Gimnaziyanın direktoru İlqar Talıbov iştirakçıları salamlayaraq tədbiri açıq elan edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ARTİ-nin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov “Şuşanın tarixi-mədəni irsi: tarixi abidələrin şagirdlərə öyrədilməsi imkanları” mövzusunda təqdimatla çıxış edərək Şuşanın yaranma tarixi, milli-mədəni irsinin formalaşması və elmi-pedaqoji əhəmiyyətindən bəhs edib.
Daha sonra AMEA-nın əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Sübhan Talıblı “Şuşanın tarixi-mədəni irsi xarici tədqiqatçıların əsərlərində” və Elnur Mustafayev isə “Şuşanın tarixi məsələləri epiqrafik abidələr işığında” mövzularında təqdimatlarla çıxış ediblər.
Dəyirmi masada gimnaziyanın 9-cu sinif şagirdləri Cavad Cəfərli və Ağayar Eminli, 6-cı sinif şagirdləri Lalə Həsənova və Cəmilənur Günəş öz təqdimatlarında Şuşanın tarixi-mədəni irsinin qorunmasını gələcək nəsillərin də başlıca vəzifələri kimi qiymətləndiriblər.
Dəyirmi masada təqdimatlar ətrafında geniş müzakirələr aparılıb. ARTİ-nin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin əməkdaşları Nigar Muradova və Mətanət Qurbanova keçirilən tədbirin tərbiyəvi əhəmiyyətindən bəhs ediblər.
Dəyirmi masanın sonunda gimnaziyaya elmi ədəbiyyatlar hədiyyə olunub.