Tədbiri açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva dövlət başçısının AMEA-nın 80 illik yubiley tədbirində çıxışında və yerli televiziya kanallarına verdiyi müsahibəsində milli varlığımızın təminatı, Azərbaycan dilinin qorunması, elmin inkişafı və müasir tələblərə uyğunlaşdırılması ilə bağlı səsləndirdiyi fikirləri xatırladaraq, bütün bunların elmi ictimaiyyətin qarşısında mühüm vəzifələr qoyduğunu qeyd edib.
Prezidentin dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsilin vəhdətinə, inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanmağa, elmi potensialın bugünkü reallıqlara uyğunlaşdırılmasına dair səsləndirdiyi fikirləri xatırladan akademik G.Baxşəliyeva həmin fikirlərin elmin inkişafında qarşıya qoyulan bir proqram olduğunu diqqətə çatdırıb.
“Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” mövzusunda məruzə edən Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev bildirib ki, dil mürəkkəb bir hadisə kimi hər bir xalqın təşəkkülündə və mövcudluğunun qorunub saxlanılmasında mühüm amillərdən biri hesab edilir. Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də biliklərin saxlanması, ötürülməsi və mənimsənilməsinə xidmət edir.
İnstitutun Şərq-Qərb şöbəsinin müdiri ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı “Prezident İlham Əliyevin elm və təhsil siyasəti: strateji baxış və inkişaf perspektivləri” mövzusunda məruzəsində dövlət başçısının çıxışlarında vurğulanan əsas prinsiplərin – elm və təhsilin inteqrasiyası, milli kimlik və dilin qorunması, gənc kadrların təşviqi, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq olduğunu və bunların müasir dövlət siyasətinin dayanıqlı inkişaf modelini formalaşdırdığın qeyd edib. Bu çıxışın elm və təhsilin ayrılmaz şəkildə inteqrasiya olunmasını prioritetləşdirdiyini, onu milli inkişafın katalizatoru və innovasiya potensialının əsas generatoru kimi təqdim etdiyini deyən M.Babaşlı ölkə rəhbərinin “Gənc kadrların hazırlanması və onların elmi mühitə cəlb edilməsi Azərbaycan elminin gələcəyi üçün həlledici məsələdir” açıqlamasının Azərbaycan elmi siyasətinin uzunmüddətli inkişaf strategiyasının strateji sütunlarından biri olduğunu bildirib.
İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov “VUCA dövrü və Azərbaycanda elm və təhsilin inkişaf perspektivləri” mövzusunda məruzə edib. Məruzə zamanı VUCA (dəyişkənlik, bilinməzlik, mürəkkəblik, qeyri-müəyyənlik) dövründə elmi uyğunlaşma, elmi metodologiya və yanaşma haqqında məlumat verilib və bu dövrdə Azərbaycan elminin qarşısında duran bəzi məsələlər, elmin gələcəyi haqqında fikirlər səsləndirilib.
Ərəb filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova bildirib ki, bu gün dünyada 50 milyon insanın Azərbaycan dilində danışması və bir-birini anlaması, dilimizin bu gün saflığının qorunması uzun illər dövlət tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir. Məruzəçi elmdə, təhsildə nəsillərarası varislik prinsipinin mühüm olduğunu da vurğulayıb: “Hələ ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrıldı, bu siyasət müstəqillik illərində də davam etdirildi. Beləliklə, o illərdə görülən işlər ardıcıl olaraq ölkəmizdə intellektual potensialı gücləndirib. Bu potensial gələcək nəsillərə nəsillərarası varislik prinsipi qırılmadan, müasir elmin tələblərinə uyğun davam etdirilməlidir. O vaxt bünövrəsi qoyulan doğru dövlət siyasəti ilə bu gün bu varislik zəncirinin qırılmadığını görürük, bu şərəfli işi davam etdirmək bu gün bizim vəzifəmizdir. Bunun üçün ölkə başçısı Prezident İlham Əliyev tərəfindən hər birimizin qarşısına qoyulan vəzifə və öhdəlikləri məsuliyyətlə icra etməliyik”.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
