Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda “Azərbaycan elminin bayraqdarı” mövzusunda elmi konfrans keçirilib

05 Noyabr 2025

Noyabrın 5-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda AMEA-nın 80 illiyinə həsr olunmuş “Azərbaycan elminin bayraqdarı” mövzusunda elmi konfrans keçirilib.



Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva qeyd edib ki, elm - insan zəkasının ən böyük nailiyyəti, millətin varlığının təminatçısıdır. Hər bir dövlətin inkişafının əsasında onun elmi, intellektual kapitalından düzgün istifadə etməsi və bütün bunların sayəsində əldə etdiyi yüksək nailiyyətlər durur. Zəngin tarixə malik Azərbaycan elminini inkişafında Azərbaycan Milli Elmlər Akademiyasının xüsusi yeri olduğunu deyən akademik G.Baxşəliyeva ölkəmizdə elmin sürətli inkişafının Azərbaycan Respublikasına rəhbərlik etdiyi həm sovet dövründə, həm də müstəqillik illərində elmə böyük qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyərək, Ulu Öndərin elmə verdiyi yüksək dəyərin göstəricisi olan sözlərini xatırladıb: “Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq”.

Elmə böyük qayğı göstərən İlham Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlər, imzadığı sərəncamlar barədə danışan akademik dövlət başçısının 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında “Elm günü” təsis edildiyini vurğulayıb.

AMEA-nın ötən 80 ildə nailiyyətlərindən bəhs edən akademik G.Baxşəliyeva 67 illik mövcudluğu dövründə Şərqşünaslıq İnstitutunun da elmimizə böyük töhfələr verdiyini qeyd edib. O, akademik Əbdülkərim Əlizadənin mətnşünaslıq, akademik Ziya Bünyadovun mediyevistika, akademik Həmid Araslının türkologiya, professor Aida İmanquliyevanın ərəbşünaslıq, professor Rüstəm Əliyevin iranşünaslıq məktəblərinin yarandığını, bu gün institutda çalışanların əksəriyyətinin bu böyük alimlərin bilavasitə şagirdləri və davamçıları olduğunu bildirib.

Şərqşünaslıq İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Verdiyeva konfransda “AMEA-da şərqşünaslıq elminin inkişafı: istiqamətlər, simalar, əsərlər” mövzusunda məruzə edib. Azərbaycan Milli Elmlər Akademiyasında şərqşünaslıq elminin inkişafının XX əsrin ikinci yarısından  başladığını deyən G.Verdiyeva bu istiqamətdə əsas elmi tədqiqatların AMEA-nın Şərqşünaslıq İstitutunda aparıldığını deyib. Ötən əsrin 60-80-ci illərində Şərq ölkələri tarixinin, iqtisadiyyatının, ədəbiyyatının, dilinin və mədəniyyətinin öyrənilməsi sahəsində böyük xidmətləri olan alimlərdən söz açan məruzəçi onlarınin qoyduqları ənənənin bu gün də davam etdirildiyini, şərqşünaslığın yeni elmi yanaşmalarla zənginləşdirildiyini vurğulayıb.

İnstitutunu şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova “Azərbaycanın elm tarixində AMEA-nın şərqşünas alimlərinin rolu” mövzusunda məruzə edib. Məruzədə Azərbaycanın zəngin və qədim elm tarixinə adları qızıl hərflərlə həkk olunmuş şərqşünas alimlərin elmi yaradıcılığından bəhs edilib. Məruzəçi yeni dövr Azərbaycan şərqşünaslığının tanınmış ismləri – milli mətnşünaslıq məktəbinin görkəmli nümayəndəsi Tahir Məhərrəmov, ərəbşünas professor Vilayət Cəfər, türkoloq Aydın Abıyev və digərlərinin həyatı və elmi irsi haqqında məlumat verib.

İnstitutun elmi işçisi Solmaz Namazova konfransda "Azərbaycan Milli Elmlər Akademiyası: Tarixi inkişaf və müasir elmi yeniliklər" mövzusunda məruzə edib. Məruzədə Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixi, elmi fəaliyyət istiqamətləri və inkişaf mərhələləri işıqlandırılıb. Akademiyanın elmin müxtəlif sahələrinin formalaşmasında və elmi kadrların yetişdirilməsində oynadığı mühüm rol vurğulanıb. Eyni zamanda, müasir dövrdə AMEA-da süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal transformasiya və innovativ elmi layihələrin həyata keçirilməsi kimi yeniliklərdən bəhs olunub. Çıxışda Azərbaycan elminin tarixi irsi ilə müasir texnoloji inkişafın qarşılıqlı əlaqəsi diqqət mərkəzində saxlanılıb.  

Download Template Joomla 3.0 free theme.