Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Qarabağla bağlı elmi-tədqiqatlar uğurla aparılır

15 Avqust 2024

AMEA Şərqşünaslıq İnstitutunun  şöbə müdiri, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Mustafayev: “Qarabağda inkişaf etmiş ekoturizm marşrutları yaratmaq işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafına töhfə ola bilər”

 

İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır.

Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.

Müsahibimiz AMEA Şərqşünaslıq İnstitutunun  şöbə müdiri, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Kərim oğlu Mustafayevdir.

- Azad edilmiş ərazilərimizdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması ölkəmizdə "yaşıl artım" prinsiplərinə əməl olunması baxımından da əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

- İşğaldan azad edilmiş ərazilərlə bağlı Prezident cənab İlham Əliyevin irəli sürdüyü iqtisadi inkişaf kursunda bu regionun “yaşıl enerji" zonasına çevrilməsi prioritet məqsəd və istiqamətlərdən biri hesab olunur. Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilib. Sözügedən tədbirlər planına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl” texnologiyaların və enerji səmərəliliyin tətbiqi ilə yanaşı, bir çox ümumi enerji infrastrukturuna və sahənin inkişafına müsbət təsir edəcək tədbirlər nəzərdə tutulub. Eyni zamanda bu tədbirlər planındakı öhdəliklər, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması məsələsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin müzakirəsi məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 3 avqust tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl Azərbaycanın işğaldan azad olunmuş ərazilərində cari ilin aprel ayına qədər ümumi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 250-dən çox evdə günəş paneli, ictimai və sosial binalarda ümumi gücü 1000 kVt-dan çox olan günəş enerjisi sistemləri, 2 500-ə yaxın LED lampalarla təchiz olunub və günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, habelə “ağıllı dayanacaq”lar, elektrik doldurma məntəqələri quraşdırılıb.

Qısa zaman kəsiyində işğal olunmuş ərazilərdə bu cür böyük və əməli işlərin görülməsi, bir daha Azərbaycan dövlətinin “yaşıl enerji” zonasının yaradılmasına və ekoloji mühitin qorunmasına ayırdığı diqqətin əyani göstəricisidir. Texnologiya və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi qrupu yaradılıb.

Bu məqsədlə, yəni “yaşıl enerji” zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulub.

- Haqqında danışdığımız mövzuda elmi tədqiqatlar necə aparılır? Elmi müstəvidə bu sahədə həyata keçirilən fəaliyyətlə bağlı hansı fikir və təklifləriniz ola bilər?

- 2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman və peşəkar ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsi Azərbaycanın Qarabağda başladığı və 44 gün ərzində aparılan Vətən müharibəsindəki uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu.

Bundan əlavə, 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri ilə rəşadətli ordumuz tərəfindən torpaqlarımızın azad edilməsi başa çatdırıldı. Bununla Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam təmin etməklə yanaşı, ermənilərin 200 ildir həyata keçirdikləri işğalçılıq siyasətinə son qoydu.

Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycan tarixi və mədəniyyəti üçün xüsusi məna kəsb edirdi. Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindəndir. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 7 may sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı, 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci ilin "Şuşa ili", 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı, o cümlədən 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında 2024-cü il üçün islam dünyasının mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan elmi qarşısında böyük vəzifələr qoymuşdur. Belə ki, bu mühüm vəzifələrdən biri də işğaldan azad olunmuş ərazilərin bütün istiqamətləri ilə elmi əsaslarla öyrənilməsi və tarixi Azərbaycan torpaqlarında fundamental, sistemli və ardıcıl tədqiqatların aparılmasıdır. Bu istiqamətdə, Şuşa şəhərinin müxtəlif yönlərdən tədqiqi və Qarabağla bağlı Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından Şərqşünaslıq İnstitutu bir sıra mühüm işləri həyata keçirmişdir və bu tədbirlər hal-hazırda da davam etdirilir. Misal olaraq, son iki il ərzində Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə «Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa», «Qarabağda tolerantlıq və multikultiralizm ənənələri (Azərbaycan modeli əsasında)» mövzularında respublika konfranslarının, həmçinin «İslam aləminin mədəniyyət mərkəzlərindən biri – qədim Şuşa» mövzusunda beynəlxalq konfransın, o cümlədən bir neçə elmi sessiyanın keçirildiyini qeyd edə bilərik. İnstitutda, həmçinin Şuşa haqqında 7 dildə, azərbaycan, ərəb, fars, türk, rus, ingilis və çin dillərində «Azərbaycanın mədəniyyət paytaxtı Şuşa» adlı buklet çap olunub. Bundan əlavə, İnstitutda çalışan şərqşünas alimlər tərəfindən müxtəlif istiqamətlər nəzərə alınmaqla Şuşanın, ümumilikdə Qarabağın tarixi və mədəniyyəti ilə bağlı bir sıra elmi tədqiqat işləri aparılır. Bu tədqiqat işlərinə misal olaraq keçən il ərsəyə gətirdiyim «Şuşanın maddi-mədəni irsi (epiqrafik abidələr əsasında)» adlı monoqrafiya əsəri qeyd etmək olar.

Qeyd etmək lazımdır ki, bütövlükdə Azərbaycan, ələlxüsus Şuşa şəhəri epiqrafik abidələrlə, inşaat kitabələri və məzar daşları üzərinə həkk olunmuş yazılarla zəngin bir məkandır. Yazılı kitabələr, üzərinə hörülmüş hər hansı bir inşaat binası və tarixi abidə haqqında ilk mötəbər qaynaqlar hesab olunur. Yazılı kitabələr abidə haqqında ilk zəruri məlumatları verməklə yanaşı, aid olduğu dövrün və ərazinin mədəniyyəti, memarlığı, ideoloji və ictimai fikri, eyni zamanda dil xüsusiyyətləri haqqında dolğun təsəvvürlər yaradır.

Təqdim etdiyimiz bu əsərdə Şuşa şəhərinin tarixinə və mədəniyyətinə məhz epiqrafik abidələr əsasında işıq salmış, bir sıra tarixi problemlərə aydınlıq gətirmişik.  Misal olaraq, bu istiqamətdə Yuxarı Gövhər ağa məscidinin həyətyanı sahəsində üzəri ərəb-fars dillərində yazılmış məzarları qeyd etmək olar. İlk dəfə tədqiqata cəlb edilən və tərəfimizdən oxunan bu yazılar XX əsrin əvvəllərində Qafqazda cərəyan edən bir çox hadisələrə işıq salır. Yuxarı Gövhər ağa məscidinin həyətində mövcud olan kiçik məzarlığa aid bir sıra epiqrafik abidələrə həkk olunmuş yazılar erməni cinayətlərini sübut edəcək mühüm məlumatları özündə ehtiva edir. Belə ki, xatirə abidələrinə ərəb-fars dillərində həkk olunmuş yazıların tədqiqi zamanı məlum oldu ki, burada dəfn olunanların mütləq əksəriyyəti 1905-ci ildə ermənilərin Şuşa şəhərində azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində həlak olan şəxslərin qəbirləridir. Məsələn, həmin xatirə abidələrindən birinin üzərində bu cür qeyd edilib: “Bu, 1323-cü il rəcəb ayının əvvəlində ermənilər tərəfindən qətlə yetirilmiş Məşədi Süleyman Kərbəlayi Rüstəm oğlunun qəbridir”.

Məzarın üzərində göstərilən tarix miladi 1905-ci il avqust ayına təsadüf edir ki, bu ildə ermənilər tərəfindən müxtəlif bölgələrdə azərbaycanlılara qarşı kütləvi qətliamlar təşkil edilmişdir. Burada vacib olan məqam isə məzarın üzərində “ermənilər tərəfindən qətlə yetirilmişdir” ifadəsinin xüsusi qeyd edilməsidir. Bu informasiyalar özü-özlüyündə erməni vəhşiliyini və mənfur düşmənin xalqımıza qarşı törətdiyi cinayətləri sübut edən əyani faktlardır.

Ümumiyyətlə, Qarabağın maddi-mədəni irsinin müxtəlif aspektlərdən öyrənilməsi problemi müasir dövrdə öz aktuallığını qoruyub saxlayır. Belə ki, işğaldan azad edilmiş ərazilərlə bağlı icra ediləcək tədqiqtlar həm işğal dövründə mədəni irsimizə dəymiş ziyanları müəyyənləşdirməyə, həm də şəhərlə bağlı əvvəllər öyrənilməmiş yeni faktların üzə çıxarılmasına imkan yaradacaqdır.

Bu mənada nəşr edilmiş «Şuşanın maddi-mədəni irsi (epiqrafik abidələr əsasında)» adlı monoqrafiya əsəri Azərbaycan xalqının ötən nəsillərinin maddi-mədəni uğurlarını dünya arenasına çatdırmaq, beləliklə dünyanın mədəni xalqları arasında onun əhəmiyyətli mövqeyini müəyyənləşdirmək baxımından kifayət qədər təsirli vasitə ola bilər. Qeyd etdiyimiz kimi, gələcəkdə müxtəlif yönlərdən çoxşaxəli elmi tədqiqatların aparılmasına, bu elmi araşdırmaların genişləndirilməsinə və əldə edilmiş nəticələrin müxtəlif dillərə tərcümə edərək dünya ictimaiyyətinə çatdırılmasına böyük ehtiyac vardır. Bununla yanaşı, yaxın gələcəkdə Xankəndi şəhərində Qarabağın tarixini və maddi-mədəni irsini özündə əhatə edən müasir tələblərə uyğun muzeyin yaradılması məqsədəmüvafiqdir.

- Bu mövzuda əsas auditoriya və hədəf qrupları üçün maarifləndirmə, təşviq və məlumatlandırma baxımından hansı sosial media layihələri həyata keçirilə bilər? Yeni media vasitələrindən yararlanmaqla təbliğat necə qurulmalıdır?

- Torpaqlarımız azad edildikdən sonra cəmiyyətimizin müxtəlif təbəqələrini əhatə edən vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılması ən zəruri məsələlərdən biridir. Bu mənada, Azərbaycan Milli Elmlər Akademiyası iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırım siyasətinin mahiyyəti, eləcə də Qarabağ həqiqətlərinin daha sistemli öyrənilməsi və dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdədir.

Nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti haqqında elmi maarifləndirmə işlərinin, həyata keçirilmiş konfransların və elmi seminarların Qarabağ həqiqətlərinin işıqlandırılması, dünya ictimaiyyətinə doğru, düzgün formada, əsaslandırılmış və sistemli şəkildə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Ancaq biz fəaliyyət konspesiyamızı müdafiə yox, bəzi hallarda hücum üzərində qurmalıyıq. Yəni, vaxtilə süni yollarla Ermənistana ilhaq edilmiş tarixi Azərbaycan torpaqlarının tələbi üzərində qurulmalıdır. Başqa ifadə ilə desək, hücumda olmaq həqiqəti üzə çıxartmaqdan ötrü daha təsirli yoldur.

Bu kontekstdə ölkəmizdə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Etiraf etməliyik ki, Azərbaycanda bu istiqamətdə mühüm işlər görülüb və görülməkdədir. Son illər xüsusən təhsil sistemində mühüm yeniliklər müşahidə edilir. Bunun da cəmiyyətimiz tərəfindən çox müsbət qarşılandığı göz önündədir. Bu çərçivədə, Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 noyabr 2023-cü il tarixili sərəncamı ilə Qarabağ Universitetinin yaradılması işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində aparılan uğurlu siyasətin çox əhəmiyyətli addımlarından biridir. Qarabağ Universitetinin təsis edilməsi ərazilərin bərpası və yenidən qurulması, milli köklərə və tarixi torpaqlara qayıdış, regionların inkişafı, idarəetmə sistemi, geosiyasət, mədəniyyət, nəqliyyat-logistika kimi müxtəlif istiqamətlərin birləşdiyi vahid quruculuq xəttində elm və təhsilin, onun ideoloji bazasının və texnoloji imkanlarının inkişafına istiqamətlənmiş tarixi qərardır. Sirr deyil ki, regionun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın sürətlənməsində də əhəmiyyətli rol oynayacaq. İlkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulan Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq.

Ümumiyyətlə, hər zaman dövlət siyasətinin əsas prioritetlərindən olan təhsilimizin inkişafı bu gün də öz aktuallığını qoruyur. Azərbaycanda təhsil sektorunun  inkişaf etdirilməsi üçün çox mühüm addımlar atılır. Ölkəmizdə bu istiqamətdə daha böyük uğurlara nail olmaq üçün proqramlar qəbul olunur. Dövlət tərəfindən qəbul olunmuş maarifləndirici proqramların siyahısına Qarabağla bağlı xüsusi dərslərin, layihələrin əlavə edilməsi gələcəkdə çox səmərəli ola bilər. Əlbəttə, son üç ildə Qarabağla bağlı müəyyən dərs proqramları hazırlanmışdır. Lakin bu kifayət etmir və gələcəkdə bu istiqamətdə daha sistemli və genişəhatəli işlərin görülməsinə böyük ehtiyac ehtiyac vardır.

- “Yaşıl artım” prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq və bununla həmin ərazilərin səmərəli reinteqrasiyasına töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Həmin bölgənin turistik potensialının yüksək olması da bildirilir. Bu baxımdan, həmin ərazilərdə ekoturizmi inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?

- Qeyd etmək lazımdır ki, son on ildə ölkəmizdə ekoturizmə maraq artıb və bu tendensiya inkişaf etmək üzrədir. Vətəndaşlarımız, hətta xaricdən gələn qonaqlar dağlara, ən ucqar yerlərə üz tutur, vətənimizin füsünkar təbiətindən zövq alırlar. Azərbaycanda ekoturizmin inkişaf etdirilməsi istiqamətində aidiyyəti orqanların qəbul etdiyi proqramlar, xüsusi maarifləndirici layihələr mövcuddur. Bununla yanaşı, təbiət qoynuna ziyarət edən yerli və xarici turistlər üçün tövsiyələr, istirahət zamanı riayət etməli olduqları qaydalar haqqında maarifləndirici işlər də müxtəlif platformalarda yüksək şəkildə aparılır.  Ümumiyyətlə, ekoloji turizm ətraf mühitə qayğını özündə şərtləndirən əsas amillərdən biridir. Turizmin bu növu dayanıqlı və çox gəlir gətirən sahədir. Tövsiyəmiz ondan ibarətdir ki, təbiətə olan səfərlərdə qayğı ilə yanaşmaq, təbiəti öyrənərək bu fəaliyyəti həyata keçirmək lazımdır. Nəzərə almaq lazımdır ki, ekoturizm ətraf mühitin qorunmasına yönəlmiş turizm növüdür. Belə bir məqamda, təbiətə qarşı ehtiyatlı olmaq, təhlükəsizlik qaydalarına riayət etmək, bir sözlə, zövq aldığımız və istirahət etdiyimiz təbiəti qorumaq hər bir turistin borcudur.

Ekoturizm xalqımızın mədəni və mənəvi irsi ilə sıx bağlıdır. Onu dövlət və xalq olaraq himayə etmək, ölkənin tanıtdırılması və ümumi mənafe naminə inkişaf etdirilməsi olduqca vacib məsələdir. Çünki 20 il əvvəl xaricdə Azərbaycanı demək olar ki tanımırdılar. Lakin dövlətimizin həyata keçirdiyi layihələr nəticəsində Azərbaycan dünyada tanındı. Bununla yanaşı, bu kimi tədbirlər sayəsində Azərbaycana gələn turistlərin həm sayı, həm də coğrafiyasi da nəzərəçarpacaq səviyyədə genişləndi. Pandemiyadan əvvəl ərəb ölkələrindən, bir Şərqi Asiya ölkələrindən milyonlarla turist ölkəmizə səfər etmişdir. 2018-ci ildə Turizm Agentliyi yaranması, bir neçə ölkədə Azərbaycan turizm nümayəndəliklərinin təsis edilməsinə görülən işlər siyahısına daxil etmək olar.

Bununla yanaşı, ekoturizm sahəsində görülməli işlər çoxdur. Təbii resurslarımızın yerləşdiyi ərazilərdə yolları təmir edərkən daş-çınqıldan istifadə etməyi tövsiyə edərdik. Çünki asfalt neftdən emal edilib, qızır və ərazilərdə hərarəti qaldırır. Bu da təbiətə və ətraf mühitə böyük ziyanlar vurur. Həmçinin, təbii resurslarımızın ətrafında yaranan turizm mərkəzləri abadlıq işlərinə diqqət yetirməlidirlər, daha çox yerli və təbii materiallardan istifadə edilməlidir.

İşğaldan azad edilmiş ərazilərə gəlincə isə bu ərazilərin ekoturizm üçün ən əlverişli dilbər guşələrimizdən biri olduğunu qeyd edə bilərik. Əlbəttə, işğal dövründə mənfur düşmənlərimiz həm təbiətimizə, həm də maddi-mədəni irsimizə böyük zərər vurmuş, bir çox hallarda təbii resurslarımız məhv edilmiş və talanmışdır. Bundan əlavə, işğaldan azad edilmiş ərazirlərdə minalanmış zonalar var. Yəqin ki, müəyyən minatəmizləmə işləri həyata keçirildikdən sonra, həmin ərazilərdə daha təhlükəsiz şərait yaranandan sonra, ekoturizmlə bağlı işlər həyata keçiriləcəkdir. Qarabağda inkişaf etmiş ekoturizm marşrutları yaratmaq işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı üçün töhfə ola bilər.

Qarabağ və ətraf rayonların turizm imkanlarından tam yararlanmaq üçün üç əsas amil təmin edilməlidir. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmini, əhalinin oraya qayıdışı və infrastrukturun yaradılması böyük əhəmiyyət kəsb edir. Yaxın gələcəkdə bütün bu məsələlər həll edildikdən sonra Qarabağın Azərbaycanın turizmində öz hegemonluğu ilə seçiləcəyi heç kimdə şübhə doğurmayacağını etiraf etməliyik. İnanıram ki, Qarabağ regional əhəmiyyətli, daha sonra dünya əhəmiyyətli ekoturizm mərkəzinə çevriləcək.

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası artıq hazırlanıb. Qəbul edilmiş yol xəritəsinə əsasən turizm məhsullarının hazırlanması həmin ərazilərdə turizm infrastrukturunun qurulması ilə paralel aparılacaq. Əlbəttə, turistlərin təhlükəsizliyinin təmin olunması ilk sırada dayanır. Əhalinin geri qayıdışı, yaşayışın və infrastrukturun bərpası ilə paralel olaraq orada turizm yerləri də yaradılacaq. İnvestisiyalar üçün artıq start verilib. Gələcəkdə Füzuli-Xocavənd-Şuşa-Laçın, Füzuli-Cəbrayıl-Zəngilan, Zəngilan-Qubadlı-Kəlbəcər-Laçın, Bərdə-Ağdam istiqamətlərində turizm marşrutlarının təşkili nəzərdə tutulur. Artıq son iki ildə “Yolumuz Qarabağadır” konsepsiyası ilə marşrutlar qurulur. Bu marşrutlarda xüsusi dəhlizlər üzərindən təhlükəsizlik məsələləri nəzərə alınaraq həyata keçirilir. Bu xüsusda, həmin dəhlizlər üzərində sanitar qovşaqların qurulması, tullantılar və qidalanma ilə bağlı məsələlərin həlli məqsədəuyğundur.

Qarabağın mövcud turizm potensialının tanıdılmasına böyük ehtiyac var. Bir az əvvəl qeyd etdiyimiz kimi turizmin iqtisadi tərəfi ilə yanaşı, tanıtım tərəfi də vardır. Turistlər həm Qarabağımızda dincələcək, təbiətin gözəlliyindən, mədəni-tarixi abidələrimizdən, yaradılmış əlverişli mühitdən zövq alacaq, həm də Ağdam, Cəbrayıl, Füzuli kimi ərazilərimizdə işğalın nəticələrini görəcəkdir. Bunun üçün eksponat kimi nümayiş olunacaq bəzi dağıdılmış tikililəri olduğu kimi saxlamaq lazımdır. Bununla yerli və xarici turistlər Qarabağın erməni barbarları tərəfindən hansı vəziyyətə salındığının, indi isə əsl sahibləri tərəfindən necə abadlaşdırıldığının əyani şahidi olacaqlar.

ikisahil.az

Download Template Joomla 3.0 free theme.