M.D.Kazımov 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra 1976-1977-ci illərdə İranda mütərcim kimi çalışmışdır. 1977-ci ildən Azərbaycan Emlər Akademiyasında əvvəlcə ictimai elmlər üzrə Elmi informasiya mərkəzində, sonralar AEA-nın Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərmişdir. Kiçik elmi işçi, elmi katib, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1981-ci ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1994-cü ildən professordur. 1988-ci ildən fəaliyyətini Azərbaycan Dövlət Universitetində davam etdirmişdir. Hal-hazırda Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiridir. Mehdi müəllim kollektivin hörmətini, sevgisini qazana bilmiş bir rəhbərdir. Gənclərin elm sahəsində irəliləməsi üçün onları daim təşviq edən, ruhlandıran bir alimdir.
Prof. M.D.Kazımov farsdilli ədəbiyyat, müqayisəli ədəbiyyatşünaslıq, nizamişünaslıq, mənbəşünaslıq sahələrində tanınmış və aparıcı mütəxəssislərdəndir. Orta əsrlər yaradıcılıq üslubunun, normativlik və yaradıcılıq fərdiyyəti nisbətinin, şərq ədəbiyyatlarının janr sisteminin, poetikanın fundamental problemlərinin araşdırılmasında onun xidmətləri təqdirəlayiqdir. O, nəinki İranın, eləcə də Azərbaycan, Hindistan, Əfqanıstan,Tacikistan və başqa ölkələrin şair və mütəfəkkirlərinin yaradıcılığı ilə məşğul olmuşdur. Cəmali Təbrizi, Ruhələmin Şəhristani, Əhməd Dehdar və başqalarının adı və əsərləri ilk dəfə elmi ictimaiyyətə məhz onun tərəfindən tanıtdırılmışdır.
Müqayisəli ədəbiyyatşünaslıq sahəsində farsdilli ədəbiyyatın regionunda bir sıra janr formalarının tipologiyasının aşkarlanmasında prof. M.D.Kazımovun səyləri az olmamışdır.
Nizamişünaslıq problemləri prof. M.D.Kazımovun xüsusi elmi maraq dairəsini təşkil edir. Böyük Azərbaycan şairi Nizaminin, eləcə də onun çoxsaylı müaqiblərinin yaradıcılığı alim tərəfindən tədqiq edilmişdir. Nizaminin rolu Şərq ədəbiyyatı və mədəniyyətində geniş tarixi və bədii mühitdə göstərilmişdir. Nizami poetik məktəbinin məsələləri xüsusi qeyd olunmuş, nəzirə kimi hadisənin məziyyətləri, onun bədii-estetik və fəlsəfi əsasları öyrənilmişdir.
Mehdi Kazımov tərəfindən XV əsrin əvvələrində ilk dəfə Nizaminin “Xəmsə”sinə nəzirə yazan Azərbaycan şairi Cəmali Təbrizinin əsərləri təhlil olunmuş, bu dövrdəki Azərbaycanın tanınmış şairlərindən biri Əşrəf Marağayinin eləcə də XIV-XVIII əsrlərin şairlərindən Əmir Xosrov Dəhləvi, Abdulla Hatifi, Əbdibəy Şirazi, Fani Kəşmiri və başqalarının məsnəviləri araşdırılmışdır.
Bir alim üçün tədqiq etdiyi sahənin müxtəlif dövrlərini paralel şəkildə təhlil süzgəcindən keçirtmək, əski dövr ilə müasir dövrün tendensiyalarını araşdırmaq və beləliklə də Şərqin zəngin ənənələrini yaşatmaq olduqca böyük əmək və səbr tələb edir. Mehdi müəllimin tədqiqatlarında biz həm əski ədəbiyyatı, həm də yenini öyrənirik. Onun şərqin ən geniş və son dövrlərdə olduqca populyar olan dini-mistik cərəyanı sufizmlə bağlı elmi tədqiqatları bu cərəyanın Şərq ədəbiyyatına təsirinin öyrənilməsi sahəsində böyük əhəmiyyət kəsb edir. 2001-ci ildə onun çapdan çıxan “Sufi təfəkkürü tarixindən” adlı kitabında XI-XIII əsrlərdə yaranmış üç sufi əsəri olan Abdullah Ənsarinin “Minacat”, Nəcməddin Razinin “Eşq və əql”, Fəxrəddin İraqinin “Ləməat” əsərlərinin tərcümələri yer almışdır.
Müasir fars ədəbiyyatının tədqiqində də prof. M.D.Kazımovun xidmətləri təqdirəlayiqdir. O, müasir fars poeziyası sahəsində sanballı araşdırma aparmış, bu poeziyanın xüsusiyyətlərini, eləcə də baş verən prosesləri hərtərəfli tədqiq etmişdir.Qeyd etmək lazımdır ki, İranın müasir ədəbiyyatının öyrənilməsi sahəsində olduqca az tədqiqat aparılıb. Bu baxımdan Mehdi Kazımovun XX əsrin son otuz ilinə təsadüf edən İran ədəbiyyatının araşdırılması sahəsindəki fəaliyyəti olduqca böyük önəm daşıyır.1979-1990-cı illər poeziyasının əsas tendensiyalırını üzə çıxaran Mehdi Kazımov həm nəzəri, həm də praktiki cəhətdən sanballı bir əsər ortaya qoymuşdur.
Prof. M.D.Kazımov mənbəşünaslıqla da məşğuldur. O, orta əsrlər İran və Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətində böyük əhəmiyyəti olan qiymətli əlyazma və mənbələrin tərcümələrinin müəllifidir. Bunların sırasına Əbu Bəkr əl-Qütbi əl-Əhərinin “Tarix-e şeyx Uveys”, Həmdullah Qəzvininin “Zeyl-e tarix-e qozide”, Zeynəddinin “Zeyl-e tarix-e qozide”, Məhəmməd bin Münəvvərin “Əsrar ət-touhid”, Nəcməddin Razinin “Mirsad əl-İbad” kimi əsərləri daxildir. Bir çox hallarda bu əlyazma və mənbələr İran və Azərbaycanın hadisələrlə zəngin olmuş XIV əsr mənzərəsini təsvir etmək imkanı yaradır.
Prof. M.D.Kazımov 14 kitab, 160-dən çox (15-i xaricdə) elmi məqalənin müəllifidir.
Onun rəhbərliyi altında 10-dan çox doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur.
Prof.M.D.Kazımov dəfələrlə Rusiyada, Türkiyədə, İranda, Şimali Kiprdə, Özbəkistanda, Tacikistanda, keçmiş SSRİ-nin bütün şərqşünaslıq mərkəzlərində keçirilmiş elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir.
1987-ci ildə Britaniya Akademiyasının dəvəti ilə Böyük Britaniyada elmi ezamiyyətdə olmuşdur. Burada o, müxtəlif kitabxanalarda saxlanılan azərbaycanlı yazıçı, şair, mütəfəkkirlərin bir neçə qiymətli əlyazmalarını üzə çıxarmış, Edinburq şəhərindəki İslam Tədqiqatları Universitetində seminar aparmışdır.
1994-cü ildə ABŞ-ın “Ayreks” təşkilatı tərəfindən keçirilmiş müsabiqənin Respublika üzrə qalibi seçilmiş və 1995-ci ildə ABŞ-ın Sietl şəhərindəki Vaşinqton Universitetində elmi ezamiyyətdə olmuş, orada məruzələrlə çıxış etmişdir. 2016-cı ildə Moskva şəhərində keçirilmiş “İlin kitabı: İslam və İran rusdilli məkanda” birinci beynəlxalq müsabiqədə M.D.Kazımovun “Mirsad əl-İbad” mənbəsinin izahlı tərcüməsi üçüncü yerə layiq görülmüşdür.
2009-cu ildə elm və təhsil sahəsində göstərdiyi xidmətlərə görə “Tərəqqi” medalı, 2023-cü ildə Azərbaycan Respublikası “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
Qeyd etməliyəm ki, elmi fəaliyyəti ilə yanaşı, Mehdi müəllim tədrisin təşkilində də yaxından iştirak edərək, Şərqşünaslıq fakültəsinin metodik şurasının sədri olaraq fəaliyyət göstərmiş, fakültədə keçirilən dərslərdə iştirak edərək, tədris prosesinin düzgün və effektiv təşkili üçün səy göstərmişdir.
Azərbaycan Respublikasının Pakistan Respublikası ilə dostluq-qardaşlıq münasibətlərinin möhkəmlənməsi sahəsində də Mehdi müəllimin xidmətləri az deyil. Onun rəhbərlik etdiyi Orta Şərq dilləri və ədəbiyyatı kafedrasında Urdu dili də tədris olunmaqdadır. Urdu dilinin öyrənilməsi Azərbaycan-Pakistan əlaqələrinin gələcəkdə də inkişaf etdirilməsi naminə urdu dili üzrə yüksək ixtisaslı kadrların yetişdirilməsində əhəmiyyət kəsb edir. Şərqşünaslıq fakültəsi tarixində Urdu dili üzrə ilk natiqlik yarışı da məhz Mehdi müəllimin rəhbərliyi altında təşkil olunmuş, tələbələr öz biliklərini yüksək səviyyədə nümayiş etdirmişlər.
Mehdi müəllimin Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azerbaijani Oriental Studies in the Context of East-West” beynəlxalq konfransında özünün yüksək elmi səviyyəli “Orta əsr sufizm nəsrinin xüsusiyyətləri” mövzusundakı məruzəsi konfransa qatılan xarici alimlərin böyük marağına səbəb olmuş, məruzədə qeyd olunan yeni fikirlərin əhəmiyyəti yüksək qiymətləndirilmişdi.
Daim elmi axtarışlar içində olan professorun kabinetinə nə vaxt daxil olsaz, onu yeni bir məqalənin, elmi araşdırmanın üzərində çalışdığını görərsiz. Mehdi müəllimin 2023-cü ildə nəşr olunmuş məqalələr toplusu kitabı alimin illərlə apardığı elmi fəaliyyətinin bəhrəsidir. Məqalələr gələcəyin şərqşünaslarına bu olduqca maraqlı və çətin sahədə atacaqları addımlarda işıq tutur, onları ruhlandırır. Kitabda professorun orta əsr Azərbaycan ədəbiyyatında Nizamişünaslığın problemləri, Firdovsi, Təbrizi, Cəmali kimi klassiklərin yaradıcılıqlarının qaranlıq qalan məqamlarına toxunulmaqdadır.
Professor Mehdi Kazımov Ziya Bünyadov, Vasim Məmmədəliyev, Mübariz Əlizadə, Aida İmanquliyeva kimi klassik Azərbaycan şərqşünaslığı məktəbinin nümayəndəsi kimi Azərbaycan şərqşünaslığına olduqca əhəmiyyətli töhfələr vermiş bir alimdir. Ümid edirəm ki, professor gələcəkdə də şərqşünaslığın hələ bir çox tədqiq olunmamış sahələri üzrə öz sözünü deyəcək, öz təcrübəsi ilə minlərlə gəncə yol göstərəcək. Bu yolda Mehdi müəllimə sonsuz uğurlar arzulayıram!
Aydan Xəndan,
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı