Professor məruzəsində qeyd edib ki, modernləşmə prosesinin siyasi komponenti bilavasitə sosial-iqtisadi inkişafla bağlıdır. Buna uyğun olaraq iqtisadiyyatın fəlsəfəsi də dəyişir. Bu gün cəmiyyətlərin inkişaf modellərinin transformasiyaların sürətləndirilməsində və ümumilikdə sosial-iqtisadi inkişaf planlarında inklüziv inkişaf məsələləri diqqət mərkəzindədir.
Vurğulanıb ki, inklüziv inkişaf yeni inkişaf vasitələrindən biridir və müasir şəraitdə dövlət idarəçiliyinin mexanizmi, cəmiyyətin inkişafına təkan verən innovativ metod kimi qiymətləndirilir.
Alim qeyd edib ki, belə qənaətə gəlmək olar ki, müxtəlif ölkələrdə mövcud maliyyə və insan resurslarından istifadənin səmərəliliyi, onların iqtisadi imkanlarından daha çox dərəcədə davamlı inklüziv inkişaf cəmiyyətinin qurulması prosesində uğuru şərtləndirir. Bu gün sosial-iqtisadi model millətin intellektual resurslarından və potensialından səmərəli istifadə etməkdən asılıdır.