Hesabatda 2024-cü ildə institut əməkdaşlarının səmərəli elmi fəaliyyət göstərərək, “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni, tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalar apardıqları və elmi-tədqiqat planında nəzərdə tutulmuş bütün işləri yerinə yetirdikləri qeyd edilib.
Hesabatda ilk olaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının icrası ilə əlaqədar görülən işlər diqqətə çatdırılıb. Bu sırada “İnformasiya təhlükəsizliyi və Şərq siyasəti” mövzusunda dəyirmi masanın, “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” adlı elmi sessiyanın, “Ulu öndər Heydər Əliyevdən Müzəffər Ali baş komandan İlham Əliyevədək: konstitusiya və suverenlik” adlı elmi konfransın, “Üzeyir Hacıbəylinin yaradıcılığı və maarifçilik fəaliyyəti” adlı elmi sessiyanın, “Azərbaycan elminin bayraqdarı” adlı respublika konfransının, “Bəxtiyar Vahabzadə və Türk dünyası” adlı elmi sessiyanın, “Seyid Əzim Şirvaninin maarifçilik görüşləri” adlı elmi seminarın, Fətəli xan Xoyskinin anadan olmasının 150 illik yubileyi ilə əlaqədar “Azərbaycanın istiqlal mücahidi” adlı elmi sessiyanın keçirilməsini, “Rəqəmsal Şərqşünaslıq, Süni intellekt və elektron xidmətlər” şöbəsinin yaradılmasını qeyd etmək olar.
İl ərzində institutda elmi-tədqiqat işləri 1 elmi istiqamət, 5 problem çərçivəsində aparılıb, plan üzrə icra olunan 111 elmi-tədqiqat işinin hamısı bu il başa çatdırılıb.
Hesabat ilində İnstitutda 28 kitab çap edilib, 17 kitab çapdadır. Çap olunan kitablar sırasında akademik Ziya Bünyadovun əsərlərinin 2 cildliyini (“Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycan Atabəyləri dövləti”), akademik Gövhər Baxşəliyevanın “Книга песен” Абу-л-Фараджа ал-Исфахани и классическая азербайджанская литература” (Əbü-l-Fərəc əl-İsfahaninin “Nəğmələr kitabı” və klassik azərbaycan ədəbiyyatı), Roida Rzayevanın “Siyasәtin fәlsәfәsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya”, Səriyyə Gündoğdunun “XIX əsrdə yeni türk ədəbiyyatının yaranması və inkişafı”, Rəna Rzayevanın “Munisnamə” təsəvvüf ədəbiyyatının nümunəsi kimi”, Xuraman Əliyevanın “Aida İmanquliyeva Ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi”, Gülər Qafqazlının İstanbulda işıq üzü görən “Osmanlı-Safevi ilişkileri” (Osmanlı-Səfəvi münasibətləri), Məryəm Seyidbəyli, Elxan Quliyev və Röya Mirzəbəyovanın “Fəzlullah Nəimi və hürufilik hərəkatı”, Adil Mirabdullayevin “Azərbaycan-Qırğızıstan münasibətləri müasir beynəlxalq əlaqələr kontekstində”, Ülkər Səmədovanın “Tənzimat dövrü türk nəsrinin formalaşmasına Qərb ədəbiyyatının təsiri”, Sevinc Nuriyevanın “Şumer ədəbiyyatı və Azərbaycan” monoqrafiyalarını, Elnur Mustafayevin Azərbaycan dilində Bakıda və ərəb dilində Bağdadda nəşr olunmuş “İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)”, Günay Verdiyevanın “Professor Vilayət Cəfərov: ömür yolu, elmi irsi, yaddaşlarda qalan izi”, Zülfiyyə Vəliyeva Önlenin “Osmanlı sənədlərində Azərbaycan toponim və etnonimləri”, Rafiq Abbasovun Azərbaycan və çin dillərində “Azərbaycan-Çin: Prezident salnaməsi (2003-2025)” kitablarını, Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyini və s.-ni qeyd etmək olar. Bu il həmçinin “Mərkəzi Asiya Ölkələri: tarix, cəmiyyət və mədəniyyət” və “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” adlı məqalələr topluları, “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti sayı nəşr olunub.
2025-ci ildə institut əməkdaşlarının 400-dən artıq məqalə, məruzə və tezisi çap olunub ki, bunlardan da 50-si xaricdə, o cümlədən Türkiyə, Kanada, Qazaxıstan, Gürcüstan, İngiltərə, Vatikan, Rusiya Federasiyası, Fransa, İraq, Şimali Makedoniya, İran İslam Respublikası və s. ölkələrdə işıq üzü görüb.
İnstitut əməkdaşları 185 dəfə xaricdə və 90 dəfə Azərbaycanda keçirilən elmi konfranslarda məruzə ediblər. Bu sırada Türkiyə, Qazaxıstan, Böyük Britaniya, Almaniya, Şimali Kipr, Vatikan, Ukrayna, Avstriya, Polşa, Çexiya, Belarus, Kipr, Gürcüstan, Bosniya və Herseqovina, Fransa, Şimali Makedoniya, Tacikistan, Amerika, Latviya, Özbəkistan, İran İslam Respublikası, Qırğızıstan, Moldova, Hindistan, Rumıniya, Niderland, Kosovo, Albaniya, BƏƏ, Portuqaliya, Kuba, Rusiya Federasiyası, Filippin və s.-də keçirilən konfranslar var.
Hesabatda həmçinin 2024-cü ildə institutda xarici ölkələrdən gəlmiş alimlərlə görüşlər, o cümlədən Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin sədrinin birinci müavini Damir Muxetdinovla, Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Duken Məsimxanulinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRCİCA) sabiq baş direktoru, hazırda Tekirdağ Namiq Kamal Universitetinin rektor müşaviri Halit Eren və Beynəlxalq Tərcümə və Beynəlxalq Anlaşma üzrə Şeyx Həməd Mükafatı Fondunun icraçı direktoru Ləbib Nahhasla görüşlər, bundan əlavə keçirilən elmi konfranslar, sessiyalar, seminarlar və digər tədbirlər barədə məlumatlar yer alıb.
Hesabatda həmçinin institutda elmlər və fəlsəfə doktorlarının hazırlığı, Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının fəaliyyəti, burada həyata keçirilən elmlər və fəlsəfə doktorluğu dissertasiyalarının müdafiəsi, İnstitutun Elmi Şurasının elmi-təşkilati fəaliyyəti, təltiflər, elektron elmin vəziyyəti barədə və digər məlumatlar iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra hesabat ətrafında müzakirələr aparılıb.
İclasın sonunda AMEA İctimai Elmlər Bölməsi tərəfindən təhkim edilən AMEA-nın müxbir üzvü Könül Bünyadzadə və AMEA-nın akademik katibi xidmətinin elm katibi Səfa Qarayev çıxış edərək, Şərqşünaslıq İnstitutunun böyük ənənələrə malik olduğunu və hesabat ilində institutda görülən işlərin Şərqin bütün problem sahələrini əhatə etdiyini söyləyib, institutun 2025-ci ildəki fəaliyyətini müsbət qiymətləndiriblər.
