Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Akademik Gövhər Baxşəliyeva Şuşada Vaqif Poeziya Günlərində

21 İyul 2024

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva iyulun 17-19-da Şuşada səfərdə olub və Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günlərində iştirak edib.

 

Akademik G.Baxşəliyeva iyulun 19-da poeziya günləri çərçivəsində Şuşa Otel-Konqres Mərkəzində keçirilən “Məhəmməd Füzuli. Zamanın fövqündə” mövzusunda konfransda məruzə edib. O, konfransın “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində hazırlanmış tədbirlər planına əsasən təşkil edildiyini söyləyib.

G.Baxşəliyeva nəzərə çatdırıb ki, böyük şairin 530 illiyi münasibətilə AMEA-da silsilə tədbirlərlə yanaşı, şairin elmi irsinin də öyrənilməsi istiqamətində mühüm işlər görülür. Akademik dahi Füzulinin dəyərli əsərlərindən, bənzərsiz ədəbi irsindən söz açaraq, rəhbərlik etdiyi institutda son illər bu istiqamətdə aparılan elmi axtarışlardan da danışıb, Aydın Abiyevin “Füzuli vә Türkiyә poeziyası”, Şəfəq Əlibəylinin “Füzulinin farsca divanı: linqvo-poetik özәlliklәr”, Ruhəngiz Cümşüdlünün “Füzulinin әrәbcә poetik irsi” kitablarının nəşr olunduğunu, bu il “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfransın keçirildiyini diqqətə çatdırıb.

Məruzəsində əsrlər boyu müştərək müsəlman mədəniyyəti çərçivəsində inkişaf edən Azərbaycan ədəbiyyatının bu mədəniyyətin ayrı-ayrı ədəbiyyatları, o cümlədən ərəb ədəbiyyatı ilə sıx təmasda olduğunu bildirən akademik G.Baxşəliyeva müxtəlif Azərbaycan şairlərinin – istər «Leyli və Məcnun» mövzusunda məsnəvi yazanların, istərsə də qəzəl janrında qələm sınayanların – qədim ərəb şerinin ideya-məzmun və bədii-estetik xüsusiyyətlərindən qidalandığını qeyd edib. Bu gün qədim ərəb şerini, xüsusən onun üzri məhəbbət lirikasını yaxşı bildikcə, Azərbaycan ədəbiyyatının ərəb və başqa Şərq ədəbiyyatları ilə qohumluq münasibətlərini daha aydın görmək olduğunu deyən məruzəçi ilk növbədə Füzulinin «Leyli və Məcnun»da ifadə etdiyi məhəbbət konsepsiyasının üzri məhəbbət konsepsiyasına mütabiqliyinin xüsusi qeyd olunmalı olduğunu vurğulayıb. Akademik Füzulinin yaratdığı məhəbbət konsepsiyasında sufi və ümumbəşəri cəhətlərin aydın göründüyünü, «Leyli və Məcnun»un əvvəlində şairin əsərin mistik səciyyə daşıdığını və Məcnunun Leyliyə məhəbbətinin – sufi aşiqin İlahiyə məhəbbəti olduğunu bildirib.

Akademik G.Baxşəliyeva bildirib ki, Füzuli əsrlər boyu müxtəlif Şərq şairlərinin tükənməz məzmun və bədii vasitələr mənbəyinə çevrilmiş bu poeziyanı sadəcə təqlid etməyib, ona yaradıcı yanaşaraq, milli bədii ənənə ilə sintezləşdirib və xeyli təkmilləşdirərək, ecazkar sənət nümunəsi yaradıb. Füzuli üzri eşq əqidəsini və üzri poetik təfəkkürü mənimsəyib onu məhz öz qələminə məxsus dahiyanə üslubda mənalandırıb, bu poeziyaya xas olan ayrı-ayrı ideyaları, motivləri və poetik obrazları daha da dərinləşdirərək öz dühasının süzgəcindən keçirib və nəticədə ali eşq haqda öz məşhur nəzəriyyəsini yaradıb.

Akademik G.Baxşəliyeva AMEA-nın əməkdaşlarının iştirakı ilə Şuşada təşkil edilən panelə də qatılıb. Şuşa Otelinin Bülbül zalında keçirilən iclasda “Milli Elmlər Akademiyasının Qarabağnaməsi: uğurlar və qarşıda duran vəzifələr” mövzusunda müzakirə aparılıb. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Milli Elmlər Akademiyasının Qarabağnaməsi: uğurlar və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Müzakirələrdə AMEA-nın vitse-przeidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Esmira Fuad, Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Elman Quliyev və başqaları çıxış edib, fikir və mülahizələrini bildiriblər.

Akademik G.Baxşəliyeva Şuşaya səfəri çərçivəsində Molla Pənah Vaqifin Şuşa şəhərində ucaldılmış məqbərəsini, Üzeyir Hacıbəyovun, Natəvanın abidələrini ziyarət edib, Cıdır düzündə şəhid anaları ilə görüşüb.

Qeyd edək ki, Vaqif Poeziya Günləri çərçivəsində Şuşada “Füzuli Hücrələri”, “Sözün Vətəni – Qarabağ” müasir poeziya saatı, etno-caz konserti kimi tədbirlər keçirilib, “Sözün represiyası” sənədli filmi, “Vaqiflə səyahət” bədii-musiqili tamaşa nümayiş olunub.

 

Download Template Joomla 3.0 free theme.