Konfransda “Mirzə Kazım bəyin türk xalqlarının tarixinə dair tədqiqatları” mövzusunda çıxış edən akademik Ş.Mustafayev bu böyük alimin 19-cu yüzilliyin ilk yarısında Rusiyada türkologiya, tarixşünaslıq və osmanlışünaslıq elmlərinin əsaslarını qoyması, həyatının Kazan dövründə Osmanlı türkləri, Krım və Edil-Volqa tatarları və uyğurlar kimi bəzi türk xalqlarının orta əsrlər tarixinə dair qələmə aldığı bir sıra sanballı əsərləri barədə məlumat verdi və onların o dövrün rus və Avropa şərqşünaslığında önəmli yer tutduğunu qeyd etdi.
F.Əsədovun məruzəsi Mirzə Kazım bəyin hələ 1850-ci ildə Azərbaycan türkcəsində orijinal mətnini və ingilis dilinə tərcüməsini hazırlayıb nəşr etdirdiyi “Dərbənd-namə” əsərində bəzi mühüm tarixi hadisə və terminlərin izahına həsr olunmuşdur. Hər iki alimin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılandı və canlı müzakirələrə səbəb oldu.
Akademik Ş.Mustafayev konfransla əlaqədar Dağıstan dövlət televiziyasında hazırlanan proqramda da iştirak edərək, Mirzə Kazım bəyin həyat və yaradıcılığı, onun Rusiya və dünya şərqşünaslıq elminə bəxş etdiyi misilsiz töhfələr haqqında televiziya tamaşaçılarına məlumat verdi.