İranda milli-demokratik hərəkatın nəticəsi olaraq 12 dekabr 1946-cı il (21 Azər) tarixində qurulmuş Azərbaycan Milli Hökumətinin Baş prokuroru Firudin Qəni oğlu İbrahiminin anadan olmasının 100 illiyi münasibətilə onun AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadənin tərtibatında və məsul redaktorluğu ilə “Azərbaycan danışır... İftixarlı tariximizdən bir neçə parlaq səhifə (Azərbaycanın qədim tarixindən)” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2018, 112 səhifədə) adlı kitabı nəşrə hazırlanıb və Şərqşünaslıq İnstitutu Elmi Şurasının müvafiq qərarları ilə çap olunub.
Kitabı fars dilindən Azərbaycan dilinə Səməd Bayramzadə və Saleh Dostəliyev tərcümə ediblər.
Kitab F.İbrahiminin müqəddiməsindən və Azərbaycanın qədim tarixi, əhalisi, onların milli kimliyi, bu diyarın azadlığı və istiqlaliyyəti uğrunda apardıqları mübarizə və fədakarlıqları, mədəniyyət tarixi, dövlət və ordu quruluşu, ədəbiyyatı, xətti və dili, siyasi təşkilatları, məzhəbləri, geyim, adət və ənənələri barədə məqalələrdən ibarətdir.