Akademik Şahin Mustafayev tədbirdə UNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru vəzifəsində işlədiyi dövrdə Fransalı həmkarları ilə görülən müştərək işlər və həyata keçirilən layihələr barədə məlumat verib, bu sahədə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu bildirib. Belə ki, onun tanınmış fransız alimləri Anri-Pol Frankfor, Mişel Espan, Franz Grene və digərləri ilə birlikdə gerçəkləşdirdiyi ortaq layihələr nəticəsində bir neçə beynəlxalq elmi konfrans təşkil edilmiş, onun elmi redaktəsi ilə Parisdə rus və fransız dillərində “Mərkəzi Asiyada mədəni transfer”, 2 cildlik “Mərkəzi Asiya arxeologiyası və tarixi fransız alimlərinin əsərlərində” adlı elmi əsərlər və kitablar nəşr olunmuşdur.
Eyni zamanda Azərbaycan alimi Ümumdünya Özbəkistan mədəniyyətini öyrənmə, qoruma və populyarlaşdırma cəmiyyətinin birinci toplantısında iştirak edib, bu qurumun İdarə heyətinin və Elmi şurasının üzvü seçilib. Toplantıda qurumun bugünə qədər gördüyü işlər və gələcək elmi planları müzakirə olunub. Akademik Ş.Mustafayevin təklifi ilə bu cəmiyyətin Azərbaycanın elmi müəssisələri və alimləri ilə əlaqələrinin genişləndirilməsi zərurəti gələn il üçün iş planında nəzərdə tutulub.
Akademik Ş.Mustafayev UNESCO-nun Baş qərargahında da olub və bir sıra görüşlər keçirib. Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov, UNESCO-nun Sosial və humanitar elmlər sektorunun Dialoq naminə tarix və yaddaş bölməsinin rəhbəri Ali Moussa-İye və digər rəsmi şəxslərlə görüşlərdə Azərbaycanın UNESCO-nun İpək Yolu layihələrində iştirakı, bu sahədə əldə olunmuş nailiyyətlər və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.