Nəsiminin ədəbi-fəlsəfi irsinə ümumi nəzər
Seyid İmadəddin Nəsimi Azərbaycan ədəbi və fəlsəfi fikrinin təkcə XIV yüzillikdə deyil, ümumiyyətlə, bütün əsrlərboyu yetişdirdiyi ən böyük mütəfəkkir şairlərdən biridir. Üç dildə yazıb-yaratmış şairlərimizdən olan Nəsiminin söz sənətkarlığında yetişdiyi zirvənin göstəriciləri onun türk və fars dillərində olan iki “Divan”ıdır. Şairin ərəbcə “Divan”ı olması barədə məlumatlara rast gəlinsə də, hələlik əlimizdə olan onun farsca “Divan”ına daxil edilən bir neçə ərəbcə şeiri və hər iki “Divan”ındakı müləmmələrdə yer verilən ərəbcə beytləridir. Qeyd etməliyik ki, Nəsimiyə “Müqəddimətül-həqayiq” (“Həqiqətlərin başlanğıcı”) mənsur əsər, “İnsan” və “Mənzumə fi məsləki-hürufiyyə” (“Hürufilik məsləki haqqında mənzumə”) kimi mübahisəli əsərlər də aid edilir. Bu əsərlərin sırasına İranda çapa hazırlanan daha bir əsərin – nəzmlə nəsrin növbələşməsi ilə qələmə alınmış “Təriqətnamə”nin də əlavə ediləcəyi gözlənilir. Sonuncu məlumatı bu əsərin tərtibçisi, eləcə də İranda Azərbaycan ədəbiyyatının yorulmaz təbliğatçısı olan Məhəmmədrza Kərimidən almışıq.
Qeyd etməliyik ki, müxtəlif üslublarda qələmini sınasa da, Nəsimiyə şair və mütəfəkkir olaraq şöhrət gətirən və adını misilsiz söz sənətkarları sırasına yazdıran türkcə “Divan”ıdır. O, türk fəlsəfi fikrinin divan seiri qəlibində poetik ifadəsini bu sahədə neçə yüzillərdən bəri ənənəsi olan ərəb və fars şeiri səviyyəsinə yüksəldib. Doğrudur, Nəsiminin əsərlərində özündən əvvəlki dövrün və öz dövrünün bədii-fəlsəfi fikrinin çeşidli biçimlərdə təsirini görmək mümkündür. Bununla yanaşı, şairin söz sənətinin bədii təxəyyüldən qidalanan cilalı poetik dili və analitik təfəkkürün məhsulu olan fəlsəfi-irfani tutumu onun yaradıcılığına təkrarsız fərdi keyfiyyət vermişdir.
Mütəfəkkir şairin şəxsiyyəti ilə əlaqəli bir çox mübahisəli və ziddiyyətli mülahizələr mövcuddur. İlkin qaynaq və elmi araşdırmalarda Nəsiminin şəxsiyyəti ilə əlaqədar təzadlı mülahizələrin təhlilinə girişməyərək, tarixi gerçəkliyə yaxın hesab etdiyimiz qənaətləri xülasə şəklində təqdim edirik:
Orta əsrlər müəllifləri İmadəddin, Nəsiməddin, Ömər, Əli, Əbdülmənaf, Əbu Səid, Müslihəddin, Cəlaləddin, Hüseyn kimi adları Nəsimi ilə əlaqələndirsələr də, bu adlar içərisində həqiqətə ən uyğun olanı İmadəddindir. Bu ad şairin özünün farsca “Divan”ında “İmad” şəklində yer alır. Mürşidi Fəzlullah “Seyid İmad”, xəlfəsi Rəfii isə “İmadəddin” deyə ondan söz açmışlar.
Çoxvariantlılıq Nəsiminin təxəllüsü ilə də bağlı müşahidə olunur: “Seyid”, “Hüseyni”, “Nəsimi”, “Haşimi”, “Qüreyşi”, “İbrahimi”. Halbuki Qüreyşi və İbrahimi şairin seyidliyinin mənşəyi ilə əlaqədar müraciət etdiyi etnonim səciyyəli adlardandır və təxəllüs statusuna malik deyil. Bununla belə qeyd etməliyik ki, onun farsca və türkcə şeirlərinin məqtə beytlərində yer alan “Seyid”, “Hüseyni” və “Haşimi” də şairin seyidliyinin mənşəyi ilə əlaqəlidir, ikincisi isə həm də məzhəbinə eyhamla qəbul olunmuşdur. Nəsiminin əsl seyidlərdən (“sadati-səhihül-ənsab”) olması barədə qeydlərə təkcə təzkirələrdə deyil, şairin öz əsərlərində də rast gəlinir: “Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qüreyşiyəm...”; “...Övladi-teyyibinsən, həm Adəmü həm insan”; “Çün Nəsimi sirri-İbrahimü Haşimdir bu gün...”. Nəsiminin adına əlavə olunan “Əmir” (“Mir”) epiteti də seyidliyi ilə bağlıdır. Nəsiminin məzhəb baxımından şiə olmasını özünü “imamı-məzhəb” adlandırması, həzrəti-Əli, əhli-beyt və on iki imama məhəbbətinin poetik təzahürləri, mehdilik etiqadının çoxsaylı ifadələri təsdiqləyir. Şairin mükəmməl mədrəsə təhsili almasının göstəriciləri onun İslamla bağlı dərin biliklərə malik olması, şəriət hökmləri və Quranın şərhlərinə yaxından bələdliyi, digər səmavi kitablar (Tövrat, Zəbur, İncil) barədə geniş məlumata sahib olması və s. amillərdir.
Nəsiminin avtobioqrafik xarakterli bəzi şeirlərində mədrəsə təhsilini bitirdikdən sonra din xadimi kimi fəaliyyətinə işarələr var:
Ey Nəsimi, vəz ilə çox vəz edərsən aləmə,
Hazır ol, felin gözət kim, ömrə yoxdur etibar.
Farsca bir şeirində isə o, alimin, yəni din xadiminin qiyafəsini qələndəri qiyafəsi ilə əvəz etdiyini açıq-aydın söyləyir. Nəsiminin əsərlərində özünün alim, qələndəri və hürufi qiyafələrinin təsviri təkcə zahiri görkəmində deyil, dünyagörüşü və həyat tərzində də baş verən dəyişiklikləri əks etdirir, bir mütəfəkkir olaraq onun ömür yolunu gözlərimiz önündə canlandırır. Orta əsrlərdə mədrəsə təhsili 20-25 yaşlarda bitirildiyi üçün şairin təqribən həmin yaşlarda hürufiliyə daxil olmasını ehtimal edirik. Çünki əsərlərindəki fraqmentlərin təhlili onun bu təriqətə daxil olanadək mədrəsə təhsili alması, bir müddət təhsilinə uyğun biçimdə fəaliyyəti, daha sonra irfan və təriqət yolunu tutması təsəvvürünü yaradır. Fəzlullahın ilk xəlfələrindən Əliyyül-Əla vasitəsilə cəlb edildiyi hürufilikdən əvvəl Nəsiminin qələndərilərdən olmasına şairin hər iki “Divan”ındakı şeirlərdə işarələr var:
Həm mən qələndərsurətəm, fərdəm, mücərrəd, təcridəm,
Oldum fəqirü həm gəda, həm mülkə sultan gəlmişəm.
Nəsimi bir sıra şeirlərində özünü “laübali aşiq”, “rind”, “qəllaş”, “təcrid”, “mücərrəd” adlandırır ki, bunlar da qələndəri istilahlarındandır. Şairin “Biz ki Rum içində abdal olmuşuz” misrasına əsaslanaraq, hürufilərin Anadoluda abdal-qələndəri olaraq bilinməsi, başqa sözlə desək, özlərini abdal olaraq tanıtmaları və bir ara bu təriqətdə sığınacaq tapması qənaətinə gəlirik. Şairin qələndəri sözünə tez-tez müraciəti onun Anadoluya səfəri zamanı hürufiliyi təbliğində abdal-qələndəri çevrələrinə güvəndiyinin, eyni zamanda, hürufilərin fəaliyyətinin ilk dönəmlərində bəktaşilərlə deyil, qələndərilərlə ittifaqının göstəricisi kimi dəyərlidir. Şair özünü qələndəri (“qələndər-e məni” - məna qələndərisi) adlandırdığı farsca məsnəvisində abdallarla yoldaş (“rəfiq”) olduğunu da dilə gətirir. Bu kimi detallar isə onun hürufiliyə qədər əlaqədar olduğu qələndəri zümrələri ilə yaxınlığı həyatının sonrakı dövrlərində də qoruduğunu göstərir.
Şairin Hafiz Şirazini hürufiliyə dəvət etmək məqsədilə farsca yazdığı tərcibənd-məktubda özünü “qələndər” və “mücərrəd” adlandırması onun 1386-1389-cu illərdə subay olduğunu göstərir. Belə ki, hürufilik 1386-cı ildə elan olunduğu, Hafiz Şirazi isə 1389-cu ildə vəfat etdiyindən Nəsiminin məktubunun bu illər arasında yazıldığı şübhədən kənardır. Şairin türkcə bir qəzəlində öz künyəsinin “Əbülfəzl” olduğunu qeyd etməsindən isə onun sonralar evlənməsi və Fəzlullahın adını daşıyan bir oğlu olması qənaəti hasil olur. Lakin Nəsiminin Fəzlullahın qızlarından biri ilə evlənərək, onunla qohumluq telləri ilə bağlanması barədəki mülahizənin heç bir əsası yoxdur və hürufi mürşidi öz “Vəsiyyətnamə”sində Seyid Əli deyərkən Nəsimini deyil, Əliyyül-Əlanı nəzərdə tutmuşdur. Çünki Əliyyül-Əladan “Seyid Əli” deyə söz açan hürufilik qaynaqlarında Nəsiminin adı “Əmir Seyid Nəsimi”, yaxud “Əmir Seyid İmadəddin Nəsimi” kimi göstərilir.
Təxəllüsü ilə səyahətlərdə keçən ömrü bir həmahənglik yaradan Nəsimi səhər mehi kimi bir yerdə qərar tuta bilməmişdir. Onun müxtəlif niyyətlər ilə üz tutduğu ölkə və şəhərlərin təxmini siyahısı belədir: Şiraz, İsfahan, Bursa, Bakı, İraq (eləcə də Bağdad), Rum, o cümlədən Maraş, Ankara, Toqat, Əntəp (indiki Qaziantep), Ərzincan (Kəmax qalasına xitabı bunu təsdiqləyir) və nəhayət, şairin sonuncu “duracaq yeri” (Nəsimi) olan Hələb. Ərəbcə mənbələrdə Nəsiminin Hələbdə hürufi şeyxi kimi fəaliyyəti barədə verilən bilgilər onun öz əsərlərində təsdiqini tapır:
Əzəldən piri-eşqin sərvəriyiz,
Təriqi-əhli-Fəzlin rəhbəriyiz.
Valiyi-əhd oldun, ey Seyyid, zi fəzli-ləmyəzəl,
Gör nə der vali: “Budur, “vallahi-aləm bis-səvab”.
Nəsiminin Hələbə gedişi, orada hürufi şeyxi kimi fəaliyyəti, nəhayət, bu fəaliyyətin nəticəsi olaraq öldürülməsi hansısa bir təsadüflə bağlı deyildi. Onun edam olunması haqqında fərman verən Misir sultanı Şeyx əl-Müəyyəd (əl-Məlik əl-Müəyyəd Şeyx əl-Mahmudi) dini təəssübkeşlik adı altında özünün siyasi mövqeyini möhkəmləndirmək məqsədini güdürdü. Belə ki, Misir sultanına qarşı uzun müddət mübarizə aparan və Nəsimi barədə verilən ölüm hökmündə adı çəkilən Zülqədərli Əli bəy 1417-ci ildə – məhz Nəsiminin öldürüldüyü ildə – bağışlanılmasını xahiş edən və itaətini bildirən məktubla Şeyx əl-Müəyyədə müraciət etdi. Həmin fərmanda adı çəkilən digər Zülqədər bəyi Nəsrəddin isə 1419-cu ildə Misir sultanı ilə birlikdə Ramazanoğullarına qarşı vuruşdu və sultan Qəstomoniyyəni (Kastamonu ərazisi) ona bağışladı...
Bu istiqamətdə apardığımız tədqiqat hürufiliyin ictimai-dini əsasları üzərində qurulacaq dövlətin, arxalanacaq siyasi haminin axtarışları uğrunda Nəsiminin fəal mübarizəsini, hətta bir sıra hadisələrə istiqamətverici rolu öz üzərinə götürməsini onun faciəli ölümünün başlıca səbəbi kimi düşünməyə əsas verir. Həyatı ziddiyyətlərlə dolu olan Nəsimi ilə bağlı daha bir təzadlılıq onun faciəli aqibəti və ölümündən sonra baş verən hadisələrdə özünü göstərir: çərkəz məmlüklərindən olan Misir sultanı Şeyx əl-Müəyyəd (1421-ci ildə ölüb) Nəsiminin ölüm hökmünü imzaladığı halda, digər Misir sultanı və çərkəz məmlüklərinin sonuncularından olan Qansuh əl-Quri (Qavri) (1516-cı ildə ölüb) öz qələbəsi şərəfinə Nəsiminin məqbərəsini bərpa etdirir. Bu isə özü də türkcə “Divan” yaratmış sultanın hürufiliyə meylindən artıq, onun Nəsiminin şəxsiyyətinə ehtiramının göstəricisidir. Kim bilir, bəlkə də bu sultan həlledici döyüşdən əvvəl ağ paltarlı Nəsimini yuxusunda görmüşdü... (Hələbdə son illərədək yaşayan bir rəvayətə görə, Nəsimini ağ paltarda görmək xoş xəbər müjdəsidir... Burada Xacə Əhməd Yəsəvi və Əmir Teymur ilə bağlı bir rəvayəti də analoji hadisə kimi xatırlamaq yerinə düşərdi. Döyüşlərdən birindən əvvəl Əmir Teymur yuxusunda Əhməd Yəsəvini görür və kəramətləri ilə məşhur olan bu sufi əmirin qələbə çalacağını xəbər verir. Həqiqətən də qələbə ilə nəticələnən döyüşdən sonra Əmir Teymur Əhməd Yəsəvinin məqbərəsini təmir etdirir).
Hürufi Nəsiminin fərdiyyəti
Nəsiminin ədəbi və bədii-fəlsəfi irsinə bənzərsiz fərdi sima verən hürufilik dünyagörüşüdür. Hərf, say, səs və söz mistisizmindən bəhrələnməklə sufilik və şiəliyin sintezini yaradan bu fəlsəfi fikir cərəyanına mənsub olanlar özlərini ilk dövrlərdə daha çox “əhli-Fəzl”, “əhli-həq”, “dərvişan-e halalxor-o rastquy” (halal yeyən və doğru danışanın dərvişləri), “ərbabi-Fəzl” adlandırmışlar. Nəsimi şeirində də “hürufi” anlamında “əhli-Fəzl” ifadəsi yer almaqdadır. Ərəbcə “hərflər” demək olan “hüruf”dan törəmiş “hürufilik” adı isə təriqətin öz nümayəndələri tərəfindən çox zaman rəğbətlə qarşılanmamışdır. Hətta “hürufi” adının yaratdığı mənfi duyğular o qədər güclü olmuşdur ki, XVII yüzilliyə aid bir məktubun müəllifi – hürufilik təriqətinə mənsub miri-ələm Cəlal bəy “hürufi” adlandırılmasına etiraz edir:
Əhli-həqqə hürufidir dersən,
Sən ki elmi-lədundə qasirsən.
...Həmdülillah əqidəmizdir xub,
Hərfi-Qurana olmuşuz mənsub.
Fəzlullahın daha çox Qurandakı hürufi-müqəttəat və mübhəm ifadələrin, eləcə də islamda xüsusi dəyər verilən sayların (namazdakı rükətlərin sayı və s.) izahı üzərində qurulan mülahizələri sonralar onun xəlfələrinin hərflərə ifrat meylinə çevrildi. Bu mənada Fəzlullahın hürufiliyi ilə onun müridlərindən olan Nəsiminin hürufiliyi arasında bir sıra fərqli məqamları da müşahidə etmək mümkündür. Fəzlullahın hürufiliyin fəlsəfi-nəzəri əsaslarını təqdim etdiyi “Cavidannamə” Nəsiminin bir sıra şeirlərinin açılışına yardım edirsə də, şairin ilk baxışda hürufilikdən təsirlənmə kimi görünən əsərlərinin bir qismi Quran təfsirləri və təsəvvüfdən qaynaqlanan ideyaların poetik-fəlsəfi ifadələridir. Nəsimi hürufiliyin, təbii ki, bütün ideyalarını nəzmə çəkməyib və onun şeirində ən qabarıq müşahidə olunan cəhətlər Quran surələri və insanın surəti arasındakı bənzərlik, kainat, Quran və insanın mahiyyət baxımından harmoniya təşkil etməsi istiqamətində axtarış cəhdləri və məntiqi qənaətləridir. Təsəvvür aydınlığı üçün iki örnəyə nəzər salaq:
Ala gözündə həq çün yazmış on iki ayət,
Uş müshəf, üştə təfsir, uş еyninin alası.
Surətin lövhündə yazmış nəqşbəndi-kafü nun,
Ayəti-Allahu nurən, höccətü bürhan budur.
Nəsiminin hürufiliyin təbliği ilə bağlı şeirlərinin böyük əksəriyyəti Fəzlullahın şəxsiyyətinə pərəstiş üzərində qurulub. Məhz təbliğat niyyətini daşıdığı üçün Nəsiminin şeirlərində Fəzlullahın şəxsiyyəti həyati, bəşəri cizgiləri ilə deyil, tamamilə ideallaşdırılmış bir şəkildə tərənnüm olunub. Nəsiminin əsərlərində onun həyatda tanıdığı Fəzlullah ilə İsa peyğəmbər, yaxud Həllac Mənsur obrazlarının təsvir və təqdim üsulunda əsaslı bir fərq hiss olunmur. Azsaylı istisnalara şairin özünün səbirsizliyinin, mürşidinin isə təmkinliyinin ifadəçisi olan beytini (“Dilbər aydır: Ey Nəsimi, səbr qıl, etmə fəğan // Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm”) örnək olaraq göstərmək olar. Halbuki Nəsiminin “Divan”larına, xüsusilə türkcə əsərlərinə səpələnmiş bəzi məlumatlar bioqrafik xarakterlidir və şairin özünə aid real cizgilərin ifadəçisidir. O, dalğın görkəmli, kəpənək (yapıncıya bənzər geyim), əba, şal geyimli, bəzən qəzəbli və kinli, bəzən yumor dolu, bəzən olduqca bədbin, bəzən olduqca nikbin, amma bütün hallarda qəlbində Tanrı sevgisi, səmimi etiqadı olan canlı insandır. Burada belə bir müqayisə aparmaq da yerinə düşərdi ki, Mövlana öz “Divan”ında çox vaxt özü ilə mürşidi Şəms Təbrizi arasındakı fərqliliyin aradan çıxması mənasında şeirlərini Şəmsin adından qələmə alır. Lakin Nəsiminin şeirlərində onun Fəzllə özünü eyniləşdirməsinə rast gəlinmir. Fəzlullah Allahın özü deyil, onun Yer üzündə, bu dünyada xəlifələri sayılan övliya və kamil insanlar kimi vəsf edilir. Nəsimi heç bir şeirində Fəzlullahı kainatın yaradıcısı hesab etmir, onu sadəcə bu dünyada “yarın bədəli” (burada: ilahi məşuqun Yer üzündəki əvəzi) saydığını bildirir. Həmin düşüncə isə öz əsasını Qurandan götürür. Belə ki, bu sonuncu səmavi kitabda Adəmin – ilk insanın Allahın canişini, xəlifəsi hesab olunması (bax: “Bəqərə”: 30) açıq ifadə edilmişdir. Hürufilərə görə, Fəzlullah həm də həzrət Adəmin ruhunun daşıyıcısıdır.
Nəsiminin Fəzlullaha, eləcə də Mövlananın Şəmsə məhəbbəti bu əsasda – İslami və irfani düşüncə kontekstində öyrəniləndə öz həqiqi dəyərini ala bilər. Bu tərzdə məhəbbət öz başlanğıcını təsəvvüf fəlsəfəsindən götürür: vəli (kamil insan) həqiqətə və Haqqa ən yaxın insandır, qəlbən saflaşaraq həqqin təcəlligahına çevrildiyi və Haqqa qovuşduqları üçün onlar “həqqin məzhəri” adlandırılmışlar. Nəsimi də eyni düşüncənin təsiri ilə deyir:
Kim ki, əsrari-Nəsimi bilmədi,
İzzəti-fəzli-Nə’imi bilmədi,
Divi-dun oldu, əzimi bilmədi,
Məzhəri-zati-qədimi bilmədi.
Nəsiminin arif şəxsiyyəti
Nəsiminin əsərlərində onun hürufi dərviş və haqq aşiqi obrazları ilə yanaşı, bir də arif şəxsiyyətinin cizgiləri qabarıq nəzərə çarpır. Hətta hürufilik ideyalarını təbliğ etdiyi şeirlərində də Nəsimi özü və məsləkdaşlarının “əhli-irfan”dan olduğunu bildirir:
Səkkiz cənnət yüzündən zahir oldu,
Məgər sən əhli-irfan rəhbərisən?
Ey könül, nadan qatında razını faş eyləmə,
Əhli-irfandır bu razın məhrəmi, nadan degil.
Hürufiliyin nümayəndələri insan və kainat arasındakı həmahəngliyi hərf və saylar vasitəsilə izaha üstünlük verirdilər. Son nəticə etibarilə bu üsulla maddi aləmin qeyb aləmi ilə əlaqəsi, adi gözlə görünməyən gizli qanunauyğunluqlar, başqa sözlə, ilahi nizamın mövcudluğu əsaslandırılırdı. Aləmül-qeyb, Allah və ruh haqqındakı qənaətlərdə, insan və kainatın yaranışı barədəki mülahizələrdə isə hürufiliyin qaynağı vəhdəti-vücud fəlsəfəsidir. Hürufilik də vəhdəti-vücudun başlıca müddəalarını müdafiə edir, Yaradanla yaradılmışın əlaqəsini qəbul edirdi. Bu mənada ariflər və hürufilər arasında ciddi fikir ayrılığı yoxdur. Doğrudur, bir sıra təfərrüatlar və fikri ifadə tərzində hürufilik və irfan arasında bəzi ayrılıqlar tapmaq mümkündür. Lakin bu fərqlər həmin ideyaların mahiyyətini dəyişdirəcək həddə deyildir. Ayrıca araşdırma mövzusu olan bu bəhsə aid bir-iki nümunə göstərməklə kifayətlənəcəyik. Saç (“zülf”, “cə’d”...) təsəvvüf ədəbiyyatında çoxluğun rəmzi, ruhların məskəni və s. kimi anlamlar daşıyır və bu zaman o, gerçək varlığı gizləyən bir örtük mövqeyindədir. Hürufilikdə isə “xətt”, o cümlədən saç hərf və say mistisizminin başlıca ünsürü və dayaq nöqtəsidir. Bu zaman o, əksinə, mahiyyəti üzə çıxaran əlamət və vasitə kimi nəzərdə tutulur. Lakin bu kimi ayrılıqlar və fikrin özülünü saxlamaqla qəlibini dəyişdirmələr, bir sıra azərbaycanlı müəlliflərin etdiyi kimi, təsəvvüf və hürufiliyin arasına sədd çəkmək və hətta onları qarşı-qarşıya qoymaq üçün əsas vermir. Nəsiminin, hürufiliyi ən qabarıq ifadə etdiyi əsərlərində belə, təsəvvüfi düşüncə tərzinin hakimlik və istiqamətvericiliyi müşahidə olunur. Hürufi və arif Nəsiminin dünyanı dərk və izahetmə üsulunda ayrılıqdan çox bu ideyaların mahiranə sintezi görünür. Nəsiminin farsca “Divan”ında irfani ideyalar, Əttar və Mövlana yaradıcılığında olduğu kimi, çox zaman aşkar təlqini xarakter daşısa da, şairin türkcə “Divan”ında bu mülahizələr daha çox bədii təxəyyülün ilham mənbəyidir və çox zaman poetik düşüncənin bədii ideyalar axınına tabe olur.
Digər təsəvvüf şairləri kimi Nəsimi də, adətən, ağıl ilə eşq, alim ilə arifi sıx-sıx qarşılaşdırmaqda, ikincilərə üstünlük verməkdədir. Amma mütəfəkkirə görə, alim qeyb aləminin sirlərini (“lədün elmi”) bildikdə onun mövqeyi ariflə eyniləşir:
Çün min lədün elminə ol olmadı alim, ey fəqih,
Əhli-nəzər önündə ol bir cahili-hirman gəlir.
Şairin “can elmi” (ruh elmi) termini də bu kontekstdə maraq doğurur:
Can elmini bu hücrədə təhsil edəməzsən,
Adəm biki bil, cisminə sən can olamazsan.
Nəsimi istər türkcə, istərsə farsca “Divan”ında İslami ənənədən çıxış edərək, qeyb aləmində mələklərin Adəmə öyrətdiyi elmdən və irfani anlayış olan elmül-yəqindən də söz açır. O, ümumiyyətlə, insanları elmi biliklərinə görə təqribən belə qruplaşdırır: əhli-mədrəsə, əhli-nəzər, əhli-vəhdət, əhli-fəzl.
Nəsimi yaradıcılığında eşq anlayışı
Nəsiminin hər iki “Divan”ında təsəvvüfün eşq anlayışının ən incə məqamları ilə bədii-fəlsəfi ifadələrinə rast gəlinir. Onun şeirində ilahi həqiqətin yolunun axtarışında canlı aləmin insandan başqa varlıqlarının da ruhi haləti, aşiqlikdə yetişdiyi mərtəbə və s. söz açılır. Yaradanın aşiqləri yalnız insanla məhdudlaşmır, şəm, gül, sürahi və s. real aləmdə aldığı bir sıra vəziyyətlərdə aşiqliyin əlamətləri görülür. Nəsimi:
Gül kimi gülə-gülə, gəl, aradan pərdə götür
Ki, yüzin görməginə dideyi-giryan susadı.
“Gül kimi gülə-gülə budağın ucundan düşdük // Can bağışlayan o şaha da canı verdik” söyləyən Mövlanə kimi Nəsimi də gülün “xəndan” olmasını onu cismani məhvə doğru yönəldən və ilahi vüsala yaxınlaşdıran bir hal kimi təsvir edir. Nəsiminin şeirində daha yüksək bədii dəyər kəsb edən bu motivə maddiliyin rəmzi olan “pərdənin götürülməsi” deyimi də əlavə edilərək, ikiliyin öz yerini vahidə verməsi bildirilir. (Digər qəzəlində Nəsimi deyir: “Mənligin rəf’ olmayınca, aradan getməz hicab”). Göründüyü kimi, Nəsimi yuxarıdakı beytdə “gül” obrazı vasitəsilə saliki ilahi həqiqətə doğru aparan yolun təsvirini vermişdir.
Nəsiminin bahariyyələri başdan-başa təbiətin Yaradana məhəbbətinin təsviri üzərində qurulub. Şairin son dərəcə səmimi yaşantıları və dərin hissləri onun eşq fəlsəfəsi ilə qovuşaraq, əsərlərinə bir canlılıq verib. Bahariyyələrində çəmənləri əlvan rənglərə boyayan bahar çiçəklərinin tamaşasına səsləyən şair baharda təbiətin gözəlliyini hüsni-mütləqin təcəssümü kimi öyür, ondan zövq almağa səsləyir:
Bənövşə, gül tamaşası qənimət bil ki, beş gündür,
Satar məşuqə gül hüsnün, xəridar ol bu bazarə.
Nəsimi bahariyyələrinə söz sənətkarlığı və irfanın uğurlu sintezi xarakterikdir. Onun bahariyyələrində təbiət həqiqətə – o mütləq gözəlliyə açılan bir pəncərədir: “Bahar anun sifatıdır ki, göstərmiş bu aləmdən”. Təbiət onun şeirlərində həm dünyəvi, həm irfani anlamda keçid mövqeyində olsa da, xəyali deyil, gözəllikləri ilə mövcuddur. Şairin qəzəllərindən birində deyildiyi kimi, “mövcud aləm həm zatdır, həm də sifat”.
Qeyd etməliyik ki, Nəsiminin məhəbbətlə bağlı poetik bəhslərini, eşqini tamamilə sufiyanə eşq kimi qiymətləndirənlər olsa da, türk fəlsəfi-bədii düşüncə tərzinin əvəzsiz poetik örnəklərini yaradan şairin lirikasının müəyyən bir qismini tərəddüdsüz olaraq dünyəvi aşiqanə şeirlərə aid etmək mümkündür. Həmin şeirlərdən ikisinin mətlə beytini aşağıda qeyd etməklə kifayətlənirik:
Alinə vermişəm könül, ali çoq alə düşməsün,
Yanağunun qızılgülü üstünə jalə düşməsün.
Ey yanağından xəcil gül laleyi-həmra ilən,
Qanımı tökdü gözün hər ləhzə bir sevda ilən.
Şairin bu kimi dünyəvi əsərlərində fikrin bədii ifadəsi olduqca zərif və oynaqdır, duyğular isə canlı, təbii və səmimi poetik inikası ilə heyrət doğurur. Bununla belə, Nəsimi şeirində ənənəvi irfani eşq anlayışına daha artıq yer ayrılmasını da xüsusi vurğulamalıyıq. Şairə görə, “Aşiqi-sadiq oldurur həq yoluna şəhid ola…”
Ümumiyyətlə, Nəsiminin çoxyönlü eşq anlayışını xülasə şəklində bu cür dəyərləndirmək olar:
-dini məzmunlu eşq (həzrət Məhəmməd, həzrət Əli və imamlara məhəbbət və rəğbətin ifadəsi);
-irfani eşq (kainatdakı bütün varlıqların, o cümlədən yaradılmışın alisi olan insanın Allaha məhəbbətinin ifadələri);
-hürufilikdən qaynaqlanan eşq (irfani eşqdə olduğu kimi, Allaha və onun yer üzərində canişini bildiyi Fəzlullaha rəğbət və heyranlığın ifadələri);
-dünyəvi eşq.
Şairin “quş dili”ndə anlatdıqları...
Nəsimi şeirinə xüsusi bir mübhəmlik gətirən ünsürlərə hərf və say üzərində qurulan rəmzlər, hürufi müəmmaları, eləcə də təsəvvüf məcazları daxildir. Bu sirliliyin mövcudluğu şairin özü tərəfindən “əsrari-Nəsimi”, “quş dili”, “özgə lisan”, müasirləri və ardıcılları tərəfindən “sirri-Nəsimi” kimi deyimlərlə ifadə edilmişdir. Ədəbiyyatşünaslıqda fəlsəfi məzmunlu məcazlar termin, işarə-simvol, kod, yaxud heroqlif adlandırılır. Nəsimi şeirində də bu kod xarakterli fəlsəfi məcazlar çoxluq təşkil edir və bu, məhz Nəsimi sirrinin əsasıdır.
Əksəriyyəti müxtəlif mövzuların çarpazlaşması üzərində qurulan Nəsimi qəzəlləri başlıca vurğu, bəzən də zahiri görünüş və ilkin təəssürat əsasında müəyyən bir bölümə daxil edilir. Halbuki söz sənətinin imkanlarına incəliklərinədək yiyələnmiş şairin bəzi əsərlərini mövzu baxımından konkret bir bölgüyə aid etmək mümkün deyil. Onun şeirlərindən bir qismi hürufi-təsəvvüfi, hürufi-lirik, təsəvvüfi-lirik, dünyəvi-lirik, bəziləri isə daha mürəkkəb – təsəvvüfi-hürufi-lirik kombinasiyalıdır. Bu dediklərimizə nümunə kimi şairin “Kimin var?” rədifli qəzəlini göstərə bilərik. Nəsiminin bu şeirində o qədər səmimiyyət və müxatibinə o qədər yaxın ünsiyyət var ki, ilk oxunuşda onun ilahi eşq mövzusunda yazıldığı məlum olmur. Qəzəl fikri ifadə tərzi və emosionallığına görə dünyəvi məhəbbət mövzusunda yazılmış ən mükəmməl şeirlərlə müqayisə edilə bilər:
Aləmdə bu gün sənciləyin yar kimin var?
Gər “var” desən, “yox” deməzəm, var? Kimin var?
Bu kimi şeirlərin hansı ideyanın ifadəsinə yönəldiyini isə digər beytlərdəki fikri açar mövqeyində olan söz, motiv, yaxud ideya əsasında müəyyənləşdirmək mümkün olur:
Dildari-məcazi bulunur aşiqə min-min,
Bir mənciləyin “Məxzəni-əsrar” kimin var?
Məlum olduğu kimi, irfanda həqiqi eşq deyilərkən, Allaha yetirilən, məcazi eşq deyilərkən isə dünyəvi anlamlı məhəbbət nəzərdə tutulur. Yuxarıdakı beytdə də şair müxatibinin məcazi sevgili (“dildari-məcazi”) deyil, həqiqi sevgili (Allah) olmasına işarə edir.
Nəsimi şeirində bəzən ayrı-ayrı parçalar – beyt, misra, hətta ifadə tamamilə dünyəvi məzmun daşıyaraq, sadəcə sufiyönümlü ideyaya keçid və körpü rolunu oynayır. Bu zaman şair elə bir sözü vasitəçi seçir ki, o, çoxanlamlılıq, assosiasiyalar, ideyalar axını yaratmağa qadir olsun. Məsələn, Nəsiminin şeirində “ala göz” yalnız şairin estetik zövqünün göstəricisi və dünyəvi gözəlliyin əlamətlərindən deyil. O, mavi rəngi ilə insan və kainat arasındakı harmoniyanın ifadəçisidir: “Gözlərin alası afaqı tutubdur...” Göründüyü kimi, “sufiliyin mərkəzi metafizik anlayışı (makrokosmun mikrokosm vasitəsilə dərki)” (İ.V.Zotova) bu poetik parçanın da fikri özüllərindən biridir.
Bu bəhsi yekunlaşdırarkən onu da qeyd etməliyik ki, hadisələri ən kiçik təfərrüatı və varlıqları ən xırda detalları ilə görə biləcək qədər onlara yaxın və bütün bunları bir də ruhu ilə yüksələrək, ucadan seyr edib ümumiləşdirə bilmək qüdrətinə malik olan Nəsimi öz sözünün sirrini çox az şair və tədqiqatçıya açmışdır. Şair özü də bunu şeirlərindən birində obrazlı şəkildə belə ifadə edir:
Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz,
Bu, quş dilidir, bunu Süleyman bilir ancaq.
Nəsiminin söz ümmanından bəhrələnmələr
Təkcə Azərbaycanın deyil, ümumiyyətlə, türk divan və təsəvvüf ədəbiyyatının görkəmli nümayəndələrindən olan Nəsimi özündən sonra çox uzunömürlü bir ədəbi məktəbin sarsılmaz təməlini qoymuşdur. Şairin çox mürəkkəb fəlsəfi fikirlərinin türk dilinin və əlbəttə ki, öz hisslərinin təbii axarına müvafiq şəkildə ifadəsi onun şeirinə səmimiyyət və canlılıq vermişdir. Bu səmimilik Nəsimi şeirinin həmişəyaşarlığını təmin edərək, sonrakı dövrlərdə yazıb-yaradan söz ustalarını onun təsir dairəsinə cəzb etdi. Şairin hürufilik, irfan və fərdi düşüncədən süzülüb gələn fikirlərinin mürəkkəblik və sinkretizmi isə onun şeirinə bir əsrarəngizlik verərək, həm cəlbedici, həm də əlçatmaz etdi.
Nəsiminin Azərbaycan, Türkiyə, İran, Özbəkistan, Türkmənistan və İraq türkmən ədəbiyyatında davamçıları çox olsa da, az bir qismi onun sözünü incəliklərinədək dərk edərək qavraya bildi və onun dediklərinə nə isə əlavə etmək iqtidarında oldu. Nəsimi məktəbinin nümayəndələrinin sayı isə Nizami və Füzulinin ardıcıllarından sayca az deyil, bəlkə çoxdur. Çünki onun söz sənətinin təsiri divan, təriqət, yazılı, şifahi, türk, yaxud da farsdilli ədəbiyyat məhdudiyyəti tanımır.
Nəsiminin ədəbi nüfuz dairəsi türk ədəbiyyatı ilə məhdudlaşmır. Onun farsca “Divan”ının təsirini farsdilli ədəbiyyatın çoxsaylı nümayəndələrinin (Seyid Yəhya Bakuvi, Hatif İsfahani, Şah Qasim Ənvar, Cami və digərləri) bədii irsində izləmək mümkündür. Əslən cığatay olan farsdilli Bidel şeirlərində Nəsiminin istər türk, istərsə də fars dillərindəki “Divan”larından müxtəlif səviyyəli təsirlənmələr özünü göstərir. Sultan Bahu ilə urdu ədəbiyyatında başlayan “sihərfi” (otuz hərfli) poetik forma ənənəsinin ilk örnəkləri də əlifnamə şəklində Nəsimi şeirindədir. Bu bəhrələnmələr isə Nəsiminin fars dilində də söz sənətinə hakim olduğunu göstərir.
Bir çox müəllifin yaradıcılığında Nəsiminin şəhidlik zirvəsinə yüksələn bir haqq aşiqi kimi öyülməsinə rast gəlinir. Bəzən şairin adı İmad, Nəsimi, Seyid Nəsimi, Hüseyni kimi açıq şəkildə ifadə edilir, bəzən isə o, sadəcə xatırlatma xarakterli işarə-beyt və ya misralarda eyham vasitəsilə yad olunur. Bəzən isə şairin təxəllüsü ilə assosiasiya yaradan deyimlər (nəsim, nəsimi..) vasitəsilə şəxsiyyətinə işarə edilir. Xüsusilə ələvi-bəktaşiliyin nümayəndələrinin şeir yaradıcılığında şairə heyranlıq və məhəbbətin ifadələri çoxluğu ilə seçilir.
Burada Nəsiminin adının Azərbaycan (Şah İsmayıl Xətai (XVI), Sarı Aşıq (XVII), Aşıq Ələsgər (XIX), Türkiyə (Muhyiddin Abdal (XVI), Pir Sultan Abdal (XVI), Nevi (XVI), Koyunoğlu (XVII), Qul Nəsimi (XVII), Əzmizadə Haləti (XVII), Şeyxülislam Yəhya (XVII), Şəmi (XIX) və s.), Türkmənistan (Məxtumqulu (XVII), Şeydayi (XVIII) və Özbəkistan (Hafiz Xarəzmi (XV), Nəvai (XVI), Məşrəb (XVII) şairlərinin əsərlərində yad olunmasını xatırlatmaqla kifayətlənirik.
Nəsiminin həyat yolu və faciəli aqibəti Əndəlibin “Risaleyi-Nəsimi”, Sergey İvanovun “İmadəddin Nəsimi”, Rəsul Rzanın “Son gecə”, Qabilin “Nəsimi”, Nəbi Xəzrinin “Mənim babam baxan dağlar”, Nazar Qullayevin “Nəsimi”, Bəxtiyar Vahabzadənin “Fəryad”, Sergey Borodinin “Səmərqənd ulduzları”, İsa Hüseynovun “Məhşər”, Mirmöhsünün “Memar”, Hüseyn Albayrakın “Sükutü hərf” əsərlərində bədii təxəyyülün gücü ilə işıqlandırılıb. Nəsimiyə sevgidən ərsəyə gələn bu əsərlərə isə onun söz ümmanından yalnız damlalar səpildiyi, çoxşaxəli şəxsiyyətinin bəzi cəhətlərinin görüldüyü qənaətindəyik.
https://azertag.az/xeber/1256276