AZƏRTAC Elnur Mustafayevin səfər təəssüratlarını təqdim edir.
E.Mustafayev bildirib ki, Misir ərazisinin böyüklüyünə görə dünyanın 29-cu, əhalisinin sayına görə isə 14-cü ölkəsidir. Onun sözlərinə görə, Misirin beynəlxalq əhəmiyyəti yalnız böyük ərazisi və insan resursu ilə məhdudlaşmır. Bu ölkə həm də qədim tarixi, zəngin və orijinal mədəniyyəti ilə seçilir. Misir ən qədim sivilizasiyaların qovuşduğu, müxtəlif ümumbəşəri mədəni proseslərin formalaşdığı nadir coğrafi məkanlardan biridir. Bu mənada Misiri ilk insan sivilizasiyasının əsas qaynaqlarından biri kimi dəyərləndirmək olar. Bəzi mənbələrdə Misirin “dünyanın anası” kimi təqdim olunması da təsadüfi deyil.
Səfər çərçivəsində E.Mustafayev “Misir Milli Kitabxanası və Arxivləri” mərkəzində müəyyənləşdirilmiş istiqamətlər üzrə araşdırmalar aparıb. O qeyd edib ki, Qahirədə Nil çayının sahilində yerləşən bu kitabxana 1870-ci ildə Osmanlı təbəəsi Xüdeyvilər dövlətinin beşinci hakimi İsmayıl Paşanın tapşırığı ilə təsis olunub və Misirin ən zəngin kitabxanalarından biridir. Əlyazmalar fondunda 60 mindən çox qədim əlyazma (ərəb, türk, fars və digər dillərdə) qorunur: “Tədqiqat zamanı Azərbaycan alim və ədiblərinə məxsus onlarla əlyazmanın burada mühafizə edildiyini müəyyən etdim. Nizami, Füzuli, Xətai kimi klassiklərlə yanaşı, Azərbaycan elminə hələ kifayət qədər məlum olmayan bir sıra orta əsr alimlərinin əlyazmaları da təsbit etdik”. Onun sözlərinə görə, İslamın ilk əsrlərindən başlayaraq Xətib Təbrizi, Musa Şəhəvat, Şihabəddin Sührəverdi, Əbu Əli Marağayi, Əbu Həfs Gəncəvi, Məkki ibn Əhməd ibn Hüseyn Bərdəi, Əbu Abdulla Marağayi, Əbül-Hüseyn Ərdəbili, Əbu Səd Urməvi, Əbu Abdullah Məhəmməd Bakuvi, Seyid Yəhya Bakuvi, Musa Səlmasi və yüzlərlə Azərbaycan alim və şairinin əsərləri Şərq ölkələrinin şəhərlərində geniş yayılıb və ali təhsil ocaqlarında dərs vəsaiti kimi istifadə olunub. Bəhmənyar, Əbul-Qənaim Urməvi, Əbu Həfs Zəncani, Əbdül-Məlik Beyləqani, Hüseyn Təbrizi, Mənsur ibn Mümkan Təbrizi, İsmayıl Gəncəvi, Əbu Nəsr Əhməd Tusi kimi alim və ədiblərin yaradıcılığı isə Şərq mədəniyyətinin və dünya elminin inkişafına mühüm təsir göstərib.
Alim vurğulayıb ki, dünyanın, xüsusilə də Şərq ölkələrinin kitabxana və muzeylərində, eləcə də Misirdə Azərbaycan alim və ədiblərinin əsərlərindən ibarət zəngin əlyazma kolleksiyaları saxlanılır. Həmin nümunələrin əldə olunması, tədqiqatlara cəlb edilməsi və onların Vətən elminə qazandırılması mədəniyyət tariximizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.
E.Mustafayev bildirib ki, gələcəkdə Azərbaycanın sərhədlərini aşan maddi-mədəni irsin, xüsusilə yazılı abidələrin müəyyənləşdirilməsi, orijinal və ya köçürülmüş nüsxələrinin, həmçinin elektron variantlarının ölkəyə gətirilməsi, sonrasında isə onların alimlər tərəfindən elmi dövriyyəyə daxil edilməsi olduqca vacibdir.
