Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ERMƏNİLƏRİN XALQIMIZA QARŞI TÖRƏTDİKLƏRİ SOYQIRIMLA BAĞLI KİTABLARIN TƏQDİMATI KEÇİRİLİB

28 Mart 2018

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan xalqına qarşı ötən əsrin əvvəllərində həyata keçirilən soyqırım ilə bağlı yeni faktların üzə çıxarılması istiqamətində əhəmiyyətli işlər görülür. İnstitutun əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların, hazırladıqları və ya tərcümə etdikləri kitabların Arazın hər iki tayında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu var. Bütün bunları toplum şəklində ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli 3587 nömrəli Sərəncamı ilə əlaqədar martın 28-də Şərqşünaslıq İnstitutunda son illərdə soyqırımla bağlı nəşr edilmiş kitabların təqdimatı keçirildi. Tədbirdə Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Türkiyə, Fransa, İran və Rusiyadan  alimlər iştirak edirdi.



Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva şərqşünas alimlərin erməni vəhşilikləri, törətdikləri amansız soyqırımı aktları barədə həqiqətləri, onların əsassız iddialarını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində gördükləri işləri yüksək qiymətləndirərək, bütün bu işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.

2011-ci ildə Ankarada Strateji Araşdırmalar Mərkəzi tərəfindən ingilis dilində nəşr edilən "Armenian allegations and historical facts. Questions and answers" kitabı akademik Gövhər Baxşəliyeva tərəfindən dilimizə tərcüm edilərək, tərcüməçinin ön sözü ilə 2016-cı ildə ölkə ictimaiyyətinə çatdırılıb. Bu kitab son vaxtlar qondarma erməni "soyqırımı" ilə bağlı avantüraların yenidən dünya gündəminə gəlməsi ilə bağlıdır. Real tarixi faktları görməzdən gələrək, heç bir əsası olmayan saxta "dəlillərlə" beynəlxalq ictimaiyyətin mövqeyini çaşdırmağa yönələn bu kimi bədnam kampaniyalara qarşı addım olaraq, əsl həqiqətlərin daha geniş miqyasda təbliğinə zəruri ehtiyac yaranır. "Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar" kitabı bu baxımdan erməni yalanlarına qarşı mübarizədə əsas vasitələrdən biri hesab oluna bilər.

Azərbaycan və rus dillərində Milli Məclis tərəfindən çap olunmuş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” kitabının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Hikmət Əkbərov tərəfindən edilən ərəbcəyə tərcüməsi bu il işıq üzü görüb. Kitabda bu günədək davam edən və Qafqaz regionunda gərginliyə səbəb olan Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edilir. Bu tərcümə münaqişə barədə həqiqətlərin ərəb dünyasına çatdırılmasında böyük rol oynayacaq.

Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Emiliya Xəlilovanın 2016-cı ildə türk dilindən tərcümə edərək nəşr etdirdiyi “Türk mətbuatında “erməni məsələsi” kitabında ötən əsrin birinci yarısında Zəki Başarın, Camal Paşanın, Kazım Qarabəkirin, Tverdoxlebovun, Xoreşenovun və b.-nın ermənilər haqqında məqalələri toplanıb. Müəlliflər şəxsən özlərinin şahidi olduğu hadisələri qələmə alıblar. Ermənilərin türklərə qarşı qanlı cinayətlər və qırğınlar törətmələri, verdikləri işgəncə və zülmlər, tarixi həqiqətlər və sübut olunmuş faktlar əsasında yazılıb.

Daha bir əhəmiyyətli iş görkəmli İran tarixçisi Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabının fars dilindən dilimizə tərcüməsidir. Kitabdakı çoxsaylı tarixi faktlar bu gün İrəvanı özünə paytaxt etmiş ermənilərin tarixi keçmişi bilərəkdən təhrif edib saxtalaşdırmalarına tutarlı elmi cavabdır.

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının "İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” adlı kitabı da 2016-cı ildə çap olunub. Əsərdə İranın Qafqaz siyasətində Dağlıq Qarabağ probleminin həlli istiqamətində öz milli və regional maraqları çərçivəsində atdığı addımlar İran-Ermənistan, İran-Azərbaycan münasibətləri fonunda, eyni zamanda da regionda maraqları təmsil edilən Rusiya və ABŞ kimi super güc dövlətlərin nüfuz dairələri nəzərə alınmaqla müqayisəli təhlil əsasında açıqlanıb.

1918-ci ildə ermənilərin Şimali Azərbaycanın müxtəlif bölgələrində - Bakıda, Qubada, Şamaxıda, Qarabağ-Zəngəzurda, Göyçayda, Cavadda, Ərəşdə törətdikləri soyqırımlar Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidinin çoxsaylı kitablarında əksini tapıb. S.Rüstəmova-Tohidi 1918-ci ildə ermənilərin azərbaycan­lılara qarşı törətdikləri soyqırım və terror hadisələrini ori­jinal arxiv materialları əsasında işıqlandıran bir neçə sanballı kitab hazırlayıb, Azərbaycan, rus, ingilis, türk dillərində çap etdirib. Onların arasında “Маrt 1918. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə” (Bakı, 2009), “1918-ci il Quba hadisələri - Azərbaycanın müsəlman əhalisinin kütləvi məhv edilməsi planlarının tərkib hissəsi kimi. Müsəlmanların soyqırımı sənədlərdə. Sənədlər toplusu” (Bakı, 2010), “1918-ci il Azərbaycanlıların soyqırımı foto və sənədlərdə” (Bakı, 2012), “Şamaxı. 1918-ci il mart-iyul. Azərbaycanlıların soyqırımı sənədlərdə (2 cilddə)” (Bakı, 2013), “Göyçay, Cavad, Ərəş (Azərbaycanlıların soyqırımı sənədlərdə)” (Bakı-2017), “Qarabağ-Zəngəzur – 1918 (Azərbaycanlıların soyqırımı sənədlərdə)” (Bakı-2018) və digərlərinin adını çəkmək olar. Həmçinin S.Rüstəmova-Tohidinin təqdimatında “Əlimərdan bəy Topçubaşov. Bakı hadisələrində erməni faktoru – 1905-1906 və 1918-ci illər (Paris arxivinin sənədləri)” (Bakı-2018) kitabını da xüsusi qeyd etmək olar.

Cənubi Azərbaycanda ermənilərin törətdikləri soyqırımı ilə bağlı Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əməkdaşları tərəfindən bir sıra kitablar yazılıb, iranlı müəlliflərin bu mövzuda əsərləri fars dilindən tərcümə edilib.

Görkəmli İran tarixçisi Səməd Sərdariniyanın “Arazın hər iki tayında müsəlmanların soyqırımı” kitabında erməni quldur dəstələrinin rus və ingilis hərbi qüvvələrinin köməyinə arxalanaraq Türkiyə, İran və azərbaycan ərazilərində çoxsaylı cinayət törətmələri, müsəlman kənd və şəhərlərini xarabazara çevirmələri, yüz minlərlə günahsız insanların qətliamını təşkil etmələri tutarlı sənədlər və mənbələr əsasında açılıb göstərilir.

Digər İran müəllifi Tohid Məlikzadənin “Güney Azərbaycan I Dünya müharibəsi illərində” adlı əsərində 1914-1919-cu illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımdan bəhs olunur. Müəllif əsəri yazarkən əsasən Osmanlı arxivlərindən, həmçinin xatirələrdən, rəsmi məktublardan və həmin dövrə aid olan qəzet materiallarından da istifadə edib.

Şərqşünaslıq İnstitutunun əməkdaşı Həsən Səfərinin farsdilli mənbə və qaynaqlar əsasında yazdığı “Cənubi Azərbaycanın: 1918-ci il soyqırımı” monoqrafiyasında Cənubi Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas, eləcə də ətraf qəsəbə və kəndlər) birləşmiş erməni-aysor silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırım törətməsi araşdırılaraq təhlil edilib.

Cənubi Azərbaycandan olan tədqiqatçı Hüseyn Əlizadənin (Barış Mərəndli) İranın internet saytlarında yayımladığı “21 Azər” soyqırımı (1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar)” əsərini Şərqşünaslıq İnstitutunun əməkdaşı Saleh Dostəliyev fars dilindən Azərbaycan dilinə tərcümə edib və müvafiq kitab 2017-ci ildə çap olunub.  Kitab Pəhləvi şah rejimi dövründə İranda öz milli və mədəni hüquqlarını qorumaq uğrunda mübarizəyə qalxmış və Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə 12 dekabr (şəmsi təqvimi ilə “21 Azər” günü) 1945-ci il tarixində Milli Hökumət  qurmuş xalqımıza və onun vətənpərvər övladlarına qarşı 1946-1947-ci illərdə rejim tərəfindən soyuqqanlıqla və qəddarlıqla törədilən  kütləvi qırğınlar, qətl və qarətlərin tarixi təhlilinə həsr edilib.

Tədbirdə daha sonra 1918-ci ilin martında Azərbaycanın müxtəlif bölgələrində ermənilər tərəfindən törədilən soyqırımı hadisələri ilə bağlı çoxsaylı kitabların müəllifi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi çıxış edərək hazırladığı kitablar və onlarda təqdim edilən sənədlərin araşdırılması prosesi barədə ətraflı məlumat verdi.

Cənubi Azərbaycanda 20-ci əsrin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilən soyqırımına aid kitablar barədə Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə danışdı.

Daha sonra tədbirdə iştirak edən xarici qonaqlar çıxış etdilər. Tanınmış rusiyalı politoloq, hüquqşünas Oleq Kuznetsov 1918-ci il 31 mart soyqırımını hüquqi müstəvidə dəyərləndirdi. Fransadan gəlmiş alim Georgi Mamuliya, türkiyəli alim Yavuz Aslan, rusiyalı alim Boris Hatsiyev çıxış edərək, ermənilərin müxtəlif dövrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımını qınadılar və Şərqşünaslıq İnstitutunun bu hadisələrin ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini, institutda çap olan nəşrləri yüksək dəyərləndirdilər.

Tədbir iştirakçıları ermənilərin törətdikləri soyqırımına aid Şərqşünaslıq İnstitutunda nəşr olunmuş kitablarla tanış oldular.

 

 

 

Download Template Joomla 3.0 free theme.