Dekabrın 12-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə İnstitutun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva açdı. O, öz çıxışında ulu öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışdı. Azərbaycanın tarixinin 40 ilinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən G.Baxşəliyeva ulu öndərin xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət kimi düşdüyünü qeyd etdi: “Ulu öndər Heydər Əliyev həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə Prezidenti kimi Azərbaycan xalqı üçün misilsiz işlər görüb. Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn Heydər Əliyev qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaratdı. Ümummilli liderimiz ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoydu».
G.Baxşəliyeva Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söylədi. İnstitutun rəhbəri bu gün də ulu öndərin yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi.
Gövhər Baxşəliyeva ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğuladı.
Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun əməkdaşları – Ərəb filologiyası şöbəsinin müdiri f.ü.e.d. Vilayət Cəfər, Din və ictimai fikir tarixi şöbəsinin müdiri fəl.ü.f.d. Esmeralda Həsənova, Cənubi Azərbaycan şöbəsinin müdiri t.ü.f.d. Səməd Bayramzadə və başqaları ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında misilsiz xidmətlərindən bəhs etdilər və bildirdilər ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, elmin inkişafında da ulu öndərin xidmətləri heç zaman unudulmayacaq.