Bunu nəzərə alan mütərcim ön söz əvəzi M. Sərşarın həyat və yaradıcılığı haqqında oxuculara dolğun məlumat verərək, kitabda yer alan povest və hekayələrin geniş təhlilini aparıb.
“Xudahafiz qardaş” hekayələr toplusunda Sərşar yaradıcılığının leytmotivini təşkil edən, cəmiyyətin sağalmaz yarası, hər zaman aktuallıq satusunu qoruyan fanatizm və cəhalətin ifşasına yönəlik 6 hekayə və İran İslam inqilabı dönəmində xalq kütlələrinin azadlıq mübarizəsi fonunda gənc fədainin zindandakı yaşantılarından bəhs edən bir povest yer alır.
Məlum olduğu kimi, şəhər və kəndlərdəki dözülməz, ağır sosial-iqtisadi vəziyyətin hökm sürdüyü , ölkə sərvətinin bir qrup hakim klanın əlində cəmləndiyi, həyatın bütün sahələrində yaşanan böhranın iflic vəziyyətinə saldığı İranın diktatorluq dövrü, heysiyyət və şərəfinin hərraca çıxarıldığı məzlum xalq üçün uzun, ağrılı və qaranlıq dönəm kimi xarakerizə olunurdu. “Xudahafiz qardaş” povesti labüd sonluqla bitən bu ictimai-siyasi proseslərdə xalq kütlələrinin inqilabi mübarizəsindən bəhs edir. Povestdə etiraz nümayişlərində həbs olunan, olmazın əzab və işgəncələrə məruz qalan, ürəyi azadlıq eşqilə yanan tələbənin həbsxanadakı məhkumluq həyatı, haqq işi uğrunda dönməz mübarizəsi öz əksini tapır.