Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

SADIQ BƏY AĞABƏYZADƏ - 160. Beynəlxalq elmi konfransın əsas yekunları və nəticələri

21 Mart 2026
“Sadıq bəy Ağabəyzadə - XX əsr şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” mövzusunda 16-17 mart 2026-cı il tarixlərində Bakıda keçirilən beynəlxalq elmi konfransın əsas yekunu yəqin ki, bu görkəmli tarixi şəxsiyyət, Azərbaycanın hərbi və dövlət xadimi, Polşanın tanınmış şərqşünas alimi qarşısında onun öz Vətənində bir daha xatirəsini anmaq, xidmətlərini layiqincə qiymətləndirmək, elmi-yazılı irsini araşdırmaq və təbliğ etmək kimi vəzifələrin yerinə yetirilməsi ilə məhdudlaşmır. Hərçənd ilk növbədə bir elmi məclis olmaqla ilkin nəticə həqiqətən Sadıq bəyin hadisələrlə zəngin həyat və yaradıcılığının ən müxtəlif bucaqlardan gündəmə gəlməsi, alim və tədqiqatçıların diqqətini cəlb etməsi və bundan sonra, daha ciddi araşdırmalara yol açması sayıla bilər.
Ümid edək ki, AMEA RH “Elmi İrs" şöbəsində yaradılmış və müxtəlif ölkələrin arxivlərində saxlanılan sənədlərin toplandığı “Sadıq bəy Ağabəyzadə" Fondu yeni araşdırmalara, o cümlədən onun özünün əlyazmalarının, hazırladığı dərsliklərin nəşrinə rəvac verəcəkdir. Burada Sadıq bəyin uzaq 1904-cü ildə Aşqabadda hərbi qulluqda olarkən rus dilində nəşr etdirdiyi “Türkmən şivəsinin dərsliyi. Zakaspi vilayəti türkmənlərinin atalar sözləri və məsəlləri toplusunun əlavəsi ilə” kitabının böyük çətinliklə əldə edilmiş nüsxəsi əsasında Müəllifin 160 illik yubileyi ərəfəsində Türk Akademiyası tərəfindən yeni nəşri olunduğu və akademik Şahin Mustafayev tərəfindən 2025-ci ilin mayında Krakov şəhərində keçirilən beynəlxalq elmi konfransda təqdim edildiyi ayrıca vurğulanmalıdır. Beləliklə, qarşıdakı böyük işin əsası artıq qoyulmuşdur.
Bakı konfransının daha bir yekunu kimi onun azərbaycanlı və xarici şərqşünasların forumu funksiyasını yerinə yetirməsi sayıla bilər. Belə ki, konfransın azərbaycanlı iştirakçılarının böyük əksəriyyəti orta və gənc tədqiqatçılar nəslini təmsil edirdi. Onların arasında xarici ölkələrdə müxtəlif mövzularda keçirilən beynəlxalq elmi tədbirlərə qatılan alimlər olsa da, çoxları üçün bu konfrans məhz ŞƏRQŞÜNASLIQ elminin müasir problemlərinin müzakirəsi baxımından olduqca önəmli idi. Bu baxımdan panel iclaslarının mövzuları özlüyündə diqqətə layiqdir: “Şərqşünaslıq – siyasi və elmi fəaliyyət sahəsi kimi:görkəmli şərqşünas alimlər və xadimlər”; Sadıq bəy Ağabəyzadə siyasi-hərbi xadim və şərqşünas alim kimi”; “Orientalizm və Oksidentalizm. Şərqşünaslığın aktual problemləri siyasi problemlər kontekstində: Şərq və Qərb”; “Şərq dilləri və ədəbiyyatı”; “Din və fəlsəfə”; “Türkologiya. I Türkoloji qurultay”; “Şərqşünaslıq elminin obyekti – Şərq xalqlarının tarixi, siyasi, ictimai və mədəni həyatı. Mənbəşünaslıq”;
2 gün davam edən və 80-dən artıq tədqiqatçının məruzəsi dinlənilən bu panellərin moderatorlarının Konfransın işinə Yekun iclasında etdikləri hesabat çıxışlarından aydın oldu ki, məruzələr ümumiyyətlə qənaətbəxş sayılmaqla, bir çoxu öz yeniliyi və mövzuya yanaşma tərzi ilə böyük maraq doğurmuş, diskussiyalara səbəb olmuşdur. Bu sıradan gətirilən bir çox nümunələr üzərində dayanmadan şəxsən özümün və digər həmkarlarımın moderator olduğu panellərdəki bəzi məruzələrin konfransın yekun nəticələri sırasına düşmüş məqamlarını diqqətə çatdırmaq istərdim.
1) Türkiyədən məruzəçi dos. Barış Çatal bəyin Sadıq bəy Ağabəyzadənin Azərbaycanda polis sisteminin yaradılmasında Osmanlı dövlətinin modelini əsas götürdüyü kimi ehtimalı dinləyicilər tərəfindən təkzib edilsə də onun Sadıq bəy Ağabəyzadə adı ilə Türkiyə arxivlərində apardığı hərtərəfli axtarışların tamamilə nəticəsiz qaldığına, yalnız XİN arxivində ölkəyə gəlmiş Azərbaycan mühacirləri sırasında sadəcə adının çəkildiyinə dair verdiyi məlumat özlüyündə gələcək tədqiqatçılar üçün mühüm əhəmiyyət malik daşıyır.
2). Qoyulan sual - Azərbaycanda polis sisteminin hansı ölkə nümunəsində (təbii ki, Rusiya) yaradıldığından başlayaraq, Sadıq bəyin bu işin əsas qurucusu kimi fəaliyyətinə dair milis polkovniki, Azərbaycan DİN Polis Akademiyasının və Bakı Dövlət Universitetinin dosenti Tahir Behbudovun son dərəcə mükəmməl, yeni faktlarla zəngin məruzəsi konfransda ən uğurlu elmi məruzələrdən biri sayılmaqla onun ayrıca kitab şəklində hazırlanması və nəşr edilməsi haqda qərar qəbul edildi. Bu kitabın yalnız Sadıq bəyin bioqrafiyasına deyil, Cümhuriyyət tarixşünaslığına da töhfə olacağı ayrıca vurğulandı.
3). Başqa bir xarici iştirakçı, əslən soydaşımız Sankt-Peterburq Universitetinin Türkologiya kafedrasının müəllimi dos. Şahnaz Kamalova görkəmli şərqşünas alim Mirzə Kazım bəyin dəfni tarixi və məzar yerinin müəyyən edilməsi yönündə apardığı tədqiqatların nəticələri ilə iştirakçılar arasında sözün əsl mənasında Şok yaratdı. Belə ki, çoxlarımız üçün Mirzə Kazım bəyin dəfni və məzar yerinin indiyədək məlum olmadığı acı bir yenilik idi. Şahnaz xanım özünün neçə illik axtarışları və məzar yerini müəyyən etməsinə dair gətirdiyi sübutlar şübhə üçün yer qoymasa da qəbirüstü daşın üstündəki yazıların oxunmaz halda tam bərbad vəziyyətdə olması (görüntülər təqdim edilməklə) yeni müzakirələr açdı. Xüsusilə Sadıq bəy Ağabəyzadənin məzarının da vaxtilə necə müəyyən edildiyi və məzar daşının yeniləndiyi mövzusunda tanınmış diplomatlarımız Vilayət Quliyev və Eynulla Mədətlinin konfransdakı çıxışları fonunda Mirzə Kazım bəylə bağlı eyni problemin gündəmə gəlməsində sanki bir rəmz var idi. Şahnaz xanımın Mirzə Kazım bəyin məzar daşının yenilənməsində Azərbaycan alimlərindən, xüsusilə şərqşünaslardan israrla dəstək xahişləri də ayrıca müzakirələrə səbəb oldu. Xoşbəxtlikdən bu məsələ elə həmin günün axşamı öz ilkin “həllini” tapdı. Konfransın xarici qonaqları şərəfinə verilən şam yeməyi zamanı AMEA Prezidenti, akademik İsa Həbibbəyliyə bu məsələ barədə məlumat verdikdə İsa müəllim, heç sözümüzü bitirməmiş Şahnaz xanıma müraciətlə “Mənim adıma dərhal bu barədə ətraflı məktub yaz və yubanmadan çatdır. Söz verirəm ki, bu məsələni həll edəcəyəm” – dedi. İsa müəllimin öz sözünün sahibi olduğunu bilirik və əminik ki, Mİrzə Kazım bəyin məzar daşının yenilənməsi Azərbaycan elmi cameəsinin Şərəf məsələsi olmaqla tezliklə həqiqi həllini tapacaqdır.
4). Konfransın daha bir yekun qərarı Azərbaycan ərəbşünaslarının yeni layihəsi ilə bağlı oldu. Obyektiv səbəblərdən konfransda şəxsən içtirak edə bilməyən, lakin ZOOM vasitəsilə onun işinə qatılan iraqlı və əlcəzairli qonaqlarla işləyən həmkarımız, Şərqşünaslıq institutunun Din və İctimai fikir şöbəsinin müdiri, dos. Elnur Mustafayevin moderator kimi çıxışı zamanı aydın oldu ki, o, Misirdə elmi ezamiyyətdə olarkən bu ölkənin kitabxanalarında Azərbaycan alim və ədiblərinə məxsus onlarla əlyazmaları, o cümlədən Azərbaycan elminə hələ kifayət qədər məlum olmayan bir sıra orta əsr alimlərinin əlyazmalarını aşkarlayıb və onların bir hissəsinin surətlərini Bakıya gətirib. Ətraflı müzakirələr nəticəsində E.Mustafayevin rəhbərliyi altında müxtəlif profilli xarici və azərbaycanlı ərəbşünaslardan ibarət qrup yaradılması, bu əlyazmaların tədqiq edilməsi və təfsiri ilə nəşrə hazırlanması, o cümlədən Sadıq bəy Ağabəyzadənin də Krakov şəhəri PEA arxivində saxlanılan “Ərəb dili dərsliyinin” yenidən nəşrinin təşkili Konfransın yekun qərarları sırasında yer aldı.
5). Daha bir təklif də məndən gəldi. Konfransda Sadıq bəyin öz əmisi oğlu Əli bəy bəy Hüseynzadə ilə yazışmasının tarixi mənbə funksiyası daşıdığı haqda məruzəmə əsasən Sadıq bəyin Əli bəyə, eləcə də digər şəxslərə yazdığı məktubları ayrıca, yaxud da Sadıq bəy Ağazadənin 160 illiyinə həsr olunmuş beynəlxalq konfransın materialları ilə birlikdə nəşr etmək qərara alındı.
Konfrasda edilən bir sıra olduqca maraqlı məruzələr fonunda daha bir neçə ideya və fikirləri də diqqətə çatdırmaq olardı. Lakin hələ bu qərarlarımızı yerinə yetirəriksə “Sadıq bəy Ağabəyzadə - 160” Beynəlxalq Bakı konfransının yalnız elmi-nəzəri deyil, kitablar, layihələr, və xüsusilə daha bir soydaşımız, görkəmli şərqşünas alim Mirzə Kazım bəyin məzar daşının abad edilməsi kimi əməli nəticələri olduğunu söyləyə bilərik.
SADIQ BƏY AĞABƏYZADƏNİN ruhuna dərin ehtiramla!!!
tarix elmləri doktoru, professor
 

Download Template Joomla 3.0 free theme.