Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN 60 İLLİK YUBİLEYİ KEÇİRİLİB

11 Dekabr 2018

Dekabrın 11-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illiyinə həsr olunmuş Yubiley Yığıncağı keçirilib. Tədbirdə görkəmli elm xadimləri, Milli Məclisin deputatları, xarici ölkələrin ölkəmizdəki səfirləri iştirak ediblər.

Yubiley Yığıncağı öncəsi Şərqşünaslıq İnstitutunda görkəmli alim, akademik Z.M.Bünyadovun barelyefi açıldı. Tədbir iştirakçıları sonra İnstitutda fəaliyyət göstərən akademik Z.M.Bünyadovun kabineti ilə tanış oldular.

Sonra tədbir iştirakçıları görkəmli alim, professor A.N.İmanquliyevanın xatirəsinə həsr olunmuş  stendlə tanış oldular. Stenddə görkəmli alimin elmi əsərləri və fotoşəkilləri nümayiş olunur.

 

Daha sonra Şərqşünaslıq İnstitutunun elmi nailiyyətlərinə həsr olunmuş sərgi ilə tanışlıq oldu. Buradakı stendlərdə Şərqşünaslıq İnstitutunda ötən 60 il ərzində çap olunmuş müxtəlif sahələr üzrə yüzlərlə kitab və jurnal nümayiş etdirilir.

Yubiley Yığıncağı AMEA-nın əsas binasının II mərtəbəsindəki akt zalında keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik Akif Əlizadə 60 illiyini qeyd edən və ötən bu dövr ərzində şərəfli və məhsuldar inkişaf yolu qət edən Şərqşünaslıq İnstitutunun Azərbaycanda şərqşünaslığın inkişafına güclü təkan verdiyini, Şərq xalqlarının tarixi, iqtisadiyyatı, ədəbiyyatı, dilçilik, ictimai-fikir və fəlsəfəsinin öyrənilməsində misilsiz xidmətlər göstərdiyini dedi.

İnstituta ötən dövr ərzində rəhbərlik etmiş görkəmli alimlər - akademiklər Əbdülkərim Əlizadə, Əlisöhbət Sumbatzadə, Həmid Araslı, Ziya Bünyadov, professor Aida İmanquliyeva kimi korifey alimlərin sayəsində Şərqşünaslıq İnstitutunu dünya şərqşünaslığının aparıcı elmi mərkəzlərindən birinə çevrildiyini deyən A.Əlizadə, bu böyük alimlərin yaratdıqları elmi məktəblərin bu gün davamçılarının olduğunu söylədi və bu gün Şərqşünaslıq İnstitutunun müstəqil Azərbaycanın milli və dövlətçilik maraqlarına xidmət edən mühüm elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərdiyini qeyd etdi.

Akademik Akif Əlizadə bu müəssisənin alimlərinin elmi nailiyyətlərinin hər zaman dövlət tərəfindən yüksək qiymətləndirildiyini dedi. Bu günlərdə Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Şərqşünaslıq İnstitutunun bir qrup əməkdaşının fəxri adlara layiq görüldüyünü, orden və medallarla təltif edildiyini xatırladan alim bunun elmimizə göstərilən diqqət və qayğıya daha bir nümunə olduğunu vurğuladı.

AMEA rəhbəri institutun kollektivini və təltif edilən əməkdaşları təbrik etdi, onlara elmi fəaliyyətlərində uğurlar arzuladı.

AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli çıxış edərək, Azərbaycanda humanitar və ictimai elmlər sahəsində xüsusi mövqeyi olan Şərqşünaslıq İnstitutunun fəaliyyəti dövründə bu müəssisədə böyük elmi məktəblərin yarandığını vurğuladı.

“Şərqşünaslıq İnstitutu ölkəmizdə şərqşünaslıq üzrə əsas elmi tədqiqat mərkəzidir” – deyən İ.Həbibbəyli bu müəssisənin yüksəkixtisaslı şərqşünas kadrların hazırlanmasında və beynəlxalq əlaqələrdə Azərbaycan dövlətinin apardığı siyasətə elmi dəstək verməsində mühüm rolunu qeyd etdi. Bildirdi ki, beynəlxalq əlaqələrin elmi əsaslarla ardıcıl siyasət üzrə inkişaf etdirilməsinə institut sanballı töhfələrini verir.

Tədbirdə çıxış edən AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi akademik Nərgiz Axundova Şərqşünaslıq İnstitutunda Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirinin sistemli şəkildə araşdırıldığını dedi. Bildirdi ki, şərqşünas alimlər dövlətçilik ənənələrini, tarixi irsimizi, milli maraqları yenidən öyrənməli, yeni metodoloji konsepsiyalar ortaya qoymalı və multikulturallıq və tolerantlıq ənənələrini təbliğ etməlidirlər.

Sonra Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva “60 illik şərəfli yol” mövzusunda məruzə etdi.

İlk olaraq, bu günlərdə Şərqşünaslıq İnstitutunun bir qrup əməkdaşının Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə yüksək fəxri adlar, orden və medallarla təltif edildiyini deyən Gövhər xanım bunun bütövlükdə İnstitutun kollektivinin səmərəli fəaliyyətinə dövlət başçısı tərəfindən verilən yüksək qiymət olduğunu söylədi və bu diqqət və qayğıya, şərqşünaslıq alimlərimizin zəhmətini yüksək qiymətləndirdiyinə görə  ölkə başçısı, hörmətli Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi.

G.Baxşəliyeva 60 yaşını qeyd edən Şərqşünaslıq İnstitutunun dərin tarixi köklərə söykənən Azərbaycan şərqşünaslığının təməli üzərində qurularaq istər keçmiş sovet və hazırkı postsovet məkanında, istərsə də bütövlükdə dünya şərqşünaslıq elmində öz layiqli yerini tutduğunu dedi.

Bütövlükdə şərqşünaslıq elmimizin orta əsrlərdən bəri təşəkkülü və inkişafı tarixindən söz açan məruzəçi 1958-ci ildə Respublika Nazirlər Sovetinin qərarı ilə EA-nın digər institutlarında fəaliyyət göstərən müvafiq şöbə və qrupların əsasında Şərqşünaslıq İnstitutunun yaradıldığını qeyd etdi: “60 il əvvəl Yaxın və Orta Şərq xalqları institutu kimi kiçik bir kollektivlə fəaliyyətə başlayan Şərqşünaslıq İnstitutu tezliklə öz simasını formalaşdırmış və burada akad. Ə.Əlizadənin mətnşünaslıq, akad. Z.Bünyadovun mediyevistika, akad. H.Araslının türkologiya, prof. A.İman­qu­li­ye­va­nın ərəbşünaslıq, prof. R.Əliyevin iranşünaslıq məktəbləri yaranmışdır. Bu gün Şərqşünaslıq İnstitutunda çalışanların əksəriyyəti bu böyük alimlərin bilavasitə şagirdləri və davamçılarıdır. Son illərdə institutun kollektivi nəinki mövcud çətinliklərə sinə gərmiş, həm də yeni elmi araşdırma sahələri və mövzuları müəyyənləşdirmiş, dünyanın müxtəlif şərqşünaslıq mərkəzləri ilə əlaqələr qurmuş, beynəlxalq əmək­daş­lığı genişləndirmişdir”.

Təkcə başa vurmaqda olduğumuz 2018-cu institut əmək­daşlarının 50-dən çox xarici ölkələrdə təşkil olunan beynəlxalq elmi konfranslarda iştirak edərək, elmimizi ləyaqətlə təmsil etdiklərini deyən G.Baxşəliyeva, bunun Azərbaycan şərqşünaslıq elminin beynəlxalq miqyasda etiraf olunması demək olduğunu söylədi.

Sovetlər dönəmində şərqşünas alimlərin uğurlarından danışan Gövhər xanım, Respublikamızın müstəqillik qazanmasının institutun önündə yeni üfüqlər açmaqla bərabər, həm də ciddi vəzifələr qoyduğunu dedi.

İnstitut yaranan dövrdən bəri tədqiqatların aparıldığı şərqşünaslıq elminin əsas istiqamətlərindən – türkologiya, ərəbşünaslıq və iranşünaslıq barədə danışan G.Baxçəliyeva son dövrdə yeni şəraitin tələbləri nəzərə alınmaqla İnstitutda yeni “Şərq-Qərb”, “Mərkəzi Asiya”, “Asiya Sakit okean regionu ölkələri”, “Nəşriyyat və elmi informasiya təminatı” şöbələrinin yaradıldığını, bir vaxtlar əsassız olaraq ləğv edilən «Cənubi Azərbaycan» şöbəsinin bərpa edildiyini bildirdi.

İnstitutun mövcud olduğu 60 il ərzində 700-dən çox monoqrafiyanın, məqalələr məcmuəsinin nəşr olunduğunu deyən məruzəçi, bunların yarıdan çoxunun müstəqillik illərinə təsadüf etdiyini söylədi. G.Baxşəliyeva bu kitablar sırasında İnstitutda son illərdə Arazın hər iki tayında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına, erməni təbliğatının ifşasına aid kitabların hazırlanması və ya tərcüməsini xüsusi qeyd etdi.

G.Baxşəliyeva institutun beynəlxalq əlaqələrindən, keçirdiyi konfrans və simpoziumlardan ətraflı bəhs etdi.

G.Baxçəliyeva Şərqşünaslıq  İnstitutunun çoxsaylı kollektivinin əzmlə, böyük həvəslə çalışaraq, milli şərqşünaslıq elmimizin şərəfli ənənələrini yaşadaraq, onu inamla yeni zirvələrə doğru apardığını dedi.

Sonra akademik Vasim Məmmədəliyev, Milli Məclisin deputatları Fəzail İbrahimli, Nizami Cəfərov, Bəxtiyar Əliyev, Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Adil İbrahim Əhməd İbrahim, Xalq şairi Nəriman Həsənzadə, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov, Iran Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi, AMEA Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü Şahbaz Muradov çıxış edərək, 60 illik tarixi olan Şərqşünaslıq İnstitutunun çoxsahəli fəaliyyətindən, əldə etdikləri elmi nailiyyətlərdən söz açdılar, yubiley münasibətilə institut kollektivinə təbriklərini çatdırdılar.

 

 

Download Template Joomla 3.0 free theme.