Rzaqulu üçün Nadirin şücaətli və aralıqsız mücadiləsinin sərvət, hakimiyyət və eyş-işrət gətirən nəticələri məqbul, lakin bu yolda verilən qurbanlar, düçar qalınan təhlükələr və bitməyən müharibələr yorucu idi. Ona görə bir an öz sayıqlığını itirən Rzaqulu açıq şəkildə “Mənim atam bütün dünyanı işğal etmək niyyətinə düşüb, ona görə də bizə və bütün İrana zülm edir. Hər yerdə döyüşlər davam edir. O ölməyincə nə bizim, nə İranın, nə də qonşu dövlətlərin dinclik tapması qeyri-mümkündür”, - deyərək, atasını təhdid etmişdir. Klassik bir deyim olan “Təbiət dahi insanların övladlarında dincini alır” ifadəsi Nadirin oğluna da aiddir. Əslində, Nadir şahla oğlu Rzaqulunun qarşıdurması dünya ədəbiyyatında dəfələrlə əksini tapmış tarixi qəhrəmanla bayağı və bəsit bir insanın münasibətləri mövzusunu xatırladır. Bu baxımdan, bir ata və dahi dövlət xadimi kimi Nadirin taleyi onun öz müasiri olmuş I Pyotrun həyat yoluna müəyyən mənada bənzəyir. Yeni və müasir Rusiya yaratmaq yolunda yorulmadan mübarizə aparan Pyotr ənənəvi və mühafizəkar mühitin tərəfdarı olan oğlu Aleksey ilə qarşı-qarşıya gəlmiş və onu edam etdirmək məcburiyyətində qalmışdı.
Pyotrdan fərqli olaraq, Rzaqulunun gözlərinə İransayağı üsulla mil çəkdirən Nadir bu hadisədən o dərəcə sarsıntı keçirmişdi ki, əslində, sonu görünməyən mübarizənin məğlubiyyətə uğradığını, özünün böyük və yüksək amallarının o dövr İran mühitinin bataqlığında boğulduğunu anlamışdı. Həyatının sonuna doğru artıq ümidsiz mübarizədən bezginliyə düçar olan Nadir şah hətta taxt-tacdan əl çəkmək və hakimiyyətini oğulları və nəvəsinə təhvil vermək haqqında niyyətini bəyan etmişdi. Akademik Ramiz Mehdiyev Nadir şah şəxsiyyətini dəyərləndirməyə cəhd göstərən bəzi tarixçiləri bütün qeyd edilən məqamları nəzərə almağa dəvət edir, ona birmənalı şəkildə yalnız “qaniçən” və “müstəbid” ünvanını verməklə elmi baxımdan məsuliyyətsiz davrandıqlarını vurğulayır.
Biz isə bir daha təkrar etmək istərdik ki, bütün bir cəmiyyətin mühafizəkarlığı, fanatizmi və dözümsüzlüyü ilə aralıqsız mücadilə hətta Nadir kimi dəmir iradəli və müqtədir bir şəxsiyyətin imkanı xaricində idi. Və təbii ki, belə bir cəmiyyətin mənəvi istibdadı onu sındırdı. Mühafizəkar bir ölkədə ictimai dəyişikliklərin ilkin şərti maarifçilikdən, elitanın və sonra da geniş kütlələrin düşüncə tərzinin dəyişdirilməsindən, cəmiyyətə müasir dəyərlərin təlqin edilməsindən keçirdi. Yalnız dünyanın gedişatını və özünün mövcud halını bütün gerçəkliyi ilə doğru dəyərləndirə bilən və yeniliyə meyil etməyə başlayan kütlələr islahatların təşəbbüskarlarını dəstəkləyə və hərəkatın aparıcı qüvvəsinə çevrilə bilər. Bu mənəvi və əqli yenilənmə missiyasını böyük mütəfəkkirimiz Mirzə Fətəli Axundzadə öz üzərinə götürərək, “Aldanmış kəvakib”, “Kəmalüddövlə məktubları” və digər dahiyanə əsərlərini ərsəyə gətirməklə Azərbaycan və İran cəmiyyətlərini yeni dövrə hazırlamışdı. Axundzadənin beyinlərdə və ruhlarda yaratdığı inqilab Azərbaycan Xalq Cümhuriyyətinin və İranda Səttar xan fenomeni və Məşrutə hərəkatının qələbələri ilə nəticələnmişdi. Ancaq unutmayaq ki, bu zəfərlərin bünövrəsində Nadir kimi parlaq şəxsiyyətin qəhrəmancasına mücadiləsi və həyat faciəsi durur. Heç şübhəsiz, Axundzadənin yolunu davam edən Azərbaycanın böyük maarifçiləri bu mənəvi və üzvi əlaqəni duyur və xalqın tarixinin ana nöqtələrini dərk etmək üçün öz axtarışlarında Nadirin surətinə təsadüfən dönə-dönə müraciət etmirdilər.
M.Aksvörtinin “Nadir şah” kitabı ilə tanış olduqca tariximizlə bağlı digər son dərəcə mühüm və konseptual suallar da ortaya çıxır və bir daha düşünürsən ki, bizim şərqşünaslıq və tarixşünaslıq elmləri bu problemlərin həllini prioritet istiqamətlərə çevirməlidir.
Kitabdan meydana gələn önəmli məsələlərdən biri tariximizdə məzhəb, sünni-şiə ixtilaflarının yeri və rolu ilə əlaqədardır. Ümumiyyətlə, orta əsrlərin bir çox dövrlərində dövlət siyasəti və ictimai-mənəvi həyatda özünü büruzə verən ifrat dini təəssüb hər zaman müxtəlif təlatümlərə yol açmışdır. Bu, istər Səfəvi dövləti, istər Osmanlı imperiyasının tarixi üçün xarakterikdir. M.Aksvörti Səfəvilərin son dövrlərində, xüsusilə daha çox vaxtlarını eyş-işrətlə keçirən Şah Süleyman və oğlu Sultan Hüseyn zamanında mərkəzi hakimiyyətin zəifləməsi, dövlət işlərində saray əyanları və ruhanilərin, o cümlədən tanınmış şiə müctəhidi Məhəmməd Bağır Məclisinin söz sahibi olmalarının necə acınacaqlı nəticələr verməsini təsvir edir. Belə ki, Məclisinin təsiri ilə ölkədə şiəliyə zidd kimi dəyərləndirilən hər şeyə qadağa qoyulmuşdu. İçki məclisləri, qəhvəxanalar, şən musiqi və rəqslərlə bərabər İslam mədəniyyəti və ədəbiyyatı tarixində özünəməxsus və önəmli yeri olan təsəvvüf də yasaq edilmişdir. Bundan başqa, qadınların sərbəstliyi bir qədər də məhdudlaşdırılmış və düşüncə azadlığı ilə bağlı digər qadağalar gətirilmişdi. Müəllifin ifadəsi ilə, Səfəvilərin son dövründə “Məhəmməd Bağır Məclisi bir növ İslam inqilabı həyata keçirmişdi”. Yeri gəlmişkən qeyd etmək gərəkdir ki, bu həmin Məclisidir ki, onun dini görüşləri və risalələri M.F.Axundzadə tərəfindən “Kəmalüddövlə məktubları”nda kəskin şəkildə tənqid edilmişdir.
Hər şeyin olduğu kimi, dini təəssübün də ifratı hər zaman mənfi nəticə verir. Tarixdə dini pedantların və özünün “ilahi” missiyasına fanatikcəsinə inanan möminlərin fəaliyyəti görünməmiş bir şey deyil. Onlar səmavi kitablarda buyurulan hər bir əmri mütləq şəkildə və riqoristcəsinə tətbiq etməklə cəmiyyəti mənəvi cəhətdən islah edəcəklərinə inanır və bu yolda, adətən, ən sərt və qəddar tədbirlərin görülməsindən çəkinmirlər. Məsələn, XV əsrdə Avropanın ən qabaqcıl Renessans şəhərlərindən biri olan Florensiyada Cirolamo Savonarola adlı bir dominikan rahibinin hakimiyyəti ələ keçirməsilə burada xristianlığın “qızıl əsrini”, yəni özünün təxəyyülündə yaşayan ideal bir xristian cəmiyyətini “bərpa” etmək arzusuna düşdüyü, bu məqsədlə sərt və bəsit dini qanunların və yasaqların tətbiqinə başlaması, musiqi, rəqs, karnaval və digər əyləncələrə qadağa qoyması, şəhər əhalisinə qarşı dini terror tətbiq etməsi tarixi ədəbiyyatda geniş işıqlandırılmış faktdır. Savonarolanın Renessans dövrünün humanist idealları və dünyagörüşünə zidd olan sxolastik əqidələri və fanatik əməlləri tezliklə şəhərin bütün ictimai-mədəni həyatının çökməsinə və şəhər əhalisinin üsyanına səbəb olmuşdu. Üsyan nəticəsində rahib qətlə yetirilmiş, şəhər sakinləri yenidən öz ənənəvi həyat tərzinə dönmüşdülər. Dövrün məşhur florensiyalı tarixçisi və siyasət nəzəriyyəçisi Nikkolo Makiavelli Savonarolanı öz moizələri ilə insanların şüurunu manipulyasiya edən riyakar bir fanatik kimi dəyərləndirir, özünün “Hökmdar” əsərində onun tətbiq etdiyi dini qaydaların insanların inamını itirməsinə görə çökdüyünü yazırdı.
Səfəvi dövlətinin son dövründə, M.Aksvörtinin ifadəsi ilə, “İslam inqilabının” baş verməsi də ağır nəticələrlə sonuçlanmışdı. Məhəmməd Bağır Məclisi və onun davamçıları tərəfindən aşırı şiə qaydalarının tətbiqi cəmiyyətin daha mömin olmasına, şəriət qaydalarına uyğun yaşamasına deyil, tam əksinə, dini dözümsüzlüyün və fanatizmin artmasına, daxili balansın pozulmasına, məzhəblərarası ixtilafın kəskinləşməsinə və ideoloji-ictimai ziddiyyətlərin açıq qarşıdurma səhifəsinə keçməsinə gətirib çıxarmışdı. M.F.Axundzadə “Aldanmış kəvakib” əsərində Şah Abbas dövründə baş verən hadisələri təsvir edərkən, mollabaşı vəzifəsini tutan Axund Səməd surətinin öz ifadəsi ilə ölkədə aparılan dini siyasətin əsas mahiyyətini açıqlayaraq yazırdı ki, Şah Məhəmməd Xudabəndənin dövründə İran və ölkənin paytaxtı olan Qəzvin əhalisinin yarısı sünni məzhəbində idi; ancaq mollabaşının tutduğu yol və həyata keçirdiyi tədbirlər nəticəsində bütün sünnilər “isnə-əşəriyyəyə hidayət” edilmiş, yəni şiəliyi qəbul etməli olmuşdular. Mollabaşının sözləri ilə “indi Allahın kərəmindən səfheyi-İranda beş-altı nəfərdən ziyadə sünni tapılmaz. Bu xüsusda İran xalqından dəxi kəmali-riyazməndliyim var ki, bəmücərrədi-təklif qədimi ata və babalarının məzhəblərindən əl çəkib hidayətə rağib oldular”. Şübhəsiz, vəziyyəti bu şəkildə təsvir etdiyi zaman Axundzadə Səfəvilərin son dövründə Məclisinin təsiri ilə aparılan dini siyasətə də işarə edirdi. M.Aksvörtinin qeyd etdiyi kimi, Sultan Hüseynin həmişəki kimi başlıca məsləhətçiləri mollalar olduğu üçün ölkənin sünnilər yaşayan bölgələrində üsyanlar başlamış, onların ən bariz nümunəsi də Şirvan qiyamı olmuşdur. Bu dövrdə hakimiyyətin ölkədə apardığı ağlasığmaz dərəcədə uğursuz dini siyasəti nəticəsində Şirvanda “sünnilər öldürülür, onların kitabları yandırılır və onların məscidləri isə tövlələrə çevrilirdi”. Öz növbəsində qiyam qalib gəldikdən və 1721-ci ildə Şamaxıda Səfəvi hakimiyyəti devrildikdən sonra “ətraf ərazilərdə şiələrin kütləvi qırğını başladı. Şiələrin başçısı, onun qardaşı oğlu və digər qohumları izdiham tərəfindən tikə-tikə doğrandı, onların əti isə itlərə yem oldu”. İngilis şərqşünasının Şirvanda məzhəb ixtilafı zəminində meydana çıxan faciəvi hadisələrlə bağlı verdiyi bu məlumat hər bir Azərbaycan tarixçisini və ümumiyyətlə, vətəndaşını düşündürməyə bilməz. Zənnimcə, gənc nəsillərin yaddaşında tarixin ağır ibrət dərsi kimi həkk olunması üçün bu hadisələr məktəb dərsliklərində öz əksini tapmalıdır. Azərbaycan cəmiyyəti tariximizdə bəzən özünü büruzə vermiş dini fanatizm təzahürlərinin eyni xalqın övladlarını, eyni torpağın sakinlərini bir-birinə qarşı nə qədər qəddar və amansız davranmaya vadar etdiyini, eyni dili danışan və mədəniyyəti bölüşən insanların özləri özlərinə necə düşmən kəsildiyini, nəticədə dövlətin məhv olduğunu, vətən torpaqlarının əldən getdiyini bilməlidir ki, belə meyillərin təkrarlanmasına, bəzi xarici qüvvələrin bu meyillərə gizli və açıq şəkildə rəvac verməsinə qarşı möhkəm milli “immunitetə” sahib olsun.
Məzhəb ixtilafı yalnız ölkənin daxili həyatına deyil, xarici münasibətlərinə də öz mənfi təsirini göstərmişdir. XVI əsrin əvvəllərindən başlayan Osmanlı-Səfəvi qarşıdurması və müharibələri istər Azərbaycan, istərsə də ümumi türk tarixinin ən qanlı və faciəvi səhifələrini təşkil edir. Əslində, beynəlxalq ticarət yollarının nəzarəti və regionda hərbi-siyasi üstünlük uğrunda aparılan bu mübarizəyə məzhəb qarşıdurması kimi dini-ideoloji xarakter verilməsi iki türk xalqı arasındakı münasibətləri son orta əsrlərdə zəhərləyən ən mühüm amil olmuşdur. Bu ziddiyyət və arası kəsilməyən silahlı toqquşmalar hər iki dövləti daxilən sarsıtmış, onların iqtisadiyyatını və hərbi qüdrətini çökdürmüş, minlərlə insanın ölümünə və ya yurdlarını tərk etməsinə gətirib çıxarmış, bir çox şəhər və kəndlərin xarabazarlığa çevrilməsinə və nəticə etibarilə Osmanlı dövlətinin və Azərbaycanın Avropa müstəmləkəçiliyi qarşısında zəif vəziyyətə düşməsinə səbəb olmuşdur. Xüsusilə Səfəvi dövləti qurulduğu dövrdə bir metropoliya, siyasi və iqtisadi mərkəz rolunu oynayan Azərbaycanın XVIII əsrdə artıq dövlətin sıravi bir əyalətinə çevrilmiş olması düşündürücü faktdır. Və Azərbaycanın maarifçi mütəfəkkirləri bu məzhəb ixtilafını Mirzə Ələkbər Sabirin sözləri ilə tamamilə düzgün dəyərləndirmişdilər:
Bir vəqt Şah İsmayilü Sultan Səlimə
Məftun olaraq eylədik islamı dünimə,
Qoyduq iki tazə adı bir dini-qədimə,
Saldı bu təşəyyö, bu təsənnün bizi bimə...
Qaldıqca bu halətlə səzayi-əsəfiz biz!
Öz dinimizin başına əngəlkələfiz biz!
Nadir kimi zəkalı və milli təəssübkeşliyi ilə fərqlənən bir liderin cəmiyyətin daxilində dini zəmində baş verən çaxnaşmaların, eyni zamanda iki türk dövlətinin bir-biri ilə məzhəb donu geydirilmiş uzun müddətli mübarizəsinin acınacaqlı nəticələrini gözardı etməsi mümkün deyildi. Nadir şahın fəaliyyətinin ən mühüm cəhətlərindən biri bu ixtilafı aradan qaldırmaq, cəmiyyətə dini barış və dözümlülük gətirmək təşəbbüsü idi. O, dini sahədə həyata keçirdiyi islahatların amalını dəfələrlə bəyan edir, məqsədinin qətiyyən İslam dinini zəiflətmək və ya onun əsaslarını sarsıtmaq olmadığını bildirirdi. Əksinə, məzhəb ayrı-seçkiliyinin və ixtilafının İslam aləminə, müsəlman türk dövlətlərinin birliyinə necə ağır zərbə vurduğunu, onları xarici təhlükə və təcavüzlərin qarşısında zəif düşürdüyünü hamıdan yaxşı dərk edən Nadir müsəlmanların mənəvi birliyi və İslam dövlətləri arasında həmrəyliyin yaranması tərəfdarı olduğunu açıqlayırdı. Təsadüfi deyil ki, Osmanlı sultanı I Mahmuda ünvanladığı məktubda o, “Rum padşahını” nümayişkaranə ehtiramla “cahan şahlarının ən əzəmətlisi, dövran xaqanlarının ən böyüyü, Allahın yaratdığı ölkələrin himayədarı, Allaha ibadət edənlərin qoruyucusu, Allahın yerdə olan kölgəsi, kafirlər ilə müşriklərin qənimi, İslam ilə müsəlmanların yardımçısı” olan “islampənah hökmdar” adlandırır, Əfşar və Osmanlı dövlətlərinin arasında mehriban münasibətlər yaratmaqda özünün “məzhəblərin paklaşmasından, iki dövlətin möhkəmləndirilməsindən və iki tərəfin müsəlmanlarının dostlaşmasından başqa” bir məqsədinin olmadığını xüsusi vurğulayırdı. Bu məqsədlə Nadir şah məsələnin yalnız iki qüdrətli türk-müsəlman dövlətinin əlbirliyi və həmrəyliyi ilə həll ediləcəyinin fərqində olduğunu nümayiş etdirir və Osmanlı sultanına öz məramını izhar edən namələr və elçiliklər göndərirdi. İxtilafı aradan qaldırmaq üçün o, Azərbaycan və İranda şiəliyin radikal və açıq antisünni təzahürlərini və mərasimlərini qadağan etməyin və Osmanlı dövləti və üləmaları tərəfindən də, öz növbəsində, cəfəri məzhəbinin digər dörd ortodoksal sünni məzhəbi (hənəfi, şafii, maliki, hənbəli) ilə yanaşı, İslam dininin beşinci rüknü kimi tanınmasını zəruri hesab edirdi. Öz niyyətlərini həyata keçirmək məqsədilə Nadir şah Nəcəf şəhərində İmam Əli türbəsində tanınmış və nüfuzlu şiə və sünni məzhəblərinin nümayəndələri və ruhanilərinin görüşünü təşkil edərək dini məsələlərlə bağlı aralarında razılığa gəlib məzhəb ixtilafına son qoymağı tələb etmişdi. O, Məhəmməd peyğəmbərin və Qurani-Kərimin “tək və məzhəbdə müttəhidül-üsul”, yəni eyni əsilli olduqlarını, cəfəri məzhəbinə də digər “dörd rəvac məzhəblə bərabər beşinci məzhəb deyilməsini” düzgün hesab edirdi. Nadir şah Sultan Mahmuda yazırdı ki, “buna qanuni yolla və sözlə nə mane və əngəl ola bilər”, əgər “uca Osmanlı dövlətinin bəzi məmurları bu məsələnin çözülməsinə maneçilik törətsələr, hər birisinin qərəzliliyi onun xatirəsinə salınacaqdır, çünki qardaşlıq aləmində sözügedən işlərin təkrarı ilə təzkarı”, yəni xatırladılması lazımdır.
Böyük ehtimalla Nadir şahın bu sahədə özünün sələfi olmuş Fransa kralı IV Henri Burbonun 1598-ci ildə “Nant edikti” adı ilə qanun çıxardığı və beləliklə, Fransada böyük faciələr və qanlı toqquşmalarla müşayiət olunan katoliklərlə qugenotlar arasında onilliklərlə davam edən dini müharibələr dövrünə son qoyduğu, məzhəblər arasında barış və dözümlülük şəraitinin əsasını yaratdığından xəbəri yox idi (ehtimal etmək olar ki, onun son illərində şəxsi həkimi olmuş fransalı iyezuit Pyer Lui Bazen, bəlkə də, bu barədə şaha bir məlumat verə bilərdi). “Nant edikti”nin Fransanın sonraki yüzilliklərdə hərbi-siyasi, iqtisadi və mədəni çiçəklənməsində fövqəladə yeri olmuşdur. IV Henri kimi zəka və uzaqgörənliyi ilə fərqlənən Nadir şah da sünni-şiə ixtilafına son qoymadan müsəlman xalqlarının düşdükləri bataqlıqdan çıxa bilməyəcəklərini, bu sahədə məsuliyyətli və qətiyyətli addımların zərurətini gözəl anladığı üçün Osmanlı sultanına belə bir təkliflə müraciət etmişdi. O dövrdə Nadirin irəli sürdüyü bu layihə, sözün əsl mənasında, inqilabi xarakter daşıyırdı. Doğrudur, onun şəkli və ya bəzi cəhətləri müəyyən mənada qəribə və ya qəbuledilməz görünə bilərdi. Eyni zamanda belə bir layihənin XVIII əsrin müsəlman Şərqi mühitində həyata keçirilməsinin nə dərəcədə mümkün olması da ciddi suallar doğurur. Məlumdur ki, istər sünni üləmaları, istərsə şiə mollaları şahın bu planına bəzən açıq etiraz edir, bəzən də onu üstüörtülü şəkildə sözün tam mənası ilə sabotaj edirdilər. M.Aksvörtinin qeyd etdiyi kimi, sünni və şiə ruhanilərinin Nəcəfdə gəldikləri zahiri razılığa baxmayaraq, “hər kəs evinə getdikdən sonra onlar yenə də əvvəlki ibadətlərinə davam etdilər. Bu razılaşma, demək olar ki, heç nəyi dəyişmədi”. Bununla belə, bir şey aydındır ki, bu sahədə islahatların aparılması həyati önəməmalik zəruri məsələ idi. Əfsus ki, fransız elitasından fərqli olaraq, müsəlman xalqlarının siyasi və dini rəhbərləri Nadirin bu təklifinin mahiyyətini anlamaqda çətinlik çəkdilər və ya xalqın gələcəyi üçün mühüm olan məsələni öz dar mənfəətlərinə qurban verdilər. Bu siyasi və strateji dar görüşlülüyün acı nəticələrini hər iki dövlətin xalqları və müsəlman aləmi tezliklə hiss etməyə başlayacaqdı. Bu gün Yaxın Şərqin bir sıra ölkələrində məzhəb ixtilafı zəminində baş verən və minlərlə insanın həyatına son qoyan, şəhər və kəndlərin dağılmasına səbəb olan qanlı toqquşmalar və dini terrorizm, əslində, Nadir şahın öz dövrünü nə qədər uzaqgörənliklə qabaqladığını göstərmirmi?
Bu hadisə həm də bir daha Nadirin nə dərəcədə cəsarətli və dövlət məsuliyyətinə sahib bir lider olduğunu nümayiş etdirən faktdır. Fransız kralının fəaliyyətindən xəbərsiz olsa da, Dehlini tutmuş Nadir, heç şübhəsiz, Böyük Moğol sultanı Əkbərin dini sahədə islahat təşəbbüsləri barədə məlumata malik idi. Polikonfessional Hindistan şəraitində dinlərarası ixtilafları aradan götürmək və bu sahədə ahəngdar bir cəmiyyət qurmaq məqsədilə Əkbər şah “dini-ilahi” adı ilə yeni sinkretik din yaratmaq təşəbbüsü ilə çıxış etmiş, amma uğur qazana bilməmişdi. İnsanların dini mühafizəkarlığını aradan götürmənin, onları xurafat və mövhumatdan azad etmənin son dərəcə ağır bir məsələ olduğunu dərk etsə də, Nadir şah öz xalqının və dövlətinin gələcək inkişafı üçün həyati önəmə sahib olan bu islahatları aparmaqda tərəddüd etmədi. Ancaq çox təəssüflər olsun ki, onun təşəbbüsləri uğurla nəticələnə bilmədi. Sabir Nadirin sünni-şiə qarşıdurmasına son qoymaq istəyini nəzərdə tutaraq ürək yanğısıyla yazırdı:
Nadir bu iki xəstəliyi tutdu nəzərdə,
İstərdi əlac eyləyə bu qorxulu dərdə,
Bu məqsəd ilə əzm edərək girdi nəbərdə,
Məqtulən onun nəşini qoyduq quru yerdə,
Bir şeyi-əcibiz, nə bilim, bir tühəfiz biz,
Öz dinimizin başına əngəlkələfiz biz.
Düşünürəm ki, bizim tarixşünaslıqda məzhəb ayrı-seçkiliyi və onun xalqımızın tarixinə gətirdiyi faciələr məsələsi ciddi və ətraflı şəkildə öz qiymətini almayıb və bu sahədə də dərin araşdırmaların aparılmasına ehtiyac vardır.
Kitabdan ortaya çıxan digər son dərəcə önəmli problem, ümumiyyətlə, Qərb şərqşünaslığında Azərbaycan tarixi və xüsusilə dövlətçilik tarixi məsələsinin dəyərləndirilməsi və ya bugünkü İran ərazisində tarixən mövcud olmuş dövlətlərin xarakteristikasıdır. İstər İran, istərsə də Qərb şərqşünaslığında, bir qayda olaraq, müasir İran ərazisində və ya digər bir istilahla “mərkəzi müsəlman torpaqlarında” qədim dövrdən başlamış müasir zamana qədər mövcud olmuş bütün dövlətlər, orada hakimiyyətdə olan sülalələrin etnomədəni mənşəyindən asılı olmayaraq, İran (Persia) dövlətçiliyi çərçivəsində qəbul edilir. Bu həssas problemin təhlilinə bəzi tədqiqatçıların əsərlərində bu və ya digər dərəcədə toxunulub. Qeyd etmək lazımdır ki, M.Aksvörtinin kitabına yazılan ön sözün də əhəmiyyətli hissəsi bu məsələnin dəyərləndirilməsinə həsr olunub.
Bu sətirlərin müəllifi də özünün “Səlcuqilərdən Osmanlılara” adlı monoqrafiyasında və bəzi məqalələrində problemin nəzəri əsaslarını tədqiq etməyə səy göstərmiş və müəyyən nəticəyə gəlmişdir. Zənnimcə, məsələnin mahiyyəti qısaca olaraq bundan ibarətdir ki, orta əsrlər müsəlman ədəbiyyatında, xüsusilə İran mənşəli tarixçilərin və onların təsiri ilə bir sıra Osmanlı tarixçilərinin yazdıqları əsərlərdə qədim dövrlərdən başlayaraq mövcud olan və varlığını orta əsrlərdə də davam etdirən “vahid İran dövlətçiliyi” nəzəriyyəsi qəbul edilmişdir. Bu nəzəriyyəyə görə, əfsanəvi Pişdadilər və Kəyanilərdən başlayan bir hakimiyyət xətti Əhəmənilər, Sasanilər və digər sülalələrdən keçərək, islam dövründə Samanilər, Səlcuqilər, Elxanilər, Cəlayirilər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilərdə öz “qanuni” davamını tapmışdır. Yəni istər əfsanəvi Cəmşid və Kəyumərslər, istər Keyxosrov və Daralar, istər Xosrov Ənuşirəvan və Şapurlar, istərsə də Məlikşahlar, Qazan xanlar, Şeyx Üveyslər, Cahanşahlar, Uzun Həsənlər, Şah İsmayıllar - bunların hamısı vahid İran dövlətçilik zəncirinin həlqələri sayılırdı. Bütün bu hökmdarların tamamilə müxtəlif dini və etnik mənsubiyyətinə baxmayaraq, onların hamısının ortaq cəhəti “İran hökmdarı” və ya orta əsrlər müəlliflərinin çox işlətdikləri ifadə ilə desək, “Əcəm padşahları” olmaları idi. Beləliklə, “mərkəzi müsəlman torpaqlarında” hökmranlıq etmiş türk sultanları və monqol xanlarını əski İran şahları kimi “Əcəm padşahı” elan etməklə orta əsr tarixçiləri Yaxın Şərqin türk-monqol dövlətlərini İran dövlətçiliyi tarixinin içində əridirdilər.
Farsdilli ədəbiyyatda belə misallara tez-tez rast gəlmək mümkündür. Belə ki, Qəznəvi sülaləsinin banisi olan Səbük Təkin şamanist türk nəslindən gəlməsinə baxmayaraq, qədim İran şahlarının xələfi elan edilmişdi. Səlcuq dövrünün tanınmış şairlərindən Əbdülvase Cəbəli Xarəzmşah titulu ilə Xarəzm bölgəsinin idarəsinə təyin olunmuş türk əmiri Toğrul Təkini öz qəsidəsində “pəhlivani-mülki-İran” kimi vəsf edirdi. Və ya Anadoluda Qeysəriyyə əyanlarına ünvanlanmış məktubunda Elxanilərin vəziri Fəzlullah Rəşidəddin Qazan xanı “İranın hökmranı və Kəyani şahlarının varisi” adlandırırdı. Beləliklə, öz dövrünün türk və monqol xanlarını qədim İran şahlarının varisləri kimi qələmə verməklə bu tarixçilər “vahid İran dövlətçilik zəncirinin” davam etdiyi fikrini ictimai şüura qəbul etdirirdilər. Bu da, əslində, şüubiyyə dövründə siyasi-mədəni irançılıq ideyalarını canlandıran fars mütəfəkkirlərinin nəzəriyyələrinə tamamilə uyğun idi. Ağqoyunlu dövründə özünün “Ərznamə” əsərini Uzun Həsənin oğlu Sultan Xəlilə həsr edən Cəlaləddin Dəvvani oğuzların bayandur boyundan gələn bu Ağqoyunlu şahzadəsinin şəcərəsini açıq şəkildə əfsanəvi İran-fars şahı Cəmşidə bağlayırdı. Səfəvilər zamanında, xüsusilə Şah Abbasın dövründə bu fikrin artıq ictimai şüurda kifayət qədər özünə yer etdiyini görürük. Belə ki, İspaniyaya mühacirət etmiş Oruc bəy Bayat öz ölkəsinin tarixini avropalılara tanıdarkən məhz bu nəzəriyyənin müddəalarından çıxış edirdi. O, hətta Əmir Teymuru İran şahı kimi təqdim edərək yazırdı: “Bizə elə gəlir ki, biz Teymurləngə Persianın (İranın) şahlarından biri kimi baxa bilərik”.
Mühüm cəhət ondan ibarətdir ki, həmin nəzəriyyə bu gün də dünya şərqşünaslıq mediyevistikasına təsirsiz qalmamışdır. Təsadüfi deyil ki, Qərb tarixşünaslığında, hətta bir sıra türk alimlərinin əsərlərində orta çağda “mərkəzi müsəlmən torpaqlarında” və ya “Əcəmdə” dövlətlər qurmuş və hakimiyyətdə olmuş türk-monqol sülalələri İran şahları kimi təqdim edilirlər. O cümlədən M.Aksvörti bu nəzəriyyənin davamçısı kimi çıxış edərək Nadir şahı İran hökmdarı, onun qurduğu Əfşar dövlətini isə ənənəvi İran dövləti kimi dəyərləndirir. Beləliklə, Əhəməni və Sasani dövründəki qədim İranın fars mənşəli şahənşahları ilə türk-monqol sülalələri arasında prinsipial tipoloji fərq nəzərdən qaçır və ya qaçırdılmağa çalışılır. Bununla da sanki tarix boyu vahid İran dövlətçiliyi xəttinin mövcud olduğu fikri müdafiə edilir.
Halbuki İran qədim dünyanın bütün digər ölkələri kimi nə din, nə mədəniyyət, nə dil, nə də dövlətçilik baxımından tarix boyu davamlılıq və vahid xətt nümayiş etdirməmişdir. Əksinə, bugünkü İran ərazisində minilliklər ərzində bir sıra müxtəlif etnosların gəlib yerləşməsi ilə burada köklü etnomədəni və sosial-siyasi transformasiyalar baş vermişdir. Müasir İranın titul etnosu sayılan farslarla bu torpaqların qədim dövr əhalisini yalnız etnonim eyniliyi birləşdirir. Din, mədəniyyət və hətta dil bu müddət ərzində dəyişmişdir. Bu dəyişikliklərin baş verməsində bir sıra amillər, o cümlədən öncə ərəb-müsəlman, daha sonralar türk-monqol fəthləri böyük rol oynamışdır. Bu baxımdan, orta əsrlərdə İran ərazisini də əhatə edən və türk sülalələri tərəfindən qurulub idarə edilən dövlətləri “vahid İran dövlətçiliyi zəncirinin” üzvi həlqələri kimi dəyərləndirmək doğru deyil. Atilla Hun dövləti və ya Lanqobardlar krallığını İtaliya dövlətləri olaraq dəyərləndirmək yanlış olduğu kimi, Ağqoyunlu və ya Əfşar dövlətlərini də ancaq İrana aid eləmək, onları sadəcə İran dövlətləri kimi təqdim etmək eyni dərəcədə səhvdir. Lakin təəssüf ki, bu fikir orta əsrlərdə olduğu kimi, bu gün də istər İran, istərsə də Qərbdə özünə müdafiəçi tapmağa davam edir.
M.Aksvörtinin kitabı ilə tanış olduqca tarixşünaslığımızda tədqiqi önəmli olan bir sıra digər məsələlər də diqqəti cəlb edir. Məsələn, elə kitabın sərlövhəsindən də göründüyü kimi, Nadir şahın həyat yolu müəllif tərəfindən “tayfa döyüşçüsündən fateh müstəbidə qədər” kimi dəyərləndirilir. Xüsusi olaraq qeyd etmək gərəkdir ki, Qərb şərqşünaslığında tayfa və dövlət, köçərilik və oturaqlıq dualizmi türk xalqlarının tarixinin fundamental problemi kimi göstərilir. Düşünürəm ki, bizim elmimiz də nisbətən diqqətdən kənarda qalmış bu problemi inkar edə bilməz və bu sahədə ciddi araşdırmalar aparılması günün tələbi kimi qarşıya çıxır.
Son olaraq Nadir kimi cəmiyyətin aşağı təbəqəsindən çıxmış, öz parlaq zəkası, cəsarəti, qətiyyəti və istedadı sayəsində möhtəşəm dövlət yaradıb şahlıq mənsəbinə yüksəlmiş, həyatını böyük amal və məqsədlərə həsr etmiş, bütün qüdrətli fateh və hökmdarlar kimi hədəfinə yetişmək uğrunda addımladığı yolda səbir, səxavət və rəhmdillik nümayiş etdirməklə bərabər, qəddarlıq və amansızlıq göstərməkdən də çəkinməmiş, adını bəşər tarixinə yazmış Nadirin faciəli ölüm hadisəsindən də yan keçmək mümkün deyil. Əslində, bu böyük şəxsiyyətin mənən bu dünyanı tərk etməsi fiziki ölümündən bir neçə il əvvəl baş vermişdi. Və bu həqiqəti ilk dəfə səsləndirən onun gözləri ovulmuş sevimli oğlu Rzaqulu oldu. M.Aksvörti yazır: “Rzaqulunun gözləri kor olandan 3 gün sonra Nadir oğlunun yanına gəldi. O, şahzadənin başını öz sinəsinə qoyaraq onu öpür və göz yaşlarına boğulurdu. Orada olan saray əyanlarının çoxu da göz yaşlarını saxlaya bilmədi. Əvvəlcə Rzaqulu danışmaq istəmirdi, lakin sonra belə dedi: “Gərək biləsən ki, mənim gözlərimin nurunu almaqla sən özünü kor qoydun və öz həyatını isə məhv etdin”. Bütün tarixi mənbələr etiraf edir ki, oğlunun faciəsi, əslində, Nadirin özünün şəxsi faciəsinə çevrildi, onun həyatının fiaskosu oldu. Saray tarixçisi Mirzə Mehdi xan Astarabadi şahın ölümündən bir neçə il sonra öz keçmiş hökmdarı haqqında yazırdı ki, hakimiyyətinin ilk illərində Nadir şah ölkəni ədalət və qayğı ilə idarə edir və buna görə ölkənin bütün əhalisi onu qorumaq üçün canlarından keçməyə belə hazır idi. Ancaq sonra o, “pisniyyətli casusların, narazı məmurların təhriki ilə ən yaxşı və sevimli oğlu Rzaqulunun gözlərini çıxartdı. Tez və axmaqcasına həyata keçirilən bu qəddar qərardan sonra vicdan əzabı çəkən Nadir sanki ağlını itirdi”. Onun bütün mənliyini sarsıdan bu faciə həm də həyat və fəaliyyətinin dönüş nöqtəsi, ömrünün son pərdəsinin başlanğıcı oldu. Bundan sonra hərbi işlər, idarəçilik və şəxsi güzəranında get-gedə daha çox uğursuzluqlara düçar olan Nadir şah bu mənəvi yükün ağırlığına dözə bilməyib əvvəlki həyat eşqini, dinamizm və qətiyyətini itirdi. Onun öz övladına qarşı amansız hərəkətinin səbəbi isə bəşər tarixində bütün taxt-tacları kölgə kimi müşayiət edən saray əyanlarının intriqaları, elit qruplaşmaların hakimiyyət və var-dövlət uğrunda daxili çəkişmələri və hökmdarla varisi arasında səpdikləri etimadsızlıq toxumları oldu. Tədricən Rzaqulunun təcrübəsizliyi və səbatsızlığından, Nadirin isə təbiətində olan çılğınlıqdan istifadə edən əyanlar onların hər ikisini hörümçək kimi məharətlə və səbirlə hördükləri tora salmağa müvəffəq oldular. Atasına qarşı törədilən sui-qəsddə Rzaqulunun birbaşa iştirakı və günahı olmasa da, o, görünür, bu işdən tamamilə xəbərsiz də deyildi. Lakin Nadirin canına qıyıb onu aradan götürmək niyyətində olan əyanların sui-qəsd cəhdi uğursuzluqla nəticələndikdə bütün suçu Rzaqulunun üzərinə atmağı bacardılar. Onsuz da oğlundan şübhələnən və qəzəbindən məsələni sona qədər araşdırmağa səbri yetməyən Nadir öz varisinin gözlərinə mil çəkmək əmrini verməklə həyatda öz böyük planlarının üzərindən də xətt çəkmiş oldu.
Rzaqulunun kor edilməsi bir hökmdar ailəsinin daxili və faciəvi bir epizodu kimi görünə bilər, çünki Nadir tarixdə öz övladına qıyan birinci və yeganə hökmdar deyildi. Xüsusilə Səfəvi dövründə şahzadələrə qarşı belə “cəza” üsulu geniş yayılmışdı. Yenə də M.F.Axundzadə “Aldanmış kəvakib” əsərində bu qorxunc ənənəni kəskin şəkildə tənqid edir. Dövlət əyanlarının Yusif Sərracdan sonra taxta oturtmaq üçün namizəd axtardıqları və Şah Abbasın harada gizləndiyini bilmədikləri vaxt məlum olur ki, “Səfəviyyə şahzadələrinin heç biri səltənətə şayistə deyil: tamam kəməndiş və kordurlar. Bir parasını Şah İsmayıl sani (ikinci - Ş.M.) kor edibdir, bir parasın Şah Abbas özü”. Lakin Nadir şahın varisinin gözlərinə mil çəkilməsi hadisəsinə bütöv bir xalqın tarixi nöqteyi-nəzərindən baxdıqda, onun mühüm rəmzi xarakter daşıdığı görünür. Çünki yuxarıda da qeyd edildiyi kimi, Rzaqulunun faciəsi Nadir şahın sonu və beləliklə, onun illərlə böyük fədakarlıq və qurbanlar sayəsində qurduğu dövlətin süqutu oldu. Bu isə, nəticə etibarı ilə bütün ölkənin yenidən parçalanması, ərazilərin itirilməsi, daxili hərbi qarşıdurmaların və silahlı toqquşmaların başlanması, şəhər və kəndlərin xarabazarlığa çevrilməsi, insanların məhv olması və öz ev-eşiklərindən məhrum olmasına gətirib çıxaracaqdı. Bu hadisə orta əsrlər tariximizdə mənsəbpərəstlik və hərislik duyğuları ilə hərəkət edən müxtəlif feodal qruplaşmalarının daxili çəkişmələri nəticəsində dövlətçiliyin necə çökməsinin klassik bir örnəyidir. Bu baxımdan akademik Ramiz Mehdiyevin xalqımızın tarixi taleyi ilə bağlı söylədiyi fikir maraqlı və diqqətəlayiqdir: “Dövlət maraqlarının mənsəbpərəstlik və hərislik duyğuları ilə hərəkət edən şəxslərin mənfəətlərindən daha yuxarıda dayanmadığı hər bir tarixi mərhələdə xalqımız bunun əvəzini müstəqilliyinin itirilməsi ilə ödəmiş, məhv olmaq təhlükəsi ilə üzbəüz qalmışdır. Müxtəlif vaxtlarda ayrı-ayrı qüvvələrin şöhrətpərəstliyi, vəzifə iddiası naminə yaratdıqları mənasız çəkişmələrin nəticəsidir ki, Azərbaycan öz tarixi torpaqlarının böyük bir qismini itirmiş, qüdrətli dövlətçilik ənənələrinə sarsıdıcı zərbə vurulmuşdur. İnanmaq istərdim ki, gələcək nəsillər bu dərslərin mahiyyətini lazımi qaydada anlayacaq, ondan zəruri nəticələr çıxarmağı bacaracaqlar”.
Beləliklə, Maykl Aksvörtinin “Nadir şah” monoqrafiyasının Azərbaycan dilində çap olunmasının əsas qayəsi sadəcə Qərb şərqşünaslığının uğurlu bir tədqiqatının Azərbaycan oxucusuna çatdırılması ilə məhdudlaşmır. Bu nəşrin məqsədi həm də Azərbaycan ictimaiyyətini öz tarixi və gələcəyi haqqında ciddi düşünməyə sövq etməkdən ibarətdir. Ona görə də “Nadir şah” kitabında ifadə olunan mətləblər müasir dövrümüz üçün də aktual və əhəmiyyətlidir.
Şahin Mustafayev, akademik