Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLAR FİRİDUN İBRAHİMİNİN 100 İLLİK YUBİLEYİNDƏ

24 Noyabr 2018

 

24-də Beynəlxalq Mətbuat Mərkəzində 1945-1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru olmuş Firidun İbrahiminin 100 illik yubileyinə həsr edilən tədbir keçirilib.

 

İranlı Mühacirlər Cəmiyyəti və Azərbaycan Demokrat Firqəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə “21 Azər” hərəkatının iştirakçıları, tədqiqatçılar, alimlər, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri, media təmsilçiləri iştirak ediblər. Tədbirdə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları fəal iştirak ediblər.

 

İranlı Mühacirlər Cəmiyyətinin sədri Rəhim Hüseynzadə tədbiri açdıqdan sonra Firidun İbrahimiyə həsr edilən “Qartal ömrü” sənədli filmi nümayiş olunub.

 

AMEA Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadə Firidun İbrahiminin həyatı və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirilib ki, F.İbrahimi XX əsr tarixinin görkəmli ziyalısı, hüquqşünas, partiya işini mükəmməl bilən bir şəxsiyyət idi. O, vətəninə bağlı, onun inkişafı üçün çalışan, xalqını sevən bir ailədəndir. Çox qısa şüurlu ömrünü Azərbaycanı, millətini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, milli kimliyini, milli varlığını dünyaya tanıtdırmağa həsr edib. İstər ədəbi-bədii, istər elmi-publisistik, istərsə də Paris Sülh Konfransında iştirakı zamanı qələmə aldığı qeydlərində ardıcıl olaraq azərbaycanlılıq düşüncəsinin inkişafına, onun təbliğinə və təntənəsinə xüsusi diqqət yetirib, bu yolda əlindən gələn bütün səyləri ortaya qoyub.

 

Qeyd edilib ki, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin nümayəndəsi, Milli Hökumət zamanında Azərbaycanın baş prokuroru olmuş Firidun İbrahimi hər zaman elmə böyük marağı, dərin zəkası, istedadı ilə seçilib. Tehranda təhsil aldığı dövrdə o, hüquq elminin bütün əsaslarını mənimsəyib. Qazandığı biliklər Milli Hökumətin bütün qərarlarının və qanunlarının hazırlanmasında böyük rol oynayıb.

 

Firidun İbrahiminin müxtəlif mətbuat orqanlarındakı fəaliyyətindən də ətraflı bəhs edən S.Bayramzadə diqqətə çatdırıb ki, 1943-cü ildə Seyid Cəfər Pişəvərinin vasitəsilə “Ajır” qəzeti təsis olunduqdan sonra o, bu nəşrlə əməkdaşlığa başlayıb və redaksiya heyətinin üzvü seçilib. Məqalələrində imperializmi, onun yerli əlaltılarını ifşa edib. Kəndli-mülkədar münasibətlərində və digər məsələlərdə qanunazidd halların qarşısının alınmasında mühüm xidmətlər göstərib. Paris Sülh Konfransında iştirak edən Firidun İbrahimi Azərbaycan Milli Hökumətini beynəlxalq arenada təmsil edən ilk şəxs olub.

 

Azərbaycan Milli Hökumətinin süquta uğradıldığı bir vaxtda xalqa müraciət edən Firidun İbrahimi qısa zaman ərzində 10 minə yaxın könüllünü ətrafında birləşdirə bilib. Lakin bu 10 min silahsız insan Tehrana gələn qoşunlara qarşı mübarizə apara bilməzdi. Beləliklə, F.İbrahimi həbs olunaraq edam edilir. Edamdan iki gün əvvəl Firidun İbrahimi Paris Sülh Konfransına gedərkən aldığı kostyumun zindana göndərilməsini istəyib. 1947-ci il mayın 23-də Firidun İbrahimi həmin libasda Təbrizin Səttarxan xiyabanına, “Gülüstan” bağının qarşısındakı meydana gətirilib. Edam olunan zaman onun son sözləri bu olub: “Yaşasın Azərbaycan! Yaşasın azadlıq! Məhv olsun istibdad! Yaşasın İran xalqlarının birliyi!”.

 

Sonra məruzə ətrafında çıxışlara başlanılıb. AMEA Şərqşünaslıq İnstitutunun director müavini, akademik Şahin Mustafayev vətəninə bağlı olan, onun inkişafı üçün çalışan, xalqını sevən, elmə böyük maraq göstərən, dərin zəkası, qeyri-adi istedadı ilə hər zaman fərqlənən mübariz bir şəxsiyyət – Firidun İbrahimini fədakar fəaliyyəti, vətənpərvərliyi ilə hər bir azərbaycanlı gəncə bir örnək olduğunu qeyd edib.

 

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, i.ü.f.d. Əkrəm Rəhimli çıxış edərək, Firidun İbrahiminin dərin hüququi bilikləri ilə Milli Hökumətin bütün qərar və qanunlarının hazırlanmasında mühüm rol oynadığını qeyd edib.

 

AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Solmaz Rüstəmova-Tohidi Firidun İbrahiminin jurnalistika sahəsindəki fəaliyyətindən danışıb.

 

Digər çıxış edənlər də Firidun İbrahiminin həyatından, onun mübarizəsindən, göstərdiyi fədakarlıqlardan danışıblar. Bildirilib ki, Azərbaycan Milli Hökumətinin baş prokuroru təyin edilən F.İbrahimi məsələlərə obyektiv yanaşması, qanunu, ədaləti üstün tutması, haqqı tapdananların yanında olması ilə dərin rəğbət qazanıb.

 

Sonda Firidun İbrahiminin 100 illik yubileyinə həsr olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin qalibləri sırasında AMEA Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadə də olub.

 

Download Template Joomla 3.0 free theme.