Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Quba rayonu Zeyid kənd məscidinin kitabələri haqqında

27 Fevral 2026

Zeyid kəndi Azərbaycan Respublikasının Quba rayonunun Buduq kənd inzibati ərazi dairəsində yerləşən füsünkar təbiətə mailk kəndlərdən birinin adıdır.

Zeyid kəndi dəniz səviyyəsindən 2230 metr yüksəklikdə yerləşir. 2000 hektar sahədən ibarət bu kənd, şərqdən Buduq, Qırız Dəhnə, cənubdan Rük, Qarxun, şimaldan Cek, Əlik kəndləri ilə həmsərhəddir.

 

Qışı günəşli, quru şaxtalı, yağıntı az olan, yaz ayları nisbətən yağıntılı, yay və payız fəsillərində isə günəşli günlər üstünlük təşkil edir. Təmiz havası, şəfalı bulaqları var.

Kəndin tarixi abidələrindən biri də 1845-1846-cı illərdə inşa və yaxud təmir edilmiş məsciddir. Məscid xeyriyyəçi Hacı Səlim və digər kənd sakinləri tərəfindən inşa və ya təmir edilmişdir. Məscidin fasadında və daxilində ümumilikdə dörd epiqrafik abidə mövcuddur. Kitabələr ərəb, fars və Azərbaycan türkcəsində olmaqla nəsx xətti ilə yazılmışdır. Onlardan ikisi haqqında ətraflı məlumatları sizlə paylaşıram.

Aşağıda, məscidin fasad hissəsində, əsas giriş qapısının üzərinə yerləşdirilmiş I kitabədəki mətnin orijinalını və ana dilimizə tərcüməsini qeyd edirəm:

 

١ (قد بنى هذا البيت الشريف الكريم سليم و أولاد محمد سعيد و عبد الباقي

٢ (من أولاد الحاجى الله قلي و عبد الرزاق و عبد الغنى الزاهدي مسجد بنا الدى تاريخ نبيده سنه ١٢٦١

Tərcümə:

1) “Bu şərafətli və ecazkar evi Səlim və Məhəmməd Səid, Əbdülbaqi,

2) Hacı Allahqulu, Əbdürrəzzaq və Əbdülğəni Zahidi övladları inşa etdi. Məscid bina oldu tarixi-nəbidə, 1261-cı il (miladi 1845)”.

I Kitabə iki sətirdən ibarətdir və mətn daş lövhəyə nəsx xətti ilə gözəl bir şəkildə həkk edilmişdir. Kitabədən aydın olur ki, məscid miladi tarixlə 1845-46-cı illərdə bir neçə kənd sakinlərinin iştirakı ilə inşa və yaxud bərpa edilmişdir. Kitabəyə həkk edilmiş yazıdan məlum olur ki, bu məscid Hacı Səlim və Məhəmməd Səid, Əbdülbaqi, Hacı Allahqulu, Əbdürrəzzaq və Əbdülğəni Zahidinin övladlarının iştirakı ilə tikilmişdir.

Kitabədə maraqlı cəhətlərdən biri də ondan ibarətdir ki, daş lövhənin ikinci sətrində Azərbaycan türkcəsində "məscid bina oldu tarixi-nəbidə" ( مسجد بنا الدى تاريخ نبيده) ifadəsinin işlənməsidir.

Məscidin II kitabəsində isə ərəb dilində daha bir maraqlı informasiya qeyd edilmişdir:

١ (الحجر الذي وضع في المسجد الشريف

٢ (صاحبه مرحوم عثمان بك بن محمد خان سنه ١١٠٧

Tərcümə:

“Müqəddəs daşı məscid-i şərifə sahibi mərhum Osman bəy Məhəmməd xan oğlu qoydu, 1107-ci il (m. 1695)”.

Diqqəti çəkən maraqlı məsələlərdən biri də odur ki, kitabədə məscidə yerləşdirilmiş müqəddəs daşdan söhbət açılır. Kənddə yaşayan yaşlı nəslin nümayəndələrinin dediyinə görə bu məscidin dam hissəsində vaxtilə Kəbə evindən gətirilmiş daş parçası olubmuş. Kitabədə qeyd edilmiş məlumatla kənd ağsaqqalarının şifahi şəkildə nəql etdiyi bu məlumat üst-üstə düşür. Belə ki, XVII əsrin sonlarında Osman bəy Məhəmməd xan oğlu Həcc ziyarətini başa vurduqdan sonra Kəbə evindən gətirdiyi daş parçasını məscidin xüsusi bir hissəsinə qoyubmuş.

Məscidə məxsus iki kitabə arasındakı il fərqinə gəlincə isə, bunu məscidin bir neçə dəfə inşa və ya təmir edilməsi ilə izah etmək olar. Çox ehtimal ki, məscid ilk dəfə miladi tarixlə 1695-ci ildə inşa olunmuş, daha sonra ikinci dəfə 1845-1846-cı illərdə yenidən kənd sakinləri tərəfindən inşa və yaxud bərpa edilmişdir.

Qeyd etmək lazımdır ki, Zeyid kənd məscidi tarixin ən müxtəlif ağır mərhələlərindən keçərək dövrümüzə gəlib çatmışdır. Məscidin ümumi vəziyyəti bir o qədər də ürəkaçan deyildir və hazırda baxımsız vəziyyətdə qalmışdır. Xüsusilə, vurğulamaq lazımdır ki, məscid haqqında ilk və ən düzgün məlumatları verən kitabələr uzun zaman dilimində eroziya məruz qalmış, və nəticə etibarı ilə yazıların tam şəkildə pozulması təhlükəsi yaranmışdır. Hesab edirəm ki, məscid təxirəsalınmaz şəkildə aidiyyatı orqanlar tərəfindən geniş ölçüdə təmir edilməli, abidənin pasportları hesab edilən daş kitabələr bərpa olunaraq xüsusi şəraitdə qorunmalıdır.

Epiqrafik abidələr maddi-mədəni irsimizin ən vacib tərkib hissələrindən biridir. Nəzərə almaq lazımdır ki, epiqrafik yazılar, kitabələr ən dəqiq tarixi mənbələr hesab olunur. Bizə qədər gəlib çatmış orta əsr əlyazmaları, bəzən bir neçə dəfə üzü köçürülmüş, məqsədli və ya məqsədsiz şəkildə təhrif olunmuşdur. Lakin müxtəlif materiallardan ibarət lövhələrə həkk olunmuş yazılar, heç bir məzmun dəyişikliyinə məruz qalmamış etibarlı sənədlərdir.

Heç şübhəsiz ki, kitabələr aid olduqları abidələrin şəxsiyyət vəsiqəsidir. Başqa bir ifadə ilə, tarixi tikililər haqqında ilk məlumatları həmin epiqrafik abidələr vasitəsi ilə əldə etmək mümkündür. Kitabələrin üzərinə həkk olunmuş yazılar vasitəsi ilə din və ictimai fikir, dil və ədəbiyyat, demoqrafik və ailə vəziyyətləri, əlamətdar tarixi hadisələr və sairə istiqamətlərdə sağlam məlumatları əldə etmək olar. Kitabələr, həmçinin məxus olduğu məntəqənin və dövrünün memarlıq üslubları haqqında da geniş təsəvvürlər yaradır.

Bu cür abidələr həssas risk qrupuna daxil olduğu üçün onların tədqiqi, ictimaiyyətə çatdırılması və xüsusi şəkildə mühafizəsi olduqca zəruri və vacib bir məsələdir.

Elnur MUSTAFAYEV, AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, fəls.ü.f.d., dosent

 

science.gov.az

Download Template Joomla 3.0 free theme.