Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ölkəmizin 90-cı illərin əvvəllərində düşdüyü siyasi və iqtisadi böhran vəziyyətindən danışaraq, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikanın ən çətin vaxtında hakimiyyətə qayıdışı nəticəsində ölkədə hərc-məcliyə, xaosa son qoyulduğunu, qeyd edib.
Akademik G.Baxşəliyeva Ümummilli Liderin qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaratdığını, ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyduğunu vurğulayıb. Akademik G.Baxşəliyeva Heydər Əliyevin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən danışaraq, ölkəmizdə siyasi sabitliyin yaranmasının, Azərbaycan ideologiyasının yaranmasının və inkişafının, respublikamızın dünya birliyinə inteqrasiyasının Ümummilli Liderin adı ilə bağlı olduğunu deyib.
Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən akademik Gövhər Baxşəliyeva, onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edib.
İnstitutun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev tədbirdə çıxış edərək Milli Qurtuluş Gününün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğunu deyib. E.Mustafayev bildirib ki, ölkənin vətəndaş müharibəsi təhlükəsi altında olduğu bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyətə qayıdan Heydər Əliyevin şəxsiyyəti, onun özünəməxsus idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyası ətrafında birləşdi.
Tədbirdə Şərqşünaslıq İnstitutunun əməkdaşlarından siyasi elmlər doktoru Adil Mirabdullayev, filologiya üzrə fəlsəfə doktoru Laura Orucova, filologiya elmləri doktoru Lalə Əhmədova və Orxan Nəcəfov çıxış edərək, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın əldə etdiyi uğurlardan danışıblar, unudulmaz rəhbərin adının tarixə əbədi həkk olunduğunu qeyd ediblər.