nəvəsinin  məhz qız olması bildirilmir. Nəsimi həbs olunduqdan sonra Misir sultanının israrı üzərinə Nəsrəddin bəylə izdivacı pozulan həmin qız və onun övladının sonrakı taleyi hələlik naməlumdur…

-Nəsimin dini yox, siyasi baxışlarına görə edam edildiyini bildirirsiniz. Buna görə hətta Sizə qarşı hücumlar da olub. Bu qədər ciddi fikir ayrılığına səbəb nədir?

-Çox təəssüf ki, onillər boyunca daşlaşmış zehniyyətə təsir etmək və bir çox insanı  sovet dövrü ideologiyasının təsirindən qurtarmaq asan bir proses deyildir… Nədənsə, insanlarda elmi və tarixi həqiqəti dərk və qavrayışdan artıq, əfsanə və rəvayətə meyllilik daha güclüdür… Ona görə də insanları ənənəviləşmiş yanlışların təsirindən qurtarma tədqiqatçıdan böyük səbir tələb edir və özlüyündə olduqca çətin bir işdir.

Bu səbəbdən bəzilərində mənim qənaətlərim şübhə və ya etiraz doğurur. Mənim araşdırmalarım əslində digərlərinin tədqiqatlarından artıq, ilkin qaynaqlara söykənir. Həmin mənbələri təhlilimdən hasil olan qənaət isə belədir ki, Misir sultanı Nəsimi kimi qüdrətli, sözü bir hökmdar qədər  nüfuzlu bir şəxsi özünə rəqib görərək, “dinsiz” iftirası ilə yolunun üzərindən götürmüşdü… Bu fərmanın yaratdığı yanlış təsəvvürü isə yüzillər boyu insanlar heç düşünmədən təkrarlaya-təkrarlaya bir-birinə ötürür, yazıya alaraq tarixə çevirirlər. Hətta onu sevənlər belə mütəfəkkiri üləmanın (din alimlərinin) doğru anlamayaraq qətl fərmanı verdiyini bildirirlər… Amma şairin məhkəməsinin təsviri verilən qaynaq bu təsəvvürün yanlışlığını dağıtmaq üçün yetərlidir. Həmin əsərdə təsviri verilən səhnə Nəsiminin həyatından bəhs edən bir çox araşdırmalarda yer alır, xüsusilə xarici araşdırmalarda bu qaynağa (“Künuzüz-zəhəb”)  sıx-sıx istinad olunur. Həmin məhkəmə icmal şəklində H.Araslı (1972) və M.Quluzadənin (1973) də araşdırmalarında yer alır. Z.Bünyadov isə bir məqaləsində (1980) ərəbcə bir neçə qaynağa istinadən həmin məhkəmənin təsvirinin tərcüməsini verib. Doğrudur, bu araşdırmalarda siyasi motivin də ola biləcəyi ehtimalı  qısaca qeyd olunmuş, lakin geniş təhlil edilməmişdi. İlk dəfə olaraq mən ilkin qaynaqlar və dövrlə bağlı tədqiqatlar əsasında həmin prosesləri izlədim. Nəsiminin məhkəməsində sünni məzhəbinin 4 qolundan 3-nün baş hakiminin (qazılar qazısı) iştirak etdiyi, onların heç birinin sultanın yanından gələn iddiaçı ilə razılaşmadığı və həmin fərmanı imzalamadığına diqqət yetirdim. Bu əsasda da mütəfəkkir şairin ölüm hökmünün dini xarakterli olmadığı qənaətini 1997-ci ildən etibarən bir çox yazı və çıxışlarımda ifadə etdim. Təəssüf ki, bu qənaətimin istinadsız mənimsəmələri də az olmadı… Yenə də ərəbcə qaynaqdan məlum olur ki, şairin edamı haqqında fərman Misir sultanından (Sultan əl-Malik əl-Müəyyəd Şeyh əl-Mahmudi) gəlir. Tarixi araşdırmaları təhlil etməklə bu çərkəz əsilli Misir Məmlük sultanı ilə Zülqədər bəylərinin Nəsiminin edamınadək siyasi müxalifətdə olduğunu, o dövrdə hürufiliyin şeyxi olan mütəfəkkir şairimizin edamından sonra bu müxalifətin sona yetdiyini də üzə çıxardım… Bunlar Nəsiminin edamının heç bir dini etiqadla bağlı olmadığını, siyasi niyyətlərdən qaynaqlandığını aşkar göstərən dəlillərdir. Amma təəssüf ki, bu açıqlamalarımı – ulu şair və şəhidin yüzillərdən bəri üzərində qalan böhtanı təkzib cəhdimi bəzən yanlış istiqamətə döndərmə cəhdləri də olur. Sanki kimlərə isə edamın dini etiqadla bağlılığı iddiası sərf edir. Bəziləri israrla bunu dini məcraya yönəltməklə dinin cəmiyyətdəki mənfi rolunu vurğulamağa, digərləri bunu sünni-şiə qarşıdurması kimi interpretasiya etməyə meyllidir. Bənzər yozumları xüsusilə xarici araşdırmalarda görmüşdüm. Son günlərdə Azərbaycanda özünü nəsimişünas elan edərək, Nəsiminin edamının səbəbini rafizi-sünni qarşıdurması kimi təqdim etmək istəyənlərə də rast gəldim. Bu təhriflər tarixi gerçəkliyi əks etdirmədiyi kimi cəmiyyətimiz üçün də zərərli nəticələri ola biləcək bir təmayüldür.    

-Siz Nəsiminin diri-diri soyulması məsələsinin də həqiqətə uyğun olmadığını demisiniz…  Amma o dövrdə belə cəza növünü olduğu iddia edilir. Nəsiminin dərisinin edam ediləndən sonra soyulması ilə bağlı iddialar necə əsaslandırılır?

-Əslində bu mülahizəyə ilk olaraq, akademik Z.Bünyadovun “Nəsiminin məhkəməsi və qətli” adlı məqaləsində rast gəldim. Ərəbcə qaynaqlardan müvafiq hissələri tərcümə edən görkəmli tədqiqatçı sonda Nəsiminin diri-diri dərisinin soyulmasının gerçəkliyə uyğun olmadığını və bunun sonralar xalq tərəfindən uydurulmuş bir əfsanə olduğunu bildirir. Digər araşdırma və qaynaqlarda isə fərqli mülahizələrə rast gəldim. Belə ki, fərmanın mətninin yer aldığı bir çox əsərlərdə sadəcə “dərisi soyulsun” hökmü yer alır, amma bunun diri-diri, yaxud edam olunduqdan sonra icra olunması vurğulanmır. Məşhur ərəb tarixçisi və Nəsiminin kiçik müasiri İbn Həcər əl-Əsqəlani isə sultanın əmrini belə ifadə edir: “boynu vurulsun, dərisi soyulsun”. Bu artıq Nəsimiyə əzab vermək niyyətini aşan bir hökm idi və sağ qoyduğu, hakimiyyətinə təhlükə saydığı qüvvələri qorxutmaq məqsədini izləyirdi. Çünki ölümündən sonra baş verənlər Nəsimiyə həm cismani, həm də mənəvi anlamda əhəmiyyətsiz idi.

Əslində bu hökm təkcə müdhiş deyil, həm də təhqiramiz xarakterli idi. Bununla sultan sanki onun kəramət və qüdrət sahibi olması barədəki təsəvvürləri dağıtmaq, onun vəli və şeyx şəxsiyyəti üzərinə kölgə salmaq istəyirdi. Amma həmin edamla bağlı bu niyyət əks nəticə verdi. İnsanlar yüzillər boyu bu səbəbi araşdırdılar. Şairlər, aşıqlar ona sevgilərini şeirə çevirdilər. Nəsiminin Haqq aşiqi, ərən, fövqəlgüc sahibi bir qəhrəman surətini yaratdılar, haqqında çoxsaylı mənqəbələr söyləndi, nəticədə o, övliyalar və müqəddəslər panteonunda yer aldı…

Sonda bunu da əlavə etmək istərdim ki, sanki Nəsimiyə bir deyil, bir neçə adamın cəzası verilir: “dərisi soyulsun, 7 gün Hələbdə göstərilsin, əzaları kəsilsin…”. Sanki həm onun özü, həm də müttəfiqləri  üçün nəzərdə tutulmuş cəzanın hamısı Nəsimiyə verilir. Bu müdhiş edam isə sultanın rəqiblərini birdəfəlik susdurur.

Haqlısınız, tarix boyunca diri-diri dəri soydurulması kimi dəhşətli edam hökmləri az verilməyib, qədim dövrdə Şərqdə, orta çağda həm də Avropada analoji hallar az olmayıb. Nəsimi kimi faciəli aqibəti yaşayanlar arasında hz. İsanın həvarilərindən olan Varfolomey və manixeyizm dininin banisi Maninin də adı yer alır… Amma burada bir məqama diqqət yetirməmiz lazım gəlir ki, orta əsrlərdə, adətən, bu qorxunc hökm dövlətə qarşı çıxanlara, üsyançılara tətbiq olunurdu və Osmanlı tarixi araşdırmalarında bu, xüsusi vurğulanır. Bu kontekstdə Nəsiminin edamının o qədər dəhşət saçan şəkli Misir Məmlük sultanının siyasi rəqiblərinə qanlı mesajı idi. Bununla ürəyi soyumayan hikkəli və qəddar sultan həm də onun bəzi əzalarının kəsilərək,  Zülqədər bəyləri – Nəsrəddin bəyə və qardaşı Əli bəyə, Qarayölük Osmana göndərdir. Analoji hal kimi Uzun Həsənin Cahanşahın kəsilmiş başını onun müttəfiqi Əbu Səidə, Şah İsmayılın Şeybani xanın kəsilmiş başından düzəltdiyi qədəhi Sultan Qansuh əl-Quriyə və kəsilmiş əlini isə itaətsizlik göstərən Mazandaran hakimi Ağa Rüstəmə göndərməsini xatırlada bilərik. Bu kimi qəddar qərarlar isə siyasi rəqibə açıq şəkildə və ya doyası ilə özünün siyasi qüdrətinin nümayişindən başqa bir niyyət güdmürdü…

Download Template Joomla 3.0 free theme.