UNESCO-nun İpək Yolu seriya nominasiyası Əlaqələndirmə Şurasının toplantısında məruzə ilə çıxış edən alim bu layihənin qədim İpək Yolu üzərində yerləşən ölkələrdə mövcud tarixi-mədəni abidələrin Dünya İrs siyahısına daxil edilməsi və onların qorunması işində böyük rol oynadığını vurğulayıb. O, müxtəlif ölkələri təmsil edən toplantı iştirakçılarına Azərbaycan ərazisində mövcud və İpək Yolu ilə bağlı olan memari və arxeoloji abidələr haqqında geniş məlumat verib. Öz çıxışında akademik qeyd edib ki, Azərbaycan UNESCO-nun bu layihəsinə qoşulmaqda maraqlıdır və bu sahədə ölkənin müxtəlif qurumlarında, o cümlədən Mədəniyyət Nazirliyi, UNESCO üzrə Milli komissiya və Milli Elmlər Akademiyasında ciddi müzakirələr davam edir. UNESCO-nun İpək Yolu seriya nominasiyası layihəsinin üzv ölkələrinin nümayəndələri Azərbaycanın bu marağını alqışladıqlarını bildiriblər və bizim ölkəmizlə bu sahədə sıx əməkdaşlığa hazır olduqlarını toplantının yekun bəyannaməsində ifadə ediblər.
Akademik Şahin Mustafayev həmin günlərdə Aşqabadda UNESCO-nun təşkilatçılığı ilə keçirilən “Böyük İpək yolunun əhəmiyyəti: bugünü və gələcək inkişafı” mövzusunda beynəlxalq konfransda da elmi məruzə ilə çıxış edib. Öz məruzəsində Xəzər dənizi ölkələrinin dayanıqlı inkişafında İpək Yolu layihələrinin rolundan bəhs edən alim bu sahədəki əməkdaşlığın istər elmi-mədəni əlaqələrin, istərsə də beynəlxalq turizmin inkişafına müsbət təsir göstərəcəyini bildirib. Akademik Şahin Mustafayev iyirmiyə qədər ölkənin nümayəndələrinin iştirak etdiyi beynəlxalq konfransın sonuncu sessiyasına moderatorluq edib.