İslam memarlığının mənşəyi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur: bəziləri onun formalaşmasında Sasani və Bizans memarlığının təsirini qeyd edir, digərləri isə onun köklərini Kəbə, məscid və saray modellərinə bağlayır. Nəticə etibariylə, İslam incəsənəti üzrə tədqiqatçı Titus Burkhardtın da qeyd etdiyi kimi, Tövhiddən (İlahi vəhdətdən) yayılan müstəsna nur İslam memarlığının birləşdirici ünsürü kimi çıxış edərək Kordova məscidi, Səmərqənddəki böyük mədrəsə, Məğribdəki bir təsəvvüf əhlinin türbəsini və ya Türkmənistandakı bir memarlıq binasını bir-birinə bağlamışdır.
İslamın yaranmasından əvvəl xüsusi ərəb memarlıq ənənəsi mövcud olmayıb. Erkən İslam memarlığına Roma, Bizans, İran və Mesopotamiya memarlıq ənənələri, eləcə də, VII və VIII əsrlərdə müsəlmanlar tərəfindən fəth edilmiş digər ərazilərin memarlıq ənənələri təsir göstərmişdir. İslamın yüksəlişindən sonra Suriya və Misir, Məğrib, İran, Osmanlı və Hindistan kimi mühüm memarlıq məktəbləri meydana çıxmış və bunların hər biri müxtəlif tarixi dövrlərdə özünəməxsus xüsusiyyətləri ilə seçilmişdir. Azərbaycan memarlıq məktəbi də bu məktəblərlə yanaşı İslam memarlığının bir qolu olmuş və hətta İslam memarlığının digər ərazilərdə yayılan nümunələrində öz təsirini buraxmışdır.
İslam memarlığının əsas təzahür forması məscidlərdir. Bunu əsas götürsək Azərbaycanda bu təməl VIII əsrdə Dərbənd (734) və Şamaxı cümə məscidinin (734-744) inşası vasitəsilə qoyulmuşdur. Dövrümüzə çatmış Şamaxı cümə məscidi XX əsrin əvvəllərində Zivər bəy Əhmədbəyovun memarlığı ilə məscidin köhnə bünövrəsi üzərində və köhnə divarları əsasında tikilmişdir və hazırki forması da Şirvan memarlıq məktəbini təmsil edir.
Əsrlər boyu Şərq mədəniyyətinin mühüm dayaqlarından biri olmuş Azərbaycanda İslam memarlığı uzun inkişaf tarixinə malik olmuşdur. XIII əsrdə Elxanilər dövründə mədəniyyət və incəsənət mərkəzi Xorasan və Mavəraünnəhrdən Azərbaycana keçmiş, Sultan Mahmud Qazan xanın səltənəti dövründə Azərbaycan mədəniyyət və incəsənətin qızıl dövrünü yaşamışdır. Azərbaycanda əsasən dörd memarlıq məktəbi mövcud olmuşdur - Təbriz, Arran, Naxçıvan-Marağa, Şirvan-Abşeronməktəbləri
Azərbaycan memarlıq üslubunun inkişafının və kamilləşməsinin zirvə nöqtəsi Təbriz məktəbi olmuşdur və bu məktəb özünəməxsus memarlıq ənənəsi yaratmışdır. O, XI-XIII əsrlərdə Xorasan üslubunun inkişafının və kamilləşməsinin nəticəsində yaranmış və sonradan Səfəvilər dövrü memarlıq üslubunun meydana gəlməsinə zəmin hazırlamışdır. Təbriz Rəb-i Rəşidi kompleksi (XIII əsr), Məscid-i Əlişah (Ərk qalası) (XIV əsr), Göy məscid (Məscede-Kəbud) Təbriz memarlıq məktəbinin dövrümüzə çatmış görkəmli abidələrindəndir. Səfəvilər dövründə və ondan əvvəlki tarixdə Təbriz memarları hücumlar zamanı Türkiyə və Orta Asiyaya aparılmış, bu memarlar orada İslam mədəniyyətinə böyük töhfələr vermişlər. Həmin memarlardan biri Əli Təbrizi olmuşdur. Təbrizi Sultan Səlim və Qanuni Sultan Süleymanın dövrlərində 23 il ərzində Osmanlı dövlətinin baş memarı vəzifəsini icra etmişdir.
Azərbaycan memarlığı tarixinə dair aparılmış olan elmi tədqiqatlar zamanı ilk dəfə bir memarlıq məktəbi kimi tanınan Naxçıvan — Marağa memarlıq məktəbi olmuşdur. Bunun əsas səbəbi Naxçıvan memarlıq məktəbinə məxsus olan sənətkarların bir çoxunun adını daşıyan kitabələrin dövrümüzə çatmasıdır. Naxçıvan memarlıq məktəbi Səlcuqilər dövrünün sonlarında Naxçıvan əmirliyində meydana gəlmişdir. XI əsrdən formalaşmağa başlayan bu memarlıq məktəbi, Naxçıvan şəhərinin Azərbaycan Atabəylərinin (1136 – 1225) iqamətgahına çevirilməsi nəticəsində yüksəliş dövrünə çatmış, Memar Əcəmi Əbubəkr oğlunun fəaliyyəti ilə Yaxın Şərq memarlığında əhəmiyyətli rol oynamışdır. Zəngin naxışları, möhkəm konstruksiyaları və əzəmətli baştağları ilə seçilərək Şərq memarlığında silinməz iz qoyan bu məktəb Azərbaycan sənətinin qüdrətini nümayiş etdirir.
Memar Əcəminin şah əsəri olan və “Naxçıvan Məqbərələri” tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilən Möminə xatun türbəsi Naxçıvan memarlıq məktəbinin ən möhtəşəm nümunələrindəndir. Yeraltı və yerüstü hissədən ibarət olan türbənin onbucaqlı quruluşu və hər guşəsindəki bir-birindən fərqli mürəkkəb həndəsi naxışlar memarın yüksək sənətkarlığını göstərir. Baştağın kitabəsində türbənin Məhəmməd Cahan Pəhləvan tərəfindən həyat yoldaşı Möminə xatunun xatirəsinə ucaldıldığı qeyd olunur. Möminə xatun Atabəylər dövlətinin siyasi həyatında həyat yoldaşına və oğullarına yaxından dəstək verən nüfuzlu qadınlardan biri olub.
Naxçıvan memarlıq məktəbinin digər dəyərli nümunəsi Bərdə türbəsidir. Memar Əyyub əl-Hafiz Naxçıvaninin yaratdığı bu qülləvari türbə də yeraltı və yerüstü hissələrdən ibarətdir. Firuzəyi kaşı ilə qırmızı kərpicin ahəngindən yaranan kitabədə “Allah” sözü 200 dəfədən çox naxış şəklində təkrarlanır. Bu abidələr Azərbaycan memarlığının zənginliyini və yüksək sənətkarlıq ənənələrini yaşadır.
Azərbaycanda İslam memarlığının təməl və əsas hissəsini İslam memarlığının simvolu olan məscidlər təşkil edir. Bunlar içərisində ziyarətgah-məscid kompleksləri mənəvi dəyəri ilə yanaşı gözəl memarlıq inciləri hesab olunur. Bura Bibiheybət məscidi, Aran memarlıq üslubunda inşa edilmiş Bərdə İmamzadə türbəsi və Gəncə İmamzadə kompleksi və s. daxildir. XIII əsrdə tikilmiş Bibiheybət məscidində İmam Museyi-Kazımın (ə) övladlarından olan Xanım Həkimənin (ə) müqəddəs məzarı yerləşir. 1994-cü ildə orijinal memarlıq üslubuna sadiq qalmaqla, müasir texnologiya əsasında yenidən inşa edilmiş bugünkü Bibiheybət məscidi yalnız dini yox, həm də memarlıq baxımından paytaxtın simasıdır. Şəhərə əzəmət verən tikililərdən biri də 2012-2014-cü illərdə Şirvan-Abşeron məktəbi əsasında tikilmiş 4 minarəli Heydər məscididir.
İslam memarlığı nümunələri əsrlər boyu xalqımızın təfəkküründə, yaşayışında, fəaliyyətində formalaşmış milli-mənəvi dəyərlərin incəsənətdə əksidir. Bu abidələr İslam dininin yaratdığı mənəvi ruh ilə təcəlla tapmışdır, bədiiyat və ecazkarlıq qazanmışdır. Şərq memarlığını digər məktəblərdən fərqləndirən, ona füsunkarlıq qazandıran da məhz elə bu ruhdur.
Şahanə Şahbazova
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutununƏrəb filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
