Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ƏLCƏZAİRİN KONSTANTİN ŞƏHƏRİNDƏN AZƏRBAYCANIN PAYTAXTI BAKI ŞƏHƏRİNƏ ELMİ SƏFƏR

09 Yanvar 2026

2025-ci ilin dekabr ayının əvvəlində elmi heyətimiz asma körpülər şəhəri, elm və alimlər diyarı olan Əlcəzir Xalq Demoktarik Respublikasının Konstantin şəhərindən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə doğru yola çıxdı. Onu da qeyd edim ki, bu səfəri bizə Konstantin Universiteti Sosiologiya kafedrasından həmkarımız doktor Murad Belaidi təklif etmiş, həmin ilin elmi səfər marşrutu kimi seçilməsini isə Tarix kafedrasından həmkarım doktor Həmzə Qadiri də dəstəkləmişdi. Səfərdən əvvəl, internet şəbəkəsində apardığımız araşdırma nəticəsində ölkəyə ziyarətimiz zamanı Azərbaycan Əlyazmalar İnstitutunun ərəb əlyazmaları şöbəsindən faydalana biləcəyimizi müəyyənləşdirdikdən sonra qərarımızı qəti şəkildə verdik. Beləliklə, universitetimizin (Konstantin Universiteti) Humanitar və Sosial Elmlər Fakültəsinin bizə ayırdığı elmi ezamiyyət qrantından yararlanaraq bu ideyanı həyata keçirməyi dəqiqləşdirdik.

 

Səfər hazırlıqları

Yola düşməzdən əvvəl ilk dəfə ziyarət etdiyimiz bu ölkədəki tədqiqatçılarla əlaqə yaratmaq üçün dostlar və yaxınlarla əlaqələr qurduq. Əziz dostumuz, Mavritaniyalı professor Cəmal Qadur vasitəsilə Azərbaycan mövzusu ilə maraqlanan, oradakı elmi qurumlarla sıx əlaqələri olan iraqlı bir alimlə tanış olduq. Məhz onun vasitəsilə bu səfərdə bizə bələdçilik edəcək şəxs – gənc və fəal tədqiqatçı alim doktor Elnur Mustafayev ilə tanış olacaq və çoxşaxəli biliklərə, mədəniyyətlərarası dünyagörüşünə malik bu şəxs səfərimizin hər baxımdan uğurlu olmasına böyük töhfə verəcəkdi.

Səfər həmişə müəyyən çətinliklərdən ibarətdir; necə ki, bu haqda Peyğəmbərimiz (s) buyurmuşdur. Xüsusilə də səfər birbaşa olmadıqda bu çətinlik daha çox hiss olunur. Türk Hava Yolları ilə saat 14:30-da asma körpülər şəhərindən yola çıxdıq və təxminən 3 saatlıq uçuşdan sonra İstanbul hava limanına çatdıq. Daha sonra 4 saat gözlədikdən sonra Bakı istiqamətində uçuşa başladıq və təxminən 3 saatdan sonra mənzil başına yetişdik. Pasport nəzarətində çalışan əməkdaşın təyyarədə 3 əlcəzairlinin olmasına təəccübünü gizlədə bilmədiyini müşahidə etdim. Görünür, Bakıya o qədər də əlcəzairli qonaqlar ziyarət etmir.

Bakıya giriş vizası elektron əsaslarla olduğu üçün prosedur olduqca sadə oldu: pasportun yoxlanılması, şəxsi şəkilin çəkilməsi və möhürlənməsi. Beləliklə, gecə saat 03:00 radələrində özümüzü Azərbaycana çatdıq. Əvvəlcə telefon üçün SIM-kart axtardıq, sonra isə bizi otelə aparacaq avtomobili tapa bildik. Yorğunluq xeyli hiss olunurdu, üstəlik Azərbaycan ilə Əlcəzair arasında 3 saatlıq vaxt fərqi də öz təsirini göstərirdi.

Bakıda Əlyazmalar İnstitutunda

Ərəb dilində səlis danışan yeni azərbaycanlı dostumuz doktor Elnur Mustafayevə ziyarət edəcəyimiz elmi müəssisələrdə görüşlərin təşkili işini həvalə etdik. O, səfərin ilk gününü istirahətə ayırmağımızı tövsiyə etdi. Fürsətdən istifadə edib, bu müddətdə, Xəzər dənizi sahilində yerləşən, gözəlliyi və təmizliyi ilə seçilən, müxtəlif memarlıq üslublarının ahəngdar şəkildə birləşdiyi və geniş bir bağı xatırladan Bakı şəhərini bir az dolaşdıq.

İkinci gündən etibarən Bakı bizə öz elmi simalarını və zəngin mədəni xəzinələrini açmağa başladı. Xüsusilə də Cümə əl-Macid Mərkəzinin Bakıda saxlanılan ərəb əlyazmaları üzrə tərtib etdiyi kataloqla tanış olduqdan sonra, əsas diqqətimiz Əlcəzairə aid əlyazmaların axtarışına yönəlmişdi.

Əlyazmalar İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasına tabedir və görkəmli şair və ədib Məhəmməd Füzulinin adını daşıyır. Füzuli Azərbaycan ədəbi mühitini azərbaycanca, ərəb və farsca yazdığı qiymətli əsərlərlə zənginləşdirmiş böyük şəxsiyyətlərdəndir. İnstitutun yerləşdiyi bina da xüsusi tarixi əhəmiyyətə malikdir: burada 1906-cı ildən başlayaraq müsəlman dünyasında islahatçı düşüncənin təsiri ilə qızların təhsilində mühüm dönüş baş vermişdir. Bu təşəbbüsün arxasında xeyriyyəçi azərbaycanlı milyonçu Zeynalabdin Tağıyev dayanırdı. Eyni zamanda, bu bina 1918-ci ildə müstəqil Azərbaycanın tarixində ilk parlamentə də ev sahibliyi etmişdir. Lakin bu müstəqillik cəmi iki il sürmüş, 1920-ci ildə ölkə Sovet İttifaqı tərəfindən işğal edilmiş və bu işğal 70 il davam etmişdir.

İnstitutun tədqiqatçıları bizi böyük səmimiyyətlə qarşıladılar və mərkəzdə saxlanılan nadir əlyazma xəzinələri haqqında geniş məlumat verdilər. Bu xəzinələr arasında hicri I əsrin sonlarına aid “Nisa” surəsindən Quran parçası, eləcə də məşhur müsəlman alimlərinin əsərlərinin ən qədim nüsxələri mövcuddur. Onların sırasında Əndəluslu həkim Əbul-Qasim əz-Zəhravi, filosof-həkim İbn Sina və başqaları var idi. Qısa zamanda anladıq ki, qarşımızda 40.000-dən çox əlyazmanı əhatə edən zəngin bir irs dayanır. Onların təxminən 12.000-i ərəb qrafikası ilə yazılmışdır (ərəb, azərbaycan, türk və fars dillərində). Bu materialların mühüm hissəsi artıq kataloqlaşdırılmış, rəqəmsallaşdırılmışdörd cilddə nəşr olunmuşdur. Bütün bu izahlar dostumuz doktor Elnur Mustafayev vasitəsilə tərcümə edilərək bizə çatdırılırdı; o, daim nəzakəti, enerjisi və çoxdilli biliyi ilə ünsiyyət körpüsü rolunu oynadı.

Daha sonra binanın tarixi haqqında məlumat verən əlavə zalda gəzintidən sonra tədqiqatçılarla birlikdə çay süfrəsi arxasında dəyirmi masa ətrafında söhbət etdik. Çay Azərbaycan qonaqpərvərliyinin mərkəzi elementlərindən biridir. Görüşdə aşağıdakı şəxslər iştirak edirdilər:

1.     Dr. Əkrəm Bağırov – Əlyazmalar İnstitutunun direktor müavini, fars əlyazmaları üzrə tanınmış alim

2.     Dr. Zəkiyyə Abilova – ərəb əlyazmaları şöbəsinin tədqiqatçısı

3.     Dr. Səvinç Bayramova – ərəb əlyazmaları şöbəsinin tədqiqatçısı

4.     Dr. Nigar Babaxanova – institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri

Biz kataloqlar üzərində işləyərək ehtiyac duyduğumuz materialları qeydə aldıq. Dörd cildlik kataloqda qrammatikateologiya sahələrində Əlcəzair alimlərinə aid izlər tapdıq. Eyni zamanda mənbələrin rəqəmsallaşdırılması, tədqiqi və ölkədə ərəb dilinə göstərilən diqqət haqqında geniş müzakirələr apardıq. Bu institutda ərəb dilinə olan böyük sevgi bizi xüsusilə təsirləndirdi və ilk günümüz bu səfərin əhəmiyyətini göstərən xoş təəssüratla başa çatdı.

Ərəb əlyazmaları şöbəsində

Növbəti gün kataloqların yoxlanmasını davam etdirdik ki, ehtiyacımız olan bütün əlyazma əsərləri qeydə ala bilək. Doktor Elnur Mustafayev bizim üçün institutda yeni bir görüş təşkil etdi. Bu dəfə yolumuz ərəb şöbəsinə düşdü. Şöbənin rəhbəri Azərbaycanın ən böyük alimlərindən biri, çoxsaylı tədqiqat və nəşrlərin müəllifi professor Kəmandar Şərifli idi. O, ərəb şöbəsində “alimlərin ustadı” hesab olunur. Professor İraq, Səudiyyə Ərəbistanı və Misir kimi ölkələrdə çalışmış, 2016-cı ildə isə Biskra şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Əlcəzairə gəlmiş, Batna şəhərini də ziyarət etmişdir. O, Əlcəzairə böyük heyranlığını gizlətmirdi və klassik ərəb mətnləri ilə məşğul olan mütəxəssislərə xas bir fəsahətlə ərəbcə danışırdı.

Bu görüşə daha əvvəl tanış olduğumuz iki xanım tədqiqatçı – Dr. Zəkiyyə AbilovaDr. Səvinç Bayramova da qatıldı. Dr. Zəkiyyə Abilova 1980-ci illərdə bir müddət Tunisdə yaşamışdır.

İkinci görüşdə bizə fəlsəfə və teologiya mövzusunda yeni kataloqlar təqdim edildi və lazım olan məlumatları qeydə ala bildik. Müzakirələr ərəb əlyazmalarının ümumi vəziyyəti, onların qorunması və tədqiqatçılara açıq şəkildə təqdim edilməsinin əhəmiyyəti ətrafında oldu. Azərbaycan təcrübəsi çərçivəsində ölkənin müxtəlif bölgələrindən, ailə kitabxanalarından və sufi təkkələrindən toplanan əlyazmaların onilliklər ərzində bu institutda cəmlənməsi haqqında dəyərli məlumatlar aldıq.

İşimizin sonunda institutun direktoru professor Teymur Kərimova rəsmi müraciət edərək ehtiyac duyduğumuz əlyazmaların siyahısını təqdim etdik. Ərəb əlyazmaları şöbəsinin əməkdaşları bizə kataloqların bir nüsxəsini hədiyyə etdilər; biz bu materialları universitetimizdəki Məğrib İslam Sivilizasiyası üzrə Tədqiqatlar Laboratoriyasına təqdim edəcəyik. Onlarla xoş əhval-ruhiyyə və minnətdarlıq hissi ilə vidalaşdıq.

 

Şərqşünaslıq İnstitutunda

 

İkinci əsas istiqamətimiz əhəmiyyət baxımından birincidən geri qalmayan Şərqşünaslıq İnstitutu oldu. Dostumuz doktor Elnur Mustafayev bizi hər dəfə oteldən götürməklə yanaşı, səfərimizin bütün mərhələlərini böyük diqqət və qayğı ilə təşkil edirdi. Burada bizi ərəb irsi ilə bağlı tədqiqatları ilə tanınan başqa bir böyük alimlə – institutun direktoru və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Gövhər Baxşəliyeva ilə görüş gözləyirdi.

O, ərəb mənbələri əsasında Azərbaycan ədəbi tarixinə dair çoxsaylı əsərlərin müəllifidir. Onun təqdim etdiyi işlərdən aydın oldu ki, biz, tarix, coğrafiya, səfərnamələr və tərcümeyi-hal kitabları kimi ərəb mənbələrini dərindən bilən şəxsin qarşısında dayanmışıq. Onun əsərləri arasında Əbul-Fərəc əl-İsfahaninin “Nəğmələr kitabı”-nda Azərbaycan əsilli şəxsiyyətlərə dair mətnlərin tərcüməsi də yer alır.

İnstitut görkəmli şərqşünas Ziya Bünyadovun adını daşıyır və 1958-ci ildə sovet dövründə yaradılmışdır. Direktor xanım bizə institutun 60 illik fəaliyyətinə həsr olunmuş bir nəşr hədiyyə etdi. Bu institutda dinlər, ədəbiyyat və mədəniyyət, iqtisadiyyat, siyasi elmlər və digər sahələri əhatə edən çoxsaylı şöbələr fəaliyyət göstərir.

Təxminən bir saatlıq söhbət zamanı ərəb dilinin Azərbaycan mədəniyyətindəki rolu haqqında çox dəyərli məlumatlarla yaxından tanış olduq. XX əsrin əvvəllərinə qədər Azərbaycan dili ərəb qrafikası ilə yazılmış, bu da əsrlər boyu Azərbaycan mədəni irsinin qorunmasına xidmət etmişdir. İnstitutda bir çox ərəb mənbələrinin azərbaycancaya tərcümə edildiyini də öyrəndik. Akademik Gövhər Baxşəliyeva bu səfərin bilik mübadiləsinin başlanğıcı olmasını arzulayaraq iki ölkə arasında elmi əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirdi.

İnstitutun “Din və ictimai fikir” şöbəsinə rəhbərlik edən dostumuz, doktor Elnur Mustafayev bizi öz şöbəsi və institutun digər şöbələri ilə yaxından tanış etdi. Daha sonra ərəb dili və ədəbiyyatı şöbəsinə yönəldik. Burada ərəb dilinə böyük maraq göstərən, ərəb dünyasının ədəbi hərəkatlarını yaxından izləyən tədqiqatçılarla görüşdük. Onların sırasında:

  • Prof. Laura Orucova – Azərbaycanda ərəb qrammatikası üzrə aparıcı mütəxəssis
  • Dr. Xumar Ələkbərova – ərəb dili şöbəsinin müdiri, xüsusilə Nəcib Məhfuz yaradıcılığı üzrə tədqiqatçı
  • Dr. Lalə Bayramova – “Əyyamül-ərəb”, ərəb rəvayətləri və “Min bir gecə” mövzuları üzrə tədqiqatçı

Burada dostumuz doktor Elnur Mustafayevin tərcümə yükü bir qədər azaldı, çünki tədqiqatçıların əksəriyyəti ərəb dilində sərbəst ünsiyyət qururdu. Nəcib Məhfuzun yaradıcılığına, eləcə də mühacir şairlərə – Cübran Xəlil Cübran, İlya Əbu Madi, Mixail Nüaymə – böyük marağın olduğunu gördük.

İnstitutda Əlcəzair haqqında mənbələrin azlığı diqqətimizi çəkdi. Biz bu boşluğun doldurulması üçün səy göstərəcəyimizə söz verdik; necə ki, Oman Sultanlığı, Səudiyyə Ərəbistanı və digər ölkələr bu instituta öz tarix və mədəniyyətlərini tanıdan geniş mənbə kitabları hədiyyə etmişdilər. Ümid edirik ki, Əlcəzairin Bakıdakı səfirliyi də bu istiqamətdə təşəbbüs göstərəcək və beləliklə, Əlcəzair ədəbiyyatı və tarixi bu qədim institutda tədqiqat mövzusuna çevriləcəkdir.

Nəticə

Bu səfər elm və biliklə dolu oldu. Ərəb dilini mükəmməl bilən, fikir mübadiləsinə açıq, eyni zamanda Azərbaycan televiziyasında cümə günləri yayımlanan həftəlik proqramın aparıcısı olan tədqiqatçı alim Dr. Elnur Mustafayevin yoldaşlığı səfərimizin uğurunu daha da artırdı. Xüsusilə, əlyazmaların kataloqlaşdırılması prosesi davam etdiyi və beşinci cildin tezliklə nəşr olunacağı gözlənildiyi üçün bu gözəl ölkəyə yenidən qayıtmaq arzusu yarandı.

 

Bir daha dostumuz doktor Elnur Mustafayevə, Əlyazmalar İnstitutunun və Şərqşünaslıq İnstitutunun bütün tədqiqatçılarına təşəkkür edirik. Hamı ilə tanış olmaq, onların təcrübəsindən yararlanmaq və fikir mübadiləsi aparmaq bizi böyük ölçüdə məmnun etdi. 

 

 

Dr. Hüseyn Bubidi (Konstantin Universitetinin baş müəllimi, Məğrib İslam Sivilizasiyası üzrə Tədqiqatlar Laboratoriyasının müdiri)

Əlcəzairin "Şüruq" qəzetində dərc olunmuş məqalə

 

Tərcümə etdi: AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev

Download Template Joomla 3.0 free theme.