G.Baxşəliyeva bildirdi ki, Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı və 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi milli dövlətçilik tariximizə olan xüsusi diqqət və ehtiramın, milli kimliyimizə qayğının bariz nümunəsidir.
AMEA İctimai Elmlər bölməsinin akademik katibi akademik Nərgiz Axundova çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində xüsusi yer tutduğunu qeyd etdi. N.Axundova Cümhuriyyətin mövcud olduğu 23 ayda dövlət quruculuğu ilə yanaşı, elmi istiqamətlərdə də aparılan işlərdən danışdı və bu sahədə Azərbaycan Dövlət Universitetinin yaradılmasını xüsusi vurğuladı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bu il silsilə tədbirlərin keçirildiyini deyən Nərgiz xanım, Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransın da xüsusi əhəmiyyətə malik olduğunu bildirdi.
Sonra məruzələrə başlanıldı. Milli Məclisin deputatı Fəzail İbrahimli “Azərbaycan Xalq Cümhuriyyəti şərəf və ləyaqət tariximizdir” mövzusunda məruzə etdi. Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə önəmli yer tutduğunu qeyd edən F.İbrahimli cümhuriyyətin qurucularının bizə böyük miras qoyduqlarını söylədi. Xüsusilə dövlət himnimizdən söz açan məruzəçi onun hər bir sətrinin fəlsəfi mahiyyətini açıqladı. F.İbrahimi məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq tarixini ondan öncəki və sonrakı tarixi hadisələrə də nəzər salmaqla təhlil etdi.
Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycan Xalq Cümhuriyyətində qadın siyasəti barəsində məruzə etdi. Azərbaycan Xalq Cümhuriyyətində 1918-1920-ci illərdə həyata keçirilən mühüm tədbirlərdən danışan G.Baxşəliyeva Respublikanın ən mühüm nailiyyətlərindən birinin də qadınlara səsvermə hüququnun verilməsi olduğunu qeyd etdi. Bildirildi ki, qadınlar həmin dövrdə ictimai həyata cəlb olunurdular, Bakıda müsəlman qadınları cəmiyyəti işini fəallaşdırdı, qadın peşə məktəbi, Bakıda və Gəncədə qadınlar üçün 2 aylıq kurslar açıldı, Lənkəranda qadın xeyriyyə cəmiyyəti yaradıldı.
Daha sonra Şərqşünaslıq İnstitutunun əməkdaşlarından İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Vidadi Mustafayev “Azərbaycan Xalq Cümhuriyyəti – İran münasibətlərinin ideoloji problemləri”, İnstitutun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, i.ü.e.d. Dünyamalı Vəliyev “Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə siyasəti: prinsipləri və əsas istiqamətləri”, həmin şöbənin aparıcı elmi işçisi h.ü.f.d Rauf Qarayev “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanınması məsələsi”, Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Hüseyn Günəşli “Azərbaycan Xalq Cümhuriyyəti milli oyanışın nəticəsi kimi” mövzularda məruzə etdilər.
Konfrans öz işinə Şərqşünaslıq İnstitutunun akt zalında davam etdi.