Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva çıxış edərək, 26 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi həyat yolundan danışdı, Aida xanımın həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını qeyd etdi. Aida xanımın elmi fəaliyyətinin hər bir dövrünü xatırladan Gövhər xanım, onun müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu, Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim olduğunu söylədi. Böyük alimin qoyduğu zəngin elmi irslə yanaşı, elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açan G.Baxşəliyeva, onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini vurğuladı. Gövhər xanım qeyd etdi ki, Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, İnstitutun Ərəb filologiyası şöbəsinə başçılıq etdiyi qısa müddət ərzində onun bilavasitə səyləri ilə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilib.
G.Baxşəliyeva Aida İmanquliyevanın itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd etdi: “Çox təəssüf ki Aida xanımın ömür yolu qısa oldu. Amma onsuz ötən illər bir həqiqəti ortaya qoydu: Aida xanım bizdən yalnız cismən ayrılıb – adı dillərdən düşmür, xatirəsi ürəklərdən silinmir. Onun ruhu aramızda dolaşır, övladlarında, əsərlərində, tələbələrində, həmkarlarında yaşayır, yolumuzu işıqlandırır. Əsərləri dönə-dönə oxunulur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Nə qədər ki, onun alim qələmi ilə uğrunda mübarizə apardığı ideya və amallar aktuallığını itirməyib, nə qədər ki, Şərq və Qərb münasibətlərində tam anlaşma bərqərar olmayıb, insanlar dönə-dönə Aida İmanquliyevanın əsərlərinə müraciət edəcək və gələcək nəsillər onu daim minnətdarlıqla xatırlayacaqlar”.