Kitabda bu günədək davam edən və Qafqaz regionunda gərginliyə səbəb olan Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edilir.
Kitabın ilk səhifələrində Qarabağ toponimi haqqında qısa arayış verilir, bu toponimin tarixi mənbələrdə Kür və Araz çayları arasında yerləşən əraziləri bildirdiyinə, Qarabağın tarixən Azərbaycan Səfəvilər dövlətinin (1501-1736) bəylərbəyliklərindən biri sayıldığına işarə olunur. Burada həmçinin XIX əsrin I yarısında, Rusiya imperiyasının köməyi ilə ermənilərin İrandan və Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa köçürülməsi və həmin ərazilərdə məskunlaşdıqdan sonra uzun illər boyu öz dövlətlərini yaratmaq cəhdlərindən danışılır. Sovet hakimiyyəti qurulduqdan sonra ermənilərin Azərbaycan torpaqlarının bir hissəsində respublika yaratmağa nail olmaları, 1923-cü ildə Azərbaycan SSR-in, XIX əsrdə köçürülərək məskunlaşmış ermənilərin yerli Azərbaycan əhalisi ilə birgə yaşadıqları Dağlıq Qarabağ ərazisində, Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaq şərti ilə, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılması, bununla kifayətlənməyən ermənilərin Sovet hakimiyyəti illərində vilayətin Ermənistan SSR-in tərkibinə qatmaq cəhdlərindən bəhs edilir.
Kitabda daha sonra Sovet dövlətinin süqutu, parçalanması ərəfəsində Dağlıq Qarabağ məsələsinin erməni separatçıları tərəfindən yenidən gündəmə gətirilməsi, bu məsələnin daha sonra Azərbaycana qarşı elan olunmamış müharibəyə çevrilməsi, müharibə nəticəsində Dağlıq Qarabağın və onun hüdudlarından kənarda yerləşən yeddi rayonun erməni silahlı qüvvələri tərəfindən işğalı, ermənilər tərəfindən törədilən Xocalı soyqırımı, Bakıda 20 Yanvar qırğını, həm Ermənistanda, həm də Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz dədə-baba yurdlarından qovularaq didərgin düşməsi və s. haqda məlumatlar verilir.
Kitabda həmçinin münaqişənin nizamlanması, həlli üçün beynəlxalq vasitəçilərin cəlb olunduğu, Azərbaycan rəhbərliyinin bu sahədə diplomatik fəaliyyəti barədə geniş məlumat verilir, regionda sabitliyin, əmin-amanlığın bərqərar olması naminə Ermənistanın öz işğalçılıq siyasətindən əl çəkməsinin zəruriliyi xüsusilə vurğulanır.
Kitabın ərəb dilinə tərcüməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin ərəb ölkələrinin ictimaiyyətinə çatdırılması məqsədini daşıyır.